“Dərdimizi deməyə deputatımız da yoxdur” - REPORTAJ
02 iyul 2009 16:00 (UTC +04:00)

“Dərdimizi deməyə deputatımız da yoxdur” - REPORTAJ

4 min ailənin yaşadığı Nübar qəsəbəsinin sakinləri sosial problemlərini həll etmək üçün bir məmur tapa bilmir

“Sizi “20 Yanvar dairəsi”ndən Müşfiqabad istiqamətində vur-tut 10-12 kilometr məsafədə yerləşən, 351 saylı marşrutun sanki dağlar-dərələr aşıb gəldiyi bir kəndin problemlərinə görə narahat edirəm. Hələ də özünə qəsəbə kimi qəsəbə, kənd kimi kənd statusu ala bilməyən adsız qəsəbədən. Ölkənin ən ucqar rayonuna qaz çəkilir, amma burdan-bura “20 Yanvar” metrosundan 10 kilometr aralıda qaz yoxdur. Yolumuz palçıqlı, pis gündə, adam şəhərə gələndə utanır”.

Şərti olaraq, "Nübar" adlanan qəsəbənin sakini Ramin Məmmədovun Lent.az-a ünvanladığı məktubu ürək ağrısı ilə oxumamaq mümkün deyil. Oxucumuz yazır ki, on minlərlə insanın yaşadığı qəsəbədə işıqlar saatlarla sönür, su, kanalizasiya sistemi, zibil tökmək üçün yer ümumiyyətlə, yoxdur: “Adam bunları gördükcə yaşamaqdan bezir, öz-özünə nifrət edir. Xahiş edirəm gəlin, problemləri öz gözlərinizlə görün. Bəlkə onda buradakı vəziyyət problemlərin həllinə cavabdeh olan aidiyyəti qurumlara çatar” - deyir, oxucumuz.

Getdik, elə Ramin Məmmədov müraciətində adını çəkdiyi 351 saylı marşrutla. Bəri başdan deyək ki, köhnə, sınıq-salxaq mikroavtobusdakı basabasdan, natəmizlikdən, yollardakı çala-çuxurlardan Nübar qəsəbəsinin problemlərini duymaq mümkündür. Əsil problem isə magistral xətdən qəsəbəyə ayrılan yolun lap girişindən başlayır. Qəsəbəyə gedən torpaq yoldan 30-40 metr qabaqda, lap birinci evin yaxınlığında zibil yığnağındakı kağız və sellofan torbaları külək göydə oynadır. Elə buradaca qarşılaşdığımız ilk qəsəbə sakini ilə söhbətə başlayırıq. Özünü təqdim etmək istəməyən müsahibimiz burada yaşamaq üçün yaxşı imkanların olduğunu deyir: “Bura Bakının qulağının dibidir, magistral yol, elektrik, işıq, qaz xətləri buradan keçir. Ona görə də 10-12 il ərzində burada minlərlə ev tikilib, böyük bir qəsəbə salınıb. Amma icra orqanları bu imkanlardan əhalinin rahatlığı üçün istifadə etmir. Ona görə də nə qazımız-suyumuz var, nə də düz-əməlli yolumuz, işığımız”.

Qonşular tullantı suyunu bir-birinin həyətinə axıdır

Müsahibimiz deyir ki, qış aylarında qəsəbədə yaşamaq daha çətin olur. Çünki təbii qazı olmayan qəsəbədə elektrik enerjisinin verilişi də tez-tez, özü də uzun müddətə dayanır: “Burada yaşayanların əksəriyyəti günəmuzd fəhləlik etməklə birtəhər başını dolandırır. Qışda bir aylıq odun yandırmaq üçün 30 manat pul veririk”.

Qəsəbənin girişindəki mağazanın qarşısında söhbət etdiyimiz sakinlər də sosial problemlərin dözülməz həddə çatmasından şikayətlənirlər. İlham adlı sakin deyir ki, yağmurlu hava şəraitində torpaq yolda hərəkət etmək çətinləşir, azyaşlı uşaqlar məktəbə, böyüklər işə gedə bilmir. Üstəlik qəsəbədə kanalizasiya xətti olmadığından tullantı suları yollara, qonşuların həyətinə axıdılır. Hətta palçıqlı yollarda avtomobillər də hərəkət edə bilmir və bu səbəbdən avtobus yağışlı havada qəsəbənin aşağı hissəsində dayanmağa məcbur olur.

