İyun ayında qida zəhərlənmələrində rekord göstərici
15 iyul 2011 13:54 (UTC +04:00)

İyun ayında qida zəhərlənmələrində rekord göstərici

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən bu ilin 6 ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 234 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

Lent.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 113 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 52 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 3027, mikrobioloji göstəricilərinə görə 1666, toksikoloji göstəricilərinə görə 398, radioloji göstəricilərinə görə 61 yeyinti məhsullarının nümunələri laborator müayinələrə cəlb olunub. Nümunələrin 31-də orqanoleptik və fiziki-kimyəvi, 31-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyənləşdirilib.

Şadlıq evlərindən 5553 yaxma nümunəsi, 48 soyuq qəlyanaltı nümunəsi götürülmüş, yaxma nümunələrinin 83-də mikrobioloji çirklənmə aşkar edilib. 6 ay ərzində əhali arasında 358 qida zəhərlənməsi hadisəsi baş verib, 433 nəfər zərərçəkən olub. O cümlədən 18 botulizm hadisəsi baş verib, 36 nəfər zərərçəkən olub.
Qeyd edək ki, 106 qida zəhərlənməsi hadisəsi və 115 nəfər zərərçəkmə halları, habelə 1 botulizm hadisəsi iyun ayının payına düşüb.
# 460

Oxşar yazılar