Qeydiyyata alınmayan QHT-lər Şuraya müraciət etdilər
05 aprel 2010 18:45 (UTC +04:00)

Qeydiyyata alınmayan QHT-lər Şuraya müraciət etdilər

Oqtay Gülalıyev: “Ümid edirik ki, həmişə olduğu kimi, QHT-lərin bu probleminə də həssaslıqla yanaşacaqsınız”
Son zamanlar bir sıra qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi ilə bağlı yaranan problemlər ciddiləşməyə doğru getməkdədir. Belə ki, bu ilin yanvar ayının 28-də Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK) təşəbbüsü ilə 11 QHT tərəfindən yaradılan “Qeydiyyatından İmtina olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsi”ndə təmsil edilən qeydiyyatsız təşkilatların sayı son 2 ayda 3 dəfə artaraq 33-ə çatıb. Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq qurumların, o cümlədən ABŞ Milli Demokratiya İnstitutunun, Avropa İttifaqının, Avropa Şurasının, USAİD- in, ABŞ səfirliyinin nümayəndələri Şəbəkənin üzvləri ilə görüşüblər. Bu yaxınlarda ABŞ Dövlət Departamentinin Hesabatında isə QHT-lərin qeydiyyat problemi xüsusi olaraq qeyd edilib. Eyni zamanda, VCDK tərəfindən son zamanlar bu istiqamətdə keçirilən ardıcıl tədbirlər problemin ictimailəşməsinə böyük təkan verib. Şəbəkəyə üzv olan bir sıra QHT- lərin qeydiyyat məsələsi hazırda həm də məhkəmə çəkişməsi mərhələsindədