Dağlar qoynunda sevgi dadan bal haqqında bal dadan söhbət - REPORTAJ –
24 sentyabr 2010 15:54 (UTC +04:00)

Dağlar qoynunda sevgi dadan bal haqqında bal dadan söhbət - REPORTAJ –

Yol uzunu turist alaçıqları…

Şəkidə işıqsız kənd, Yevlaxda qaraçılar, Beyləqanda tərəkəmələr, Gəncədə qədim şəhər camaatı…Hə, bu yayı reportajlar sarıdan «məhsuldar» hesab eləmək olar. Amma sadaladıqlarım hamısı deyil. Bu yayın son reportajı Oğuz rayonunda, şəlalələrdən, bulaqlardan bol Daşağıl kəndinə bitişik dağların ətəyində alaçıqlarını qurub, yüzlərlə arı evciyini göy otlaqlara düzmüş arıçıların həyatındandı…

«Arıçıların həyatı» dedim, amma etiraf eləyim ki, bu dəfə sivilizasiyadan uzaq yerlərdə yaşayan, təsərrüfat idarə eləyən adamların həyatından daha çox, o təsərrüfatın, yəni arıların həyatı maraqlı gəldi mənə. Təbii ki, bunun səbəbi də, arıçıların bu «arı həyatını» olduqca maraqlı nağıl etməyi idi.

Arıçı təsərrüfatlarının birinə özümü yetirib, nə istədiyimi izah eləmək problemi yaşamadım bu dəfə. Bu yay Şəkinin Cücəmiş kəndindən reportaj hazırlayandan sonra, oranın adamları ilə qaynayıb-qarışmışdım axı. Odu ki, təsadüfən atamın qrup yoldaşı çıxan Saybalı əmi, istəyimi eşidən kimi, məmnuniyyətlə məni və rəfiqəm Natianı Oğuz rayonundakı arıçı qohumlarının yanına apardı.

Şəkidən Oğuza uzanan yolumuzun üstündə yayın son günlərinin dadını çıxaran ailələrin açıqlıqda, yaşıl talalarda, meşələrin cəngəlliyi zəif olan qıraqlarında qurduqları alaçıqlar uzanırdı. Bəzilərinin istirahəti bir-iki ay, bəzilərininki bir-iki həftə çəkdiyindən, doğma ölkələrində turist macərası yaşayan insanlar artıq bu alaçıqlarda özlərini əməlli-başlı evlərindəki kimi hiss eləyirdilər – yol uzunu bu xırda qalacaqların yanında samovarlar, ocaqlar tüstüləyir, uşaqlar ora-bura qaçışır, qadınlar ocaqda biş-düş eləyir, hara gəldi bağlanmış iplərdəki paltarlar başıaşağı sallanırdı.

Mehriban, gənc arıçı və qısqanc arılar

Sonu görünməyən meşə silsiləsinin dibi ilə gedən yolumuz bizi aparıb, Daşağıl kəndinə çatdıranda, gözümüzə dəyən ilk şey, dağların ətəyində simmetrik dəqiqliklə düzülmüş, sayı yüzə yaxın bozlu-mavili-sarılı-qəhvəyili arı evcikləri oldu. Elə o dəqiqə arılara da, arıçılara da paxıllığım tutdu – dörd yanda hara boylanırdın – ətri adamın ağlını başından alan ardıc kolları, qaraqınıq, dazıotu, daşyarpızı və adlarını bilmədiyim yüzlərlə ətirli çiçəklər, otlar, kollar… beynimdə özümə reportajdan vaxt tapan kimi bu otların hərəsindən bir dəstə yığmaq əmri verərək, arı evciklərinin düz qarşısında qurulmuş alaçığa, dörd təkərin üzərində dayanan, üçpilləli balaca pilləkəni olan yığcam evciyə baxıram.

Alaçıqda yatmış adam, səs-küyə oyanıb, yerindən qalxaraq, tez bizə tərəf gəlir. Bu, Babaxan adlı cavan, üzü, qolları günəşdən qapqara yanmış yaşılgöz oğlandı. Bizə çatıb, salamlaşır və əsl Laçınlı qonaqpərvəliyi nümayiş etdirərək, qonaqların kim olduğunu soruşmur.

