Amerikanın nəhəng əczazçılıq şirkətlərindən olan “Pfizer” və Almaniyanın biotexnoloji “BioNTech” firmasının əldə etdikləri koronavirusa qarşı peyvənd 90 faiz effektivdir. Bu barədə peyvəndi hazırlayan şirkətin ötən həftə elan etdiyi açıqlamasından sonra dünyada dərmanın necə paylaşılacağı ilə bağlı müzakirələr başlayıb.
Türkiyə mediasının yazdığına görə, şirkət 2021-ci ilin sonuna qədər təxminən 1,5 milyard doza peyvənd istehsal edəcəyini açıqlayıb.
Peyvənd təsdiqlənəcəyi halda, Azərbaycan da peyvəndi ilk alanların sırasında olacaqmı?
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, hazırda 200-ə yaxın namizəd peyvənd inkişaf mərhələsindədir. Bunlardan 45-i insan üzərində sınaqdan keçirilir. Təxminən 10-u üçüncü sınaq mərhələsindədir və ya daxil olmaqdadır.
Qeyd olunub ki, birinci və ikinci mərhələdə olan bir neçə namizəd peyvənd qarşıdakı 2 ay ərzində üçüncü mərhələyə daxil olacaq: “Geniş miqyaslı sınaq mərhələsinin nəticələrinin ilin sonunda gələcəyini gözləyirik. Məlumatlar əldə edildikdən sonra tənzimləyici orqanların peyvəndlərin təhlükəsizliyini və effektivliyini qiymətləndirməsi lazım olacaq və təsdiq olunmuş peyvəndlərin istehsalı başlayacaq. Bu mərhələləri nəzərə alaraq, ölkələrə ilk dozalar 2021-ci ilin ortalarında gəlməyə başlayacaq. İlk dozalar məhdud olacağından tibb işçiləri və yaşlı insanlar kimi həssas qruplar üçün peyvəndi prioritetləşdirməliyik”.
TƏBİB-dən isə Lent.az-a bildirilib ki, ÜST hansısa peyvəndi təsdiqlədiyi təqdirdə Azərbaycan da alacaq. Təsdiq olunmuş peyvəndin hansı ölkə tərəfindən istehsal olunduğuna fərq qoyulmayacaq.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlamasına görə, aparıcı vaksin namizədləri artıq çoxsaylı ön sifarişlər qəbul etdiklərindən, bu tələbin həcminin onların istehsal potensialından çox olmasını nəzərə alsaq, növbəti sifarişləri tezliklə tam təmin etmək mümkün olmaya bilər: “Bunları nəzərə alaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI (Global Alliance for Vaccines) təşkilatı arasında saziş imzalanıb. Sazişə görə, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq”.
Onu da qeyd edək ki, ötən gün 90 faiz effektivliyi açıqlanan, Türkiyə də daxil olmaqla 6 ölkə, 43 min 500 insan üzərində test edilən peyvəndi istehsal edən ilk şirkətin arxasında Türkiyə əsilli iki elm adamının adı var.
ABŞ mərkəzli “Pfizer” ilə birlikdə ortaya çıxardıqları peyvəndin 90 faiz effektivliyini açıqlayan Almaniya mərkəzli biotexnoloji “BioNTech” firması ailələri Türkiyədən Almaniyaya köçmüş Özlem Türeci və Uğur Şahin tərəfindən 2008-ci ildə qurulub.