“Qardaşıma elçi getdiyimiz gün atam üçüncü arvadı qaçırdı...” – HƏYAT HEKAYƏTİ – FOTO
Onunla bu əhvalat haqqında danışmağa bir neçə dəfə cəhd etmişəm. Hər dəfə də cürət edib mətləbə keçə bilmirdim. Ona görə yox ki, o, qorxulu və çəkinməli insandır. Ona görə ki, onunla uşaqlıqdan tanışıq və bu əhvalat da onun gözlənilmədən başına gələn, həyatını acı formada dəyişdirən hadisədir. Bu haqda yazmaq, bu haqda başqalarına danışmaq, nə isə etmək - fikirləşirdim ki, xətrinə dəyə bilər. Nə olsun ki, sıravi və özünü düşündüyü kimi, heç kimə gərək olmayan adamdı. Onsuz da bu, onun mənəviyyatında əsl qara iz buraxıb, sözün əsl mənasında onu sındırıb. Eyni zamanda uzun illərdir onu gec-gec görməyim də bu hadisəni mənə qismən unutdurmuşdu. Amma təsadüfən bu yaxınlarda görüşməyimiz və təsadüfən də başqa bir söhbət əsnasında onun o yaşadıqlarından misal çəkməyi mənə də fürsət verdi:
- Bu haqda səninlə ətraflı danışmaq istəyirəm...
- Niyə?
...Məqsədimi dedim. Bu hadisə haqqında daha çox bilmək, nələr yaşadıqlarını öyrənmək istədim. Onsuz da həmin gün ürəyi açılmışdı. O əhvalatdan sonra həmişə mənimlə belə idi. Zahiri görünüşünə və məhdud dünyagörüşünə yaraşmayan sadə bir tərzdə etiraz etmədi: “Yazırsan yaz, amma camaatın qanını qaraltmağa dəyməz”.
“Bilmirdim ki, doğma anam onlardan hansıdır”
Kərimov Telman Seymur oğlu 1982-ci ilin iyulun 13-də doğulub. Doğulduğu yer Azərbaycanda əhalinin əsasən tərəkəməçiliklə məşğul olduğu bölgədir. Yəni, əsas məşğuliyyət heyvandarlıqdır. Xüsusən Qarabağın işğalından əvvəl bu bölgənin tərəkəmələri yay aylarını Dağlıq Qarabağın və Kəlbəcərin yaylaqlarında məskunlaşırdılar. Qış ayları başlayan kimi isə yenidən öz təsərrüfatlarını rayon ərazisinə - arana endirirdilər. Sovetlər dönəmində təsərrüfat məşğuliyyətinə görə bu camaat arasından neçə-neçə qabaqcıl kolxozçular və sosialist əməyi qəhrəmanları çıxırdı. Belə insanların əksəriyyəti o zaman nəinki yerli əhali arasında, bütün respublikada xüsusi hörmətə malik olurdu.
Telmanın atası Seymur kişi də İttifaq dağılana yaxın Sosialist Əməyi Qəhrəmanı adına namizəd idi. O zaman qoyunçuluq təsərrüfatının inkişafında əldə etdiyi uğurlar ona “raykom”da, o cümlədən də respublika rəhbərliyi yanında xüsusi hörmət gətirmişdi. Hətta o vaxt belə bir şayiə də yayılmışdı ki, rayon katibi “yuxarılara” işi düşəndə Seymur kişinin nüfuzundan istifadə edirmiş. O, nəinki bu qədər hörmət, bu yolla kifayət qədər var-dövlət də qazanmışdı. Bu bölgənin tərəkəmə kəndlərində adətən hər nəslin başında hörmətinə görə seçilən bir ağsaqqal dururdu. Seymur kişi də nəinki Aşıqlı kəndində, digər qonşu kəndlərdə də yaşayan ona qohum böyük bir nəslə ağsaqqallıq edib. Tayfasında onun qapısına gedən heç vaxt əliboş qayıtmırdı: “Sovet hökuməti dağılanda onun özümüzə məxsus kifayət qədər böyük bir qoyun sürüsündən başqa, 100-ə yaxın iri buynuzlu mal-qara, xüsusi ferması və s. böyük bir mülkiyyətimiz var idi. Atam demək olar ki, bölgənin seçilən varlı adamlarından idi. Mən atamın ikinci nikahdan olan oğluyam. Daha doğrusu, ilk nikahdan övladı olmadığı üçün atam qohum-əqrəbanın təkidi ilə 1977-ci ildə Gorus yaylağında Sisyan rayonundan olan anam Züleyxa xanımla evlənir. Bu izdivacdan 4 oğlanları olur - mən üçüncüsüyəm”.
