Yaxşı iş, normal maaş, istirahət, sosial və tibbi sığorta...
28 aprel 2009 13:00 (UTC +04:00)

Yaxşı iş, normal maaş, istirahət, sosial və tibbi sığorta...

Dövlət Əmək Müfəttişliyi əmək bazarındakı problemləri kompleks həllinə çalışır

“Hələ də əmək bazarında işçilərin sosial hüquqlarının pozuntusu halları qeydə alınır. Bu, daha çox müqavilələrin bağlanmasında, əməkhaqqının aşağı həddə rəsmiləşdirilməsində özünü göstərir”.

Lent.az-ın məlumatına görə bu fikri Beynəlxalq Əməyin Mühafizəsi Günü ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi müşavirədə nazir müavini Natiq Məmmədov söyləyib. “Təhlükəsiz əmək hər bir insanın hüquqdur” mövzusunda keçirilən müşavirədə nazirliyin müvafiq qurumlarının rəhbərləri, habelə iri şirkətlərin nümayəndələri əmək şəraiti və işçilərin sosial hüquqlarının qorunmasına dair fikirlərini bölüşüb.

Natiq Məmmədov bildirib ki, 90 il əvvəl yaradılan Beynəlxalq Əmək Təşkilatı 2003-cü ildən aprelin 28-ni Əməyin Mühafizəsi Günü kimi qeyd edir. Onun sözlərinə görə, Azərbaycan da 1992-ci ildən bu təşkilatın üzvüdür və ötən müddət ərzində əməyin mühafizəsi sahəsində ciddi tədbirlər görülüb. Təkcə ötən il ərzində ölkədə 27 mindən artıq əmək müqaviləsinin leqallaşdırılıb.

Bununla belə, nazir müavini həmin sahədə çoxlu problemlərin hələ də qaldığını etiraf edib. Onun sözlərinə görə, işəgötürənlər indiyədək əmək müqavilələrində minimum əmək haqqını, yəni 75 manatı qeyd edirlər. O, Dövlət Statistika Komitəsinin məlumatına əsaslanaraq deyib ki, hazırda dövlət müəssisələrində orta aylıq əmək haqqı 268, özəl sektorda 342 manatdır.

Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü isə bildirib ki, ötən il Azərbaycanda 2569 müəssisədə əmək şəraiti və əməyin təhlükəsizliyi, habelə işçilərlə müqavilələrin olub-olmadığını müəyyənləşdirmək üçün yoxlamalar aparılıb. Bu müəssisələrin 119-u dövlət, 1450-si isə özəl sektora aiddir.

Bundan başqa, ötən il vətəndaşlardan daxil olmuş 2321 ərizə və şikayət, müəssisə və təşkilatlar tərəfindən göndərilmiş 1320 müxtəlif xarakterli müraciət və sorğular araşdırılaraq cavablandırılıb. Nəbi Şükürlü bildirib ki, aparılan araşdırmalar nəticəsində işəgötürənlər tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı 9504 fakt aşkarlanıb. Bunlar iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslaşmış müəssisələrdir: “Pozuntulara daha çox sənaye tikinti, ticarət, xidmət və ictimai iaşə müəssisələrində yol verilib. Bu cür hallarının təkcə 57 faizi özəl qurumların payına düşür”.

Nəbi Şükürlü bildirib ki, ötən il törədilmiş inzibati xətalara görə 480 vəzifəli və hüquqi şəxs 890239 manat məbləğində cərimələnib. Bu cərimələrin 83 faizdən çoxu özəl müəssisələrin payına düşüb. Hesabat müddətində 27781 nəfər fiziki şəxslər əmək müqaviləsinin bağlanılması təmin edilib.

Müşavirədə çıxış edən “Azersun Holdunq”in və “Akkord” Şirkətlər Qrupunun nümayəndələri də son iki ildə əmək bazarında işəgötürənlərlə işçilər arasında əmək münasibətlərinin xeyli yaxşılaşdığını söyləyiblər. “Azersun Holdunq”in nümayəndəsi Rəhmi Yaşar hər bir istehsal müəssisəsinin ölkə iqtisadiyyatında yer tutmasında üçün əmək şəraitinin mühüm şərt olduğunu bildirib. Onun sözlərinə görə, hər bir işəgötürən fəaliyyətə başlayarkən bu məsələyə xüsusi diqqət yetirməlidir.

“İqtisadiyyatda yerini möhkəmləndirmə, yüksək keyfiyyətli məhsul etmək istəyən şirkət işçilərlə münasibətləri sivil qaydada tənzimləməlidir. Yaxşı iş şəraiti, normal maaş təmin edilsə, işçinin istirahət, müalicə almaq kimi hüquqları kompleks şəkildə həll edilməli və bunların hamısı müqavilədə əks olunmalıdır. Belə olsa, hər bir müəssisə yüksək keyfiyyətli məhsul istehsal etməyə qadir olar” - deyə, Rəhmi Yaşar bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1419

Oxşar yazılar