Təhsil Nazirliyi uşaqların ailələrə verilməsi ilə bağlı plan hazırlayıb
01 iyun 2010 18:30 (UTC +04:00)

Təhsil Nazirliyi uşaqların ailələrə verilməsi ilə bağlı plan hazırlayıb

Sənəddə alternativ ailələr olmadıqda kimsəsiz uşaqların taleyinin necə olacağı, ayrıca ailə tipli evlərin harada tikiləcəyi də əksini tapıb

Bu gün Təhsil Nazirliyində Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə münasibəti ilə hesabat iclası keçirilib. Mərasimdə nazirliyin müvafiq qurumlarının rəhbərləri ilə yanaşı “Azərcell Telekom” MMC-nin, UNİSEF-in nümayəndələri, Bakı şəhərinin rayon icra hakimiyyətləri nəzdində fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqları komissiyalarının sədrləri də iştirak edib.

Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov son illər Azərbaycanda uşaq hüquqları sahəsində həyata keçirilən islahatlardan danışıb. Onun sözlərinə görə, hazırda Azərbaycanda uşaq hüquqları sahəsində bir neçə Dövlət Proqramları və layihələr həyata keçirilir: “Biz daha çox sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı tədbirlərin önə çəkilməsini istəyirik. Təbii ki, başqa kateqoriyadan olan uşaqların da problemləri həll edilməlidir və bu sahədə də müəyyən tədbirlər görülür. Biz belə qərara gəlmişik ki, toplanan məlumatlar bölüşdürülsün, sağlam uşaqlarla bağlı məlumatlar Təhsil Nazirliyinə, digər məlumatlar isə araşdırılsın və müvafiq tədbirlər görülsün”.

Misir Mərdanov uşaqların ailələrə verilməsi üzrə Dövlət Proqramının icrasından da danışıb. O qeyd edib ki, bu proqram hazırda uğurla həyata keçirilir və Nazirlər Kabinetinin qərarı ilə təhsil Nazirliyinin nəzdində bunun üçün ayrıca bir idarə yaradılıb. Həmin idarənin əməkdaşları birbaşa dövlət uşaq müəssisələrindən uşaqların öz ailələrinə və alternativ ailələrə verilməsi ilə bağlı plan hazırlayıb: “O plan hökumət tərəfindən təsdiq olunub və bir neçə beynəlxalq qurum həmin proqramın həyata keçirilməsi üçün bizimlə birgə fəaliyyət göstərir. Biz mütəmadi olaraq bu qurumun fəaliyyəti ilə bağlı ildə bir neçə dəfə ölkə ictimaiyyətinə məlumat veririk”.

Nazir qeyd edib ki, hazırlanan proqramda alternativ ailələr olmadıqda kimsəsiz uşaqların taleyinin necə olacağı, ayrıca ailə tipli evlərin harada tikiləcəyi də əksini tapıb

Misir Mərdanov deyib ki, hazırda Azərbaycanda 46 dövlət uşaq müəssisəsi fəaliyyət göstərir. Onlardan 41-i Təhsil Nazirliyinə, 3-ü Səhiyyə Nazirliyinə, 2-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabedir. Hazırda həmin müəssisələrdə 9 min 176 uşaq tərbiyə alır. Onlardan valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3 min 932 nəfər dövlət uşaq müəssisələrində təlim-tərbiyə alır və yaşayır. Onlardan 70 nəfəri hər iki valideynini itirmiş uşaqlardır. Nazirin sözlərinə görə, hazırda ən ciddi problem məhz həmin 70 uşaqla bağlıdır.

Misir Mərdanov vurğulayıb ki, Təhsil Nazirliyinə tabe olan 41 dövlət uşaq müəssisəsinin 14-ü birbaşa nazirliyin özü tərəfindən idarə olunur. Həmin müəssisələrdə olan uşaqların sayı 1459 nəfərdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan 2 müəssisədə yaşayan uşaqların sayı 310, Səhiyyə Nazirliyinin tabeliyində olan 3 müəssisədə tərbiyə olunan uşaqların sayı isə 91 nəfərdir.

Elxan SALAHOV
# 473

Oxşar yazılar