Həyat elə gətirir ki, ikinci xanımı Seymur kişinin birinci nikahı olan Rübabə xanıma doğma bacı kimi isinişir. Bütün qohum-əqrəba onların günü kimi yox, doğma bacı kimi görürlər. O cümlədən də uşaqlar böyüdükcə Rübabə xanıma öz analarından artıq bağlanırlar: “Ailəmizdə o qədər mehribançılıq vardı ki, böyüyüb həddi-buluğa çatana qədər bilmirdim ki, mənim doğma anam onlardan hansıdır. Çünki ögeylik-doğmalıq bilinmirdi. Kənddə, eldə-obada adla deyilirdik. Kolxozlar dağılana yaxın atam kəndimizin aşağısında üç kolxoza aid olan mal fermasının müdiri idi. Hər şey də elə burada dağıldı...”
Susub üzünü çevirir...
“Əlindəki qumbaranın halqasını çəkib, mənə tərəf atdı”
Telman danışır ki, kolxoz dağılandan sonra həmin ferma demək olar ki, bütünlüklə atasının nəzarətində olur: “Diqqət mərkəzində idik. Yaxşı mal-qaramız vardı, hamısının da əziyyətini əsasən mən və məndən böyük qardaşım Tərahim çəkirdi. Gecə-gündüz çalışırdıq, qoymurduq ki, atamız əlini ağdan qaraya vursun. Gözümüzü açıb elə belə də görmüşdük.
O ərəfədə işğal olunan rayonlardan gələn qaçqın ailələrdən xeyli hissəsi fermadakı binalarda yerləşməyə başladı. Gələn qaçqınların hamısının yerləşməsinə dədəm (atasını nəzərdə tutur – M.A.) rəhbərlik edirdi. Köçkün gələnlərin arasında Laçın rayonundan olan Məhəmməd adlı biri ailəlikcə bizimlə xüsusi yaxınlıq etməyə başladı. Düz 4 il onlarla ailəvi dostluq etdik. Onun dörd oğlu, bir qızı vardı. Oğlanlarının ən kiçiyinin o vaxt təxminən 30 yaşı olardı. Qızının isə 35 yaşı olmasına baxmayaraq, hələ də ərə getməmişdi. Qız, deyilənə görə, xəstə idi. Açığı, bu onun görünüşündən də hiss olunurdu, olduqca arıq və yaşlı bir qadın idi. Yanımıza gəldiklərindən bir il sonra bu kişinin oğlanlarının törətmədikləri hadisə qalmadı. Hamısında da özləri ilə qaçaqaç vaxtı gətirdikləri silahları işə salırdılar. Neçə dəfə o fermada müxtəlif davalar düşürdü, silah- qumbara işə salınırdı, polis tökülüb gəlir, hamısını yığıb aparırdı. Sonra da atam işə qarışıb xahiş-minnət edərək ya cəzalarını yüngülləşdirir, ya da birdəfəlik azad elətdirirdi. Dədəmin onlara bu dərəcədə hörmət etmələrinə baxmayaraq, bizə hörmət qoymurdular. Neçə dəfə bizdən oğurladıqları inək-dana əllərində tutulmuşdu. Buna baxmayaraq, atam yenə də onlara xüsusi diqqət göstərirdi. Bir dəfə də həmin Məhəmmədin böyük oğlu Əli içib sərxoş olub haradansa tapıb çıxardığı əl qumbarası ilə qonşularını hədələyirdi. Camaatı qovub evinə salmışdı. Mənim onda 16 yaşım olardı. Necə oldusa bu zaman mən onun gözünə sataşdım. “Sizin pulunuz çoxdu, axmalı qanınız da çox olar” - deyib, əlindəki qumbaranın halqasını çəkib, mənə tərəf atdı. Özümdən asılı olmayaraq cəld axurların arasına tullandım. Gözümü açanda gördüm ki, rayon mərkəzində xəstəxanadayam. Qarnıma iki qəlpə girmişdi. Həkimlər dedilər ki, səni Allah saxlayıb, axurun taxtaları qalın olub, yoxsa bütün güllələr bədənimə dolacaqmış”.