İcra hakimiyyəti yalançı çıxıb

Sakinlər deyirlər ki, problemlərin həlli üçün müvafiq dövlət orqanlarına, o cümlədən Abşeron Rayon İcra Hakimiyyətinə, Hökməli bələdiyyəsinə, hətta Heydər Əliyev Fonduna müraciət ediblər. Bu müraciətlərdən sonra icra hakimiyyətinin nümayəndələri qəsəbəyə gələrək buradakı sosial problemlərin kompleks həlli üçün layihə hazırlandığını bildiriblər. Ancaq sonradan məlum olub ki, heç bir layihə yoxdur, icra hakimiyyəti sadəcə müraciətin kimlər tərəfindən edildiyini öyrənmək istəyirmiş.

4 min ailə sahibsiz qalıb

“Qəsəbəyə sahib çıxan yoxdur, hansısa bir arayışı almaq üçün Hökməli bələdiyyəsinə, yaxud sovetliyinə gedirik. Deyirlər ki, sən mənim sakinim deyilsən, get arayışı harada qeydiyyatdasansa, oradan al. Belə söz-söhbət adama çox ağır gəlir, sahibsiz-hüquqsuz adam kimi baxırlar bizə” - deyə, İlham adlı qəsəbə sakini deyir.

Müsahibimiz onu da qeyd edir ki, ötən illə müqayisədə indi qəsəbədə işıq problemi qismən aradan qaldırılıb. Onun sözlərinə görə, Hökməli bələdiyyəsi qəsəbədə 1 ədəd yeni transformator quraşdırıb və bundan sonra enerji təchizatında müəyyən irəliləyişlər yaranıb. Bununla belə, hər gün bir neçə saat ərzində qəsəbədə enerji təchizatı dayandırılır.

Sakinlərdən onu da öyrəndik ki, hazırda 4 minə qədər fərdi yaşayış evinin tikildiyi bu ərazi inzibati cəhətdən Hökməli bələdiyyəsinin tabeliyindədir. 1990-cı ildə Nazirlər Kabinetinin qərarı ilə ərazidəki torpaq sahəsi fərdi yaşayış sahəsinin tikintisi məqsədilə Xırdalan Mebel Fabrikinin işçilərinə ayrılıb. Hazırda burada həmi fabrikin işçiləri ilə yanaşı, digər rayonlardan olan sakinlər də özünə ev tikib.

Qəsəbə təxminən 15-16 il əvvəl salınıb. Burada respublikanın hər bir rayonundan adam tapmaq olar. Hətta vaxtilə Bakının mərkəzində şəxsi mənzili olanlar da burada özünə ev tikdirib, burada yaşayır.

İlham deyir ki, qəsəbədə sosial problemlərin həllinin yubanmasının səbəblərindən biri də elə budur. Onun sözlərinə görə, burada yaşayanlar müxtəlif regionlardan olduğundan sakinlər sosial problemlərin həllinə pərakəndə şəkildə yanaşır: “Hərə bir tərəfdən gəlib, ona görə də problemlərin həllinə heç kəs ciddi səy göstərmir. Deyirlər ki, bir söz desələr bələdiyyə, ya icra hakimiyyətindən inciyərlər. Heç olmasa, deputatımız da yoxdur ki, dərdimizi deyək”.

Nübar qəsəbəsinin ən ciddi problemlərindən biri də içməli suyun olmaması ilə bağlıdır. Çernobıl əlili Sahib Məmmədov deyir ki, 4 min ailənin yaşadığı qəsəbədə cəmi 2 yerdə kiçik su motoru var. Bu motorlar isə sakinlərin öz vəsaiti hesabına quraşdırılıb: “Nə suyumuz var, nə də kanalizasiyamız. Motor balaca olduğundan su sızqa gəlir, camaat növbə ilə su götürür. Hətta bir dəfə yığışıb getmişik icra hakimiyyətinə. Bu yaxınlarda isə Heydər Əliyev Fonduna məktub yazmışıq. Hamı söz verir ki, problemlərinizi həll edəcəyik. Amma hələ nəticəsi yoxdur”.