Qohumlar mehribanlıqla görüşürlər və bizimlə də salamlaşan oğlan uzağa getmədən, elə həndəvərdən yığdığı çör-çöpü alaçığın yanında qaralan balaca ocaq yerində alışdırıb, hisli çaydanı üçayaq daşın üstünə qoydu. Təkərli evciyə girib, oradan qucağı stəkan-nəlbəki, bankada quru çay, kauçuk qəndqabılı qayıtdı. Babaxanın çay dəsgahı hazır olana qədər Saybalı əmi bizə Laçın folklorundan, qaçqınlıqdan əvvəl kəndlərində baş vermiş maraqlı hadisələrdən, Laçın camaatının bir-biri ilə ərkyana zarafatlarından və axırda da Gürcüstanın Abbastumani rayonunun özü və adının tarixçəsindən danışdı. Bu maraqlı və rahat söhbətə aradabir çiçəkləri-zadı boş verib, yuvasına təpilmək üçün geri qayıdan bir-iki yekəbaş və tənbəl arının təhlükəli vızıltısı gərginlik qatırdı.

Amma əsl həngamə Babaxan çayı hazırlayıb alaçığın yanındakı balaca və alçaq masanın üzərinə gətirəndə başladı. Şəhərli qonaqların şərəfinə gənc arıçı ən yaxşısından, ballısından bir şan çıxarıb, kəsirdi ki, bu da yay uzunu bu şana bal daşıyıb-tökmüş arıların haqlı hücumuna səbəb oldu. Oğlan macal tapıb, şanı doğramamış, mən şanın ucundan qopardığım tikəni acgözlüklə təpişdirməkdəykən, bir neçə dəqiqənin içində arılar dörd tərəfdən bizi mühasirəyə aldı. Vızıltı aləmi bürüdü. Və hamı bir-birinin üzünə baxıb, anladı ki, burda qalsaq, bu bala görə başımız ağrıyacaq.

Nə bağ bildi, nə də bağban…

İki gənc qızı bir tikə balın güdazına vermək istəməyən ev sahibləri çıxış yolu təklif etdilər. Babaxanın qaynadandan sonra vaxt tapıb üzünün hisini təmizlədiyi çaydanı və çay süfrəsi üçün zəruri olan digər «silah-sursat»ı yığışdırıb, yaxınlıqda, dağlardan birinin ətəyindən yaşıl-yaşıl boylanan bağa keçdik. Babaxan yolüstü səmərəli bir məlumat verdi ki, buradakı bağların sahibləri çox rahat, söz-sovsuz adamlardır və hər il buraya gəlib, çadırlarını qurmaq, ailəsi, dost-tanışı ilə birlikdə bir-iki həftə dincəlmək istəyən insanlara bağlarında «düşərgə» salmağa təmənnasız icazə verirlər.

Bağın içində qaynayan bulağın yanında süfrəmizi saldıq. Babaxanın gətirdiyi stəkan-nəlbəkilər kənd yerində, üstəlik, çölçülükdə işlənən qab-qacağa heç oxşamırdı – təmizliyindən par-par yanırdı. O dəqiqə hiss olunurdu ki, ya təsərrüfatdakı qadınlar buradan təzəcə gedib, ya da iki gündən bir, arıçı kişilərinin məişətinə nəzarət etməyə gəlirlər.

Xub, «qızıl sarısı» şandan yekə bir tikəni çeynəyə-çeynəyə söhbətimizə başladıq. Məlum oldu ki, burada Babaxandan başqa da bir neçə gənc qalır və onlar indi hərəsi bir iş dalınca gedib. Nədən ki, artıq arının kəndə, qışlağa köçən vaxtıdır. (Mən maldarın tərəkəməsini görmüşdüm, indi məlum oldu ki, arıçıların da tərəkəməsi olur). Və yay uzunu burada təsərrüfata nəzarət edən gənclərdən indi kimisi arını kəndə köçürmək üçün maşın danışmağa, kimisi kəndə, son günlərin ərzağını gətirməyə, kimisi isə elə-belə eynəsini açmaq üçün rayona gedib.

Saybalı əminin söhbətcilliyi nəticəsində Babaxan və arılardan (bir də meşələrin ənginliklərində daldalanan ayılardan) başqa ins-cins gözə dəyməyən meşə kənarında vaxt öldürmək elə də çətin olmadı. Təbii ki, təzəcə doğranmış balın şirinliyini və ətir qoxusunu da söhbətin üstünə gəlməli. Bayaq Babaxan şanı doğrayanda bu qədər balın artıqlıq eləyəcəyini, qalıb zay olacağını düşünürdüm, amma biz çay süfrəsindən qalxanda qazançanın dibində bir yaxmaclıq da olsun, bal da qalmamışdı…(Natia vaxt tapıb, o baldan bir balaca stəkan da öz sevgilisi, adının daha yazılarımda çəkilməsini istəməyən yazıçı dostum üçün də doldurmuşdu).