“Xəbər çıxdı ki, atam qız qaçırdıb”
Bu hadisəyə görə Telmanın atası nə Məhəmməddən, nə də onun oğlanlarından nəinki polisə şikayət edir, heç özlərinə də bir kəlmə söz demir: “Uşaq olsam da o vaxt bu mənə pis təsir etdi. Atamdan bunu gözləmirdim. Çünki indiyə qədər o həmişə çətin hadisələrdə bizə arxa dururdu. Bu vəziyyət həmin ailəni daha azğınlaşdırdı. Hətta iş o yerə çatırdı ki, həmin Məhəmmədin oğlanlarından biri qonşularındakı qaçqın ailələrində iki ildə üç ailənin qızı ilə evlənmişdi. Birini alıb, o birini boşayırdı. Artıq evdə anamgil onlarla münasibət yaratmağa peşman olmuşdular. Dəfələrlə böyük anam (birinci - ögey anasına “böyük ana” deyir, doğma anasına “mama”. Qardaşları da onu kimi) atamı buna görə qınayırdı. Dədəmin onlara tez-tez getmələrinə görə evdə mübahisələr də düşürdü. Çünki artıq belə hadisələrlə maddi imkanımız da tükənirdi. Mal-qoyunun sayı azalırdı. Həm onların yolunda atam neçə-neçə mal-heyvan satmışdı, həm də tez-tez atamdan hökumətə anonim şikayətlər gedir, nəticədə də xeyli mal-heyvanımız əlimizdən çıxırdı. Sonralar məlum oldu ki, bu gizli “danos”ların çoxunu birinin də üstünə beşini qoyub hökumətə ötürən məhz həmin laçınlı Məhəmmədin oğlu Əli olub. Amma atam onlara yardım etməkdə davam edirdi. Kişi elə bil ovsunlanmışdı. Onların həmin xəstə qızlarını hər həftə dədəm öz maşını ilə rayon xəstəxanasına aparıb-gətirirdi. Ona görə axırda maşınımızı da satdı. Ailədən onlara çox diqqət ayırırdı. Bütün bunlar evimizdə gərginlik yaradırdı, qohum-əqrəbadan uzaq düşmüşdük. Lap böyük qardaşımı birinci anam uşaqlıqdan özünə varis kimi götürmüşdü. O ərəfədə onun artıq 19 yaşı vardı. Anam artıq onun üçün “gözaltı” da seçmişdi. 1997-ci ilin sentyabr ayı idi. Elçiliyə hazırlaşırdıq. Qızın ailəsinə bildirilməsə də, anamgil hazırlaşırdılar onlara elçi gəlmələrini bildirsinlər. Qəfil eşitdiyimiz xəbər hər şeyi məhv etdi - xəbər çıxdı ki, atam laçınlı Məhəmmədin qızını özünə qaçırdıb”.