Sahib Məmmədov deyir ki, ətraf kənd qəsəbələrə gedən magistral su xətti cəmi 50-60 metr aralıdan keçir. Amma nə Qaz İstismar İdarəsi, nə də başqa qurumlar qəsəbəyə su xəttinin çəkilməsinə maraq göstərmir. Onun sözlərinə görə, Bakıətrafı ərazilərdə yerləşən kənd qəsəbələrin bir çoxundan fərqli olaraq, burada inşa olunmuş evlərin əksəriyyəti qanunidir: “Burada həyətyanı torpaq hökumətin rəsmi qərarı ilə verilib. Burada yaşayan ailələrin 360-dən çoxu təkcə Xırdalan Mebel Fabrikinin işçiləridir. Yerdə qalanları isə torpağı bələdiyyədən alıb və çoxunun sənədi də var”.

“Uşaqları məktəbə belimizdə aparıb-gətiririk”

Bir qədər yuxarıda bir neçə nəfərin məhəlləarası yolda qazıntı işləri apardığı diqqətimizi çəkir. Yaxınlaşıb qazıntı-tikinti işlərinin nədən ibarət olduğu öyrənirik. Məlum olur ki, qəsəbənin yuxarı hissəsindən gələn qrunt suları buradan adi arx vasitəsilə keçir. Amma arx daimi su ilə dolu olduğundan burada avtomobillərin hərəkəti ümumiyyətlə mümkün deyil. Sakinlərdən Səməd Əsgərov deyir ki, onlar yolun bir hissəsinə yeraltı boru basdırmaqla qrunt və tullantı suların maneəsiz axınına qismən şərait yaradıblar. Ancaq bu iş üçün çoxlu vəsait tələb olunduğundan görülən tədbirlər yarımçıq qalıb.

“Bələdiyyəyə müraciət etmişik ki, köməkləşib bu yolu düzəldək. Buradakı camaat doğrudan da zülm çəkir, qışda palçıq, yayda, iy-qoxu... Bu boyda böyük küçədə maşın keçə bilmir. And olsun Allaha, qışda uşaqlarımızı belimizdə məktəbə aparıb-gətiririk ki, palçığa batmasınlar” - deyə, Səməd Əsgərov bildirir.

Onun sözlərinə görə, ötən il bir qrup yerli sakin bələdiyyənin sədr müavini ilə də görüblər. Onlar da söz veriblər ki, köməklik göstərəcəklər. Ancaq bu söz elə vəd olaraq da qalıb.

...Günəş qürub edir, Nübar qəsəbəsinin üzərinə qaranlıq çökür. Reportajımızı başa vurub şəhərə qayıtmaq istəyirik. Normal yox, minimum tələblərə cavab verən avtomobil yolu, dayanacağı olmayan qəsəbənin çıxışında dayanıb avtobus gözləyirik. Təxminən yarım saatdan sonra 351 saylı mikroavtobus yırğalana-yırğalana çala-çökək yolla bizə tərəf irəliləyir. Artıq axşamın ala-qaranlığında qəsəbədəki evlərin zəif işığı da görünür. Amma bu işıq o qədər zəifdir ki, Nübarda səhərin necə açılacağını sezmək belə çətindir.

Hələ ki rəsmi qurumlardan, o cümlədən Abşeron Rayon İcra Hakimiyyəti və Hökməli bələdiyyəsindən Nübar qəsəbəsindəki sosial-iqtisadi problemlərə münasibət öyrənmək mümkün olmayıb. Amma bizə də vəd verirlər ki, məsələni aydınlaşdırıb suallarımızı lazımi səviyyədə cavablandıracaqlar. Güman edirik ki, bu, qəsəbə sakinlərinə verilən vədlərdən olmayacaq.

Elxan SALAHOV
# 1290

Oxşar yazılar