Elə böyrümüzdəcə axan bulağın suyunda stəkan-nəlbəkini, qazançamızı yuyub, daha arılardan qorxa-qorxa deyil, ürəkli addımlarla geri, arı evciklərinin yanına qayıtdıq.

Nə imiş baldan şirin?

Yükümüzü alaçığa yığıb, özümüzü ev adamı hiss edəndən sonra, çay kənarını gəzib, yastı, hamar, rəngli daşlardan, müalicəvi otlardan tədarükümüzü gördük. O qədər çiçək yığdıq ki, axırda alaçığın yanında qalaqlanmış dəstələr mənə Sezen Aksunun baş rolda çəkildiyi «Sərçəcik» flmində varlı iş adamının Sezen bacının qrim otağına maşın dolusu gül göndərdiyi səhnəni xatırlatdı. O da yadıma düşdü ki, qadınlara qarşı diqqətsiz davrandıqlarına görə yazar dostlarımı danlayıb, o məşhur səhnəni xatırladanda Aqşin: «Maşın dolusu ot-əncəri qadına yox, ancaq inəyə hədiyə eləyərlər. O qədər bitki qadının nəyinə lazımdı axı?!» deyərək, özlərinin kobud kişi mövqelərini müdafiə etmişdi.

Açıq havada, arılarla «can-ciyər» yaşamağa alışınca, bu evciklərin niyə müxtəlif rənglərdə olduğunu soruşdum. Oğlan dedi ki, burada qəliz bir şey yoxdu. Kənddə hərənin on, iyirmi, uzaq başı otuz qutu arısı olur. Və qutular səhv düşməsin deyə, hərə öz arılarını, daha doğrusu, arıları saxladıqları qutuları istədiyi rəngə boyayır. Çünki arı saxlayan hər kəs arısının yanına qalmır. Əksər halda, bir kəndin, ya da kəndin yarısının arısına bir neçə nəfər baxır. Təbii ki, burada maaşdan-zaddan, ya da ki, nəsə zəhməthaqqından söhbət gedə bilməz. Ailələr və ya bir neçə gənc bunu könüllü şəkildə eləyirlər. Kənd camaatı da öz növbəsində bu hörməti qarşılıqsız qoymur, yay uzunu meşə kənarında, dağların ətəyində arılara göz-qulaq olan «könüllü»lərin qayğısını çəkir, heç nələrini əksik eləmirlər.

…öz aramızdı, ailələri deyə bilmərəm, amma gənc oğlanların niyə aylarla burada könüllü qalmalarını anlamaq elə də çətin deyildi. Daşağıl kəndi meşə kənarında, dağətəyində yerləşdiyinə, hündür şəlalələrinə görə ən gəliş-gedişli yerlərdəndi. Çox vaxt da bura gələn ailələr öz alaçıqlarını, düşərgələrini elə arıçıların yanında salırlar. Və çox vaxt da o ailələrin gənc qızları olur… məsələ aydındı.

Balın zayı çıxdı

Bir halda ki söhbət düşmüşdü və artıq gözüm baldan, ot-əncərdən doymuşdu, nə qonaqpərvərlik, nə də ustalıqda yaşlı və peşəkar arıçılardan bir addım da geridə qalmayan Babaxanla təbiətin ən zəhmətkeş varlıqlarının həyat və iş prinsipi barədə ciddi söhbət eləmək istəyirdim. Amma elə bu vaxt iki saat öncəki bir qazan bal öz sözünü dedi. Qəfildən başım fırlandı, gözlərim qaraldı, beynim guppuldamağa başladı, qızdırmam qalxdı. Ömrü boyu qan azlığından əziyyət çəkən bədənim birdən-birə belə vəhşicəsinə qəbul edilən qlükozadan şoka düşmüşdü. Özümü ələ almağa, tox tutmağa çalışsam da, davam gətirə bilmədim. Ev sahibləri duyuq düşüb, peşmançılıq yaşamasınlar deyə, özümü «yorğun»luğa vurub, yaxınlıqdakı otluğa sərilib, ölü kimi qaldım. Natia isə yanımda uzanıb, Remarkın «Zəfər tağı»nı (özü də azərbaycan dilində) oxumağa başladı.

Birazdan arıçıların əksəriyyəti qayıtsalar da, mən onların yarı işdən, yarı kənddən, yarı «bal biznesi»ndən bəhs edən söhbətlərini, zarafatlarını, balaca masanın üstündə, şirəyə yığışan arıları qova-qova qarpız kəsib-yemələrini ancaq uzaqdan və dumanlı-qızdırmalı beyinlə müşahidə edə bildim.