Bu xəbər ailədə hamını sarsıdır. El-oba içinə çıxmağa üzləri gəlmir. “Vaxt vardı atamızın adına görə hər yerdə yuxarı başa keçirdik, indi ona görə heç evdən çölə çıxa bilmirdik. Ona görə ki, 63 yaşlı, özü də el-obada böyük nüfuza malik olan dədəmin 4 yetkin oğlu və iki arvadı ola-ola qəfil eşqə düşüb qız qaçırmağını camaat da lənətləyirdi. Mən həmin gündən məktəbə getmədim. Doqquzuncu sinifdə oxuyurdum, baxmayaraq ki, sinifdə ən yaxşı oxuyan uşaqlardan idim, arzularım vardı, məktəbdən qayıtdım. Utanırdım. Məndən böyük qardaşım da bir ay gedəndən sonra uşaqların tənəsinə dözməyib o da məktəbi buraxdı, getmədi. Mamam bizə dedi ki, daha fermada qalmağın əhəmiyyəti yoxdur, kənddə ki, evimizə köçək. Kənddəki evimiz dədəm imkanlı olan vaxt tikdirmişdi. İkimərtəbəli böyük ev idi. Lakin artıq bir-iki baş inəkdən başqa daha heç nəyimiz yox idi. Qardaşlarımla köməkləşib anam və mamamla birlikdə kəndəki evimizə köçdük. Yanvar ayı gəldi. Lap böyük qardaşıma hərbidən bir illik möhlət götürmüşdük, evləndirib Bakıdakı kolleclərdən birinə düzəltmək istəyirdik. Anamın arzusu idi. Lakin bu hadisədən sonra hər şeylə bərabər, onun da üstündən xətt çəkildi. Çünki həm imkanımız yox idi, həm də daha heç kim qardaşıma - bizim kimi ailəyə qız verməzdi. Beləliklə, həmin ay böyük qardaşım əsgər getdi. Dədəmdən isə aradan dörd ay keçməsinə baxmayaraq hələ də xəbər yox idi. Müxtəlif şayiələr gəzirdi... Kimi deyirdi qaçırdığı qadınla İrana keçib, kimi deyirdi Bakı ətrafı fermaların birində çobanlıq edir və s. Böyük qardaşım əsgər gedəndən sonra bizim maddi imkanımız daha da ağırlaşdı. Qapıda cəmi iki inəyimiz qalmışdı. Məndən böyük qardaşım və mən başladıq kənddə işləməyə.....
- Nə işləyirdiniz? O vaxt cəmi 16-17 yaşınız vardı...
- Nə iş olsa işləyirdik... müxtəlif adamların tarlaların suvarmaqdan tutmuş qapılarda təmizlik işləri aparmağa qədər. Təki pul olsun. Çünki qardaşım hərbidəydi, böyük anam da tez-tez xəstələnirdi...
- Bəs atandan xəbər yox idi?
- Yaza yaxın dədəmdən xəbər gəldi. Sən demə, qaçırdığı qadını qonşu rayonun kəndlərinin birində köhnə tanışlarından birinin evinə aparıb. Orada bir neçə ay üstündəki pulla dolanırlar. Sonra kənddə qayıtmağa üzü gəlmir, başlayır getdiyi yerdə ona-buna çobanlıq etməyə. Atamın yad yerdə kiməsə çobanlıq etməyini xəbər gətirən adamdan eşidəndə, başqalarını bilmirəm, uşaq da olsam mənim az qala ürəyim partlayırdı. Həmişə varlı gördüyüm atamın gedib yad yerdə ac qalmamaq üçün kiməsə çobanlıq etdiyini eşidəndə gözlərim doldu, evimizin dalına keçib doyunca ağladım...”
“Yad yerdə ölmək istəmirəm...”
Həmsöhbətim deyir ki, xəbəri elə atasının evində qaldığı həmin tanışları gətirir. Deyir ki, bəs Seymur kişi daha orada qala bilmir, kəndinə qayıtmaq istəyir. “Dədəm həmin adamdan bizə bir məktub da göndərmişdi. Nə yazdığı indi yadımda deyil, oxunan zaman kənardan xəlvətcə dinləyirdim. Atamın məktubun sonunda mamama “sənin və Rübabənin üzünə baxa bilsəm də uşaqların üzünə heç baxa bilməyəcəm, onsuz da peşmanam, amma buna görə ömrümün sonunda yad yerdə ölmək istəmirəm, evimə qayıtmaq istəyirəm” sözləri indi də yuxuma girir. Atam qaçırdığı qadınla bir yerdə qayıtdı, amma onu mamam evə buraxmadı. Anam heç o qapıya gələndə həyətə belə düşmədi. Tamam sınmışdı ondan. Tez-tez deyirdi ki, “mən Seymura hər şeyi bağışlayardım, bağışlamışdım da, amma bu yaşda bütün ailəmizi xar etməyini öləndə ruhum da ona bağışlamayacaq. Mən daim onun mahala yayılan şanı-şöhrəti ilə fəxr etmişəm, indi bu rüsvayçılığı nə təhər qaldırım?!”.
Dədəm məktubdan bir ay sonra gəlib vaxtı ilə müdiri olduğu fermada bir qaçqın ailəsinə çobanlıq etməyə başladı. Payızda məndən böyük qardaşım da əsgər getdi. İki anam, kiçik qardaşım və iki də əsgərlikdə olan qardaşlarımın problemləri düşdü mənim çiynimə. Hər işə gedirdim, kənddə evlərin çəpərlərini düzəltməkdən tutmuş qapılarda odun yarmağa qədər. Çünki evdə məndən başqa qazanan yox idi. Əsgərlikdə olan qardaşlarımdan biri xəstələnmişdi. Ona tez-tez pul lazım olurdu. Elə vaxt olurdu ki, 24 saatın cəmi 2 saatını yatırdım. Çünki birinin tarlasını suvarıb qurtaran kimi, başqası təklif edirdi. Məndə pul xətrinə qoymurdum əldən çıxsın. Günüm sahələrdə, düzlərdə keçirdi. Bir dəfə necə olubsa, gecə düzdə arxın qırağında yuxu məni aparır, balaca təpəyə söykəndiyim yerdə yatıram. Təsadüfən də yuxuda dədəmi görürdüm (o ərəfədə onu tez-tez yuxuda görürdüm. Fermada olsa da demək olar ki, kəndə gəlmirdi, camaatdan utanırdı). Yuxuda gördüm ki, uşaq vaxtımdı, dədəm həmişəki kimi məni qucağına alıb bığı ilə üzümü qıdıqlayır. Elə ləzzətli yuxu idi, tamam özümdən getmişdim. Qəfildən gözümü açdım ki, üzümü nəfəsi ilə qıdıqlayan gözü parıltılı bir canavardır. Məni oyanan görən kimi canavar diksinib kənara atıldı. Uşaqlıqdan tez-tez çaqqal-canavarla rastlaşdığım üçün tez özümü topladım. Amma səhər açılanda qorxudan dodağım partlamışdı. Mamam soruşanda dedim yıxılmışam, sıyrılıb”.
“Direktor dedi, 20 şirvan gətir...”
Telmangil bu minvalla bir-neçə ili birtəhər yaşayırlar. Qardaşları əsgərlikdən qayıdır. Həmin vaxt bir neçə dəfə atası barışmaq istəsə də, deyir, maması və anası buna qəti razı olmurlar. Qohum əqrəbanın da araya girməyinə baxmayaraq, yenə bir nəticə hasil olmur. “Kəndimizin aşağısında sahibsiz boş bir daxma vardı. Bir il sonra dədəm daxmanın sahibi ilə danışıb həmin qadınla (artıq üçüncü arvadı ilə) ora köçdü. Bir kənddə olmamıza baxmayaraq, nə mamam, nə də anam onunla heç qarşı-qarşıya gəlmirlər. Dədəmin heç nəyi yox idi. Bir qaçırdığı qadın idi, bir də başqasının köhnə daxması...Bu mənə çox pis təsir edirdi...Vaxtı ilə hamıya çörək verdiyi kənddə indi özü ən yoxsul adam idi... Ac qılınca çapar-dədəm başladı kənddə günəmuzd qonşuların qoyunun oturmağa. Amma əsgərlikdən qayıdan məndən böyük qardaşım və mən gördük bu onun dolanışığına bəs eləmir, başladıq anamgildən xəlvət onu da özümüzlə getdiyimiz günəmuzd işlərə aparmağa. İşimiz adətən kiminsə uçmuş çəpərini düzəltmək, mal-heyvan yeri təmir etmək, taxılı və pambığı olanın sahələrini sulamaq və s. idi. Elə adamlar olurdu ki, qapılarında işləyəndə bizə həqarət edirdilər. Buna baxmayaraq, dolanışıq xətrinə dinmirdik...ağır olsa da. Bu minvalla, mən də əsgərliyə gedib gəldim.
