Bakı Tikiş Fabrikində yoxlamalar aparılacaq
08 sentyabr 2010 17:07 (UTC +04:00)

Bakı Tikiş Fabrikində yoxlamalar aparılacaq

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (ASMPDK) sertifikatsız məktəbli geyimi istehsal etdiyi üçün “Bakı Tikiş” Açıq Səhmdar Cəmiyyətində yoxlama aparacaq.

Bu barədə APA-ya komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verib.

Onun sözlərinə görə, SMPDK tərəfindən məktəbli geyimlərinin tikilməsi üçün heç bir müəssisəyə, eləcə də Bakı Tikiş Fabrikinə sertifikat verilməyib: “Nazirlər Kabinetinin 543 saylı qərarına görə, uşaq geyimləri və 44 ölçüyədək olan geyimlər məcburi qaydada sertifikatlaşdırılmalıdır. Amma təəssüf ki, bu işlə məşğul olan müvafiq istehsal müəssisələri komitəyə müraciət etməyiblər. Biz geyimlərin, onun parçalarının keyfiyyətinə hansı standartla tikilməsini yoxladıqdan sonra sertifikat verməliyik. Amma məktəbli formasının sertifikatı olmadığı üçün biz onun keyfiyyətinə zəmanət vermirik”.

F.Talıblı bildirib ki, məktəbli geyimləri məcburi sertifikatlaşdırılmış mallar siyahısına daxil olduğundan, istehsalçılar sertifikat almaq üçün komitəyə müraciət etməli və təcrübə-sınaq mərkəzi laboratoriyasına ekspertiza məqsədilə məhsul nümunələrindən sınaqlar təqdim etməlidir. Analiz aparıldıqdan və müsbət rəy verildikdən sonra geyimlər bir il müddətinə sertifikatlaşdırılır. Bunun əsasında da məhsulun istehsal edilərək satışa çıxarılmasına icazə verilir.

F.Talıblı deyib ki, məsələ ilə bağlı yaxın vaxtlarda komitənin dövlət nəzarəti idarəsinin əməkdaşları sertifikatsız məhsul istehsalına görə Bakı Tikiş Fabrikində yoxlama aparacaq və müvafiq tədbirlər görəcək: “Bakı Tikiş Fabrikinin sertifikatsız geyim istehsal etməsi bizim üçün tutarlı faktdır və bu, artıq qanun pozuntusudur. Bu, bizə kifayət edir ki, həmin müəssisəni cərimələyək. Bu çərimə İnzibati Xətalar Məcəlləsinə əsasən, fiziki şəxslər üçün 1500-2000 manatadək, hüquqi şəxslər üçün isə 4000-5000 manatadəkdir. Yoxlamalardan sonra geyimlərin keyfiyyəti barədə ictimaiyyətə məlumat veriləcək”.
# 1092

Oxşar yazılar