Hazırda arıçı təsərrüfatında ancaq kişi xeylaqları qaldığından, Laçın camaatı isə namus-qeyrət məsələsində olduqca sərt olduğundan, təbii ki, gecəni arıçıların yanında qala bilməzdik. Müsahibəni sabaha saxlayıb, yığdığımız ot-əncəri də Cücəmişə qayıtdıq. Yeri gəlmişkən, kəndə hələ işıq çəkilməyib. Natia ilə yuyunmaq istəyirdik, amma qaldığımız evin hamamı-filanı olmadığından, arzumuzu açıb-ağartmadıq. Evin yaxınında kollu-koslu, ağaclardan bol dərənin olduğunu və dərədən yepyekə bir bulağın da axdığını bilirdik deyə, özümüzü dərəyə saldıq. Ev sahiblərinin yuyulub, bir qıraqda durulanmağı gözləyən iki ləyən paltarını da özümüzlə apardıq ki, bunları suya çəkib, sonra paltarın ardınca özümüzü də bulağa salaq. Dağ yerinin axşam soyuğunda, dişimiz şaqqıldaya-şaqqıldaya birtəhər paltarları da, özümüzü də suya çəkdik.

Haydı, arçılarla pikniyə!

Mən bu «eşşəklikdən» sonra ikimizin də bərk soyuqlayacağını düşünsəm də, heç birimizə heç nə olmadı və biz sabah artıq Jücəmiş kəndinin əhalisinin küy olmasın tən yarısını daşıyan maşın karvanı ilə Oğuza yola düşdük.

Özümüzlə təbiətin qoynunda öldürməyə bir keçi, bir hinduşka, bir dənə də yekə qarpız aparırdıq…

Arılar zəhləmizi tökməsin deyə, arıçılardan bir az aralıda xalça-palazımızı yerə atdıq. Səməd müəllim aylardır başlı-başına buraxdığı arılarını yoxlamaq üçün Babaxangilə tərəf getdi. Qalan kişilər qollarını çırmalayıb, keçini soyub-şaqqaladılar. Yeniyetmələr iki tonqal qalayıb, birinin üstünə yekə bozartma qazanı asdılar, birininsə közünün düşməyini gözlədilər. Dəstədəki utancaq kənd qız-gəlini pıçıldaşa-pıçıldaşa, xısın-xısın gülüşə-gülüşə bir qıraqda süfrəni sərdilər, salat, pendir-göyərti rahatladılar. Amma utanmayanlarla da, utananlarla da aradabir dəstə-dəstə yaxınlıqdakı şəlalənin yanına qalxıb, «fotosessiya» təşkil eləyirdik.

Süfrə hazır olub, hamı yığışandan sonra da, qız-gəlin könüllü şəkildə bizimlə oturmaqdan imtina eləyib, bir qıraqda özlərinə yemək çəkdilər.

Gənc arıçılar da süfrəyə gəldilər, amma yaşlı Səməd müəllimin, Saybalı əminin yanında özlərini çox qaradinməz apardılar. Əməli-saleh müsəlman qadınları yeməyini çadranın altında ustalıqla yeyən kimi, bu gənclər də araqlarını üzlərini çevirib, gizlincə içirdilər ki, süfrədəki böyüklərə hörmətsizlik olmasın.

Özümüzlə gətirdiyimiz qarpızın yaddan çıxıb kəsilməməsindən dilxor olan Natianın bu arada davakar gürcü qanı coşmuşdu – qız Səməd müəllimin zarafatyana onu oğluna alacağını deyən qardaşı ilə əməlli-başlı qırğına çıxmışdı. Kürd-türk-gürcü xalqlarının nümayəndələrindən ibarət bu beynəlmiləl süfrədə qan düşməsin deyə, Natianı götürüb, təzədən arı evciklərinin yanına qayıtdım. Ardıc kolundan bir-iki budaq qopararaq, onun burnuna tutdum. Pişikotu iyləyib, sakitləşən pişiklər kimi, Natia da tez sakitləşdi.

Adamlar və arılar haqda

Mənsə vaxt tapıb, bizə baldırğan toxumu (yuxusuzluğun və şəkərin dərmanıdır) yığıb gətirmiş Babaxanla dünyanın ən «solçu» məxluqlarından olan arıların həyatları barədə xudmani bir söhbət elədim.

- Arılarla bağlı məni ən çox maraqlandıran şey «beçə» söhbətidir. «Beçə» nədir?