Dədəm artıq xeyli qocalmışdı, həmin qadından bir oğlu, bir qızı vardı. Anam və mama hələ də onu qəbul etmirdilər. Anam xüsusilə onunla barışa bilmirdi. Kənddə, eldə-obada bizə qarşı həqarəti, töhməti görüb daim dədəmi günahlandırırdı, onu qarasınca deyinirdi. Çünki kənddə dədəmin üstündən 7 il keçməsinə baxmayaraq (artıq dədəmin 70 yaşı vardı), 63 yaşlı kişinin böyük nüfuzunu ayaq altına alaraq ailəsini atıb gedib xəstə bir qadını özünə arvad qaçırmasını heç cür başa düşə bilmirdi. Neçə dəfə kənd içində buna görə məni və qardaşlarımı məsxərəyə qoyurdular. Biz buna dözsək də, vaxtı ilə eldə-obada atamın şöhrəti ilə fəxr edən böyük anam dözə bilmirdi. Dözmədi də - ən çox istədiyi böyük qardaşımın dədəmsiz getdiyimiz elçiliyi günü axşam ürək dayanmasından qəfil öldü. Bu, bizim ailəyə lap böyük zərbə oldu, ağsaqqalsız qalan evimiz, ağbirçəksiz də qaldı. Bir il sonra qardaşım həmin elçi getdiyimiz qohum ailənin qızı ilə evləndi və ayrı yaşamağa başladı. Mən artıq gecələr sahələrdə ot kipi bağlayanlara fəhlə işləyirdim. Qardaşım da qapılarda fəhlə işləyirdi, dədəm isə anamın yas yerində mamamla qismən barışdığı üçün arabir bizə gəlib-gedirdi. O da kənddə camaatın qoyununu otarırdı. Yaş ötdükcə hərə özünə bir həyat qururdu, biz isə artıq yoxsul və el-oba içində gözükölgəli yaşamağa alışmışdıq. Amma mən artıq bezmişdim. Ailədə hərə öz başını saxlayırdı. Mən demək olar ki, tək idim. Bir gün necə oldusa kənddə məktəb direktorunun qapısında otunu yığırdıq. Necə oldusa, işdən sonra onda indən belə attestat ala bilib-bilməyəcəyimi soruşdum. Mənə dedi ki, o vaxt sən doqquzuncu sinifdən qayıdandan sona sənin adını gecə şöbəsinə yazdırmışam. Qımışa-qımışa mənə dedi ki, 20 şirvan gətir, ürəyin istəyən vaxt sənə attestatını verə bilərəm. Mənə güclü həvəs gəlmişdi, növbəti il üçün hazırlaşıb ali məktəbə sənəd vermək istəyirdim. Pul toplayıb, attestatımı direktordan aldım. Başladım ali məktəbə hazırlaşmağa. Gecələr sahələrdə ot kipi yığıb pul qazanırdım, gündüzlər isə evdə oturub hazırlaşırdım. Həmin yay sənəd verib Bakıya imtahan verməyə gəldim – bu, 2005-ci il idi. Qəbul oluna bilmədim, imtahandan kəsildim. Amma... kəndə qayıtmadım...”
“Tikintidə fəhlələrin paltarlarına bürünüb yatırdım”
Ucqar rayonda “daşdan pul çıxardan” qəhrəmanımız ilk dəfə düşdüyü paytaxt həyatında asanlıqla özünə iş tapır. Tikintilərin birində fəhlə kimi işləməyə başlayır, lakin ay tamam olanda zəhmət haqqını ala bilmədiyi üçün oradan uzaqlaşır. “Rayonda Bakıya imtahan verməyə gələcəm deyə, neçə ay yığdığım pulu qənaətlə də olsa bu bir ayda xərcləyib qurtardım. Artıq nə yemək pulum, nə də yatmağa yerim vardı. Amma yenə də özümə söz vermişdim ki, nə olursa olsun, kəndə - keçmişimə qayıtmayacam. Həmin günlərdə şəhərdə təsadüfən kəndimizdən olan bir nəfərlə rastlaşdım. Bir az söhbət elədikdən sonra məni Sabunçuda xüsusi evlərin tikintisində işləyən fəhlə briqadasına düzəldə biləcəyini bildirdi. Dərhal razılaşdım və elə sabahı gün işə çıxmağa başladım. İşimiz həmin vaxt Sabunçu rayonu ətrafında yeni tikilən evlərdə ustalara kömək etmək idi. Günümə o vaxtkı pulla “şirvan yarım” verirdilər. Azının-çoxunun mənim üçün fərqi yox idi, təki pul olsun... ac qalmayım. Gecələr də elə tikdiyimiz evin divarları arasında fəhlə yoldaşlarımın paltarlarına bürünüb yatırdım, axı məlum... getməyə yerim yox idi. Düz iki ay gecələr çöllərdə yata-yata həmin yerdə fəhləlik etdikdən sonra türklərə məxsus bir tikinti şirkətinə fəhlə düzəldim. Bu müddətdə təsadüfən mamamın Sumqayıtda yaşayan qohumlarından bir ailə ilə rastlaşdım. Həmin ailə ilə biz daha çox əvvəllər - yaylağa gedən vaxtlar görüşürdük. Müharibə başladıqdan sonra onlar da Sumqayıtda yaşamağa başlamışdılar. Bir qızları, bir oğlanları vardı. Bir neçə dəfə getdikdən sonra onlarda özümə qarşı xüsusi hörmət gördüm. Nəticədə həmin ailədən olan qızla evləndim. Evliliyim də elə həyatım kimi oldu... elçiliyimi elə özüm etdim... Yəqin tək-tək ailə mənim kimisini, öz elçiliyini özü edəni qəbul edərdi... Ona görə tək etmədim ki, rayondan heç kimə deməmişdim. Evlənən vaxt rayona zəng edib dedim, dədəm gəlmədi. Qardaşlarım da öz işlərində idi... Bax belə”.
Telman insanın nə vaxtsa ikinci dəfə başqa formada bu dünyaya yenidən gəlməsinə dəlicəsinə inanır. Bu inam ona əməlli-başlı hakim olub, elə söhbətinin sonunda da bu inam aydın hiss olunurdu: “Çox istəyirəm bir də yenidən doğulam, çox... Bir də təzədən bu dünyaya gəlsəm...” Sözünü ardını deyə bilmədi. Heç mən də soruşmadım...
P.S. O sözünü kəsəndə artıq hava qaralmışdı. Biz onun şəxsi dükanında oturub söhbət edirdik.... Bəli, şəxsi dükanında. Telman evləndikdən sonra, evləndiyi xanımın qohumu onu tikintilərdən çıxarıb özünün tikinti avadanlıqları dükanına satıcı götürür. 3 il sonra Telman onun şəriki, 1 il sonra isə topladığı pulla 3-cü mikrorayon bazarındakı həmin dükana tam sahib olur, bazarda ticari dövriyyəsinə görə seçilən adamlardan olmasına baxmayaraq, nə satıcısı var, nə də köməkçisi. Hamısı elə özüdür. Artıq onun şəhərdə - Binəqədi qəsəbəsində öz evi də var.... və bir də 4 yaşlı oğlu. Deyir, oğlum hər dəfə mənə “ata” deyəndə özümdən asılı olmadan gizli qorxu keçirirəm.
Mübariz ASLANOV
[email protected]

1191