- Beçə arının balasına deyirlər. Bu arıların hazırladığı bal ən şirin, ən keyfiyyətli bal hesab olunur. Çünki arı yaşlandıqca işləməkdən yorulur, daha gedib çiçəyin, otun ən yaxşısına axtarmır. Ya da elə yaxınlıqda fırlanıb, balsız qayıdır yuvaya. Amma cavan olanda səhər çıxır, axşam gəlir, özü də ən yaxşı balnan.

- Ən yaxşı bal, hansı çiçəklərin balı hesab olunur?

- Vacib deyil məhz çiçək olsun. Otun, kolun şirəsi də ola bilər. Məsələn, bəlkə də sizə təəccüblü gələ bilər, amma qaratikanın o qədər dadlı balı olur ki. Kəklikotu balı da ən yaxşı ballardan hesab olunur. Amma dadında bir az acılıq olur, ona da öyrəşmək lazımdır, öyrəşəndən sonra çox dadlı olur.

- Bax, deyək ki, mən bal almaq istəyirəm. Baldan da başım çıxmır. Necə eləyim ki, məni aldatmasınlar.

- Bir neçə yolu var. Əvvəla təmiz balın qiyməti 20 manatdan aşağı ola bilməz. Bundan ucuzdusa, deməli arıya şirə verilib. Sonra, arı balı hansı çiçəklərdən, otlardan çəkibsə, baldan həmin çiçəklərin iyi gəlir. Rəngində də həmin çiçəklərin rənginə oxşarlıq olur. Qaratikan balının rəngində bir az tündlük olur. Dazıotundan çəkilən bal isə sapsarı olur. Çəhrayıya çalırsa bal, deməli yoncaçiçəyinin balıdı. Kəklikotunun balını heç səhv salmaq mümkün deyil, çünki balın ağzını açan kimi, kəklikotunun iyi aləmi götürür.

- Bir arı təxminən neçə il yaşayır?

- Vallah, orasını bilmirəm. Arı tez-tez ölür axı. Gedir-qayıtmır, adamı vuranda özü də ölür, nə bilim, başına min iş gəlir…

- Bu tüstü buraxan dəmir nə üçündü?

- Hə, bu? Bunu arıların necə işlədiyinə baxmaq üçün, şanların vəziyyətini yoxlayanda onları zərərsizləşdirmək üçün istifadə eləyirik. Tüstünü buraxırsan, arı gicəllənir. Onlar ayılana qədər biz şanları qaldırıb, baxırıq, doludusa, balını süzüb, bir də yuvaya qoyuruq.

- Arılardan bəziləri elə hey yuvanın ağzında olur? Bunlar bal çəkmir?

- Yox, onlar növbətçi arılardı.

- «Növbətçi arılar»?

- Hə. Hər yuvada arıların hamısının işi bölünüb. Yəqin eşitmisiniz, hər yuvada bircə dənə dişi arı olur. Yuvadakı bütün erkək arılar onun əmrinə qulaq asır. Dişi arı yuvadakı bütün erkək arıların işini bölür. Kimisi bal gətirir, kimisi yuvada o balı səliqəyə salır, kimisi də yuvanın ağzında durub, növbə çəkir ki, bal gətirməyə gedən arılar boş qayıtmasınlar. Əgər arı boş qayıdırsa, növbətçi arılar onu yuvaya buraxmır. Ta, gedib bal gətirməyənə qədər. Hərdən lap «dalaşırlar» bir-biri ilə, hərdən də öldürürlər tənbəl arını. Çünki arılar gedib boş qayıtsalar, yuvadakı arılar qışda ac qalacaq axı…

- Yəni, onlar qışda bu balı yeyirlər? Mən elə bilirdim, balı təkcə adamlar yeyir. Bir də ayılar…

- Yoox, dünən görmədiniz, şanı kəsəndə necə yığışdılar. Arılar şirəylə yaşayır. Biz balı süzəndə onlara qışda yemək üçün də bal saxlayırıq. Yoxsa, arı qışdan çıxmaz.

- Buradakı arıların çoxu indi kişilərin həndəvərində fırlanırlar? Niyə qadınlara siz deyən yaxın düşmürlər?

- Arıların sərt qoxulardan acığı gəlir. Kişilər də bərk tərləyir axı. Arılar əsəbiləşir və o qoxu gələn tərəfə cumub, təhlükəyə hücum eləmək istəyirlər. Yəni o arılar indi kişiləri hərləyirlər ki, vursunlar.

- Axı, özləri də öləcək…

- Yəqin, arılar bunu bilmir də…

Günel Mövlud
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2773

Oxşar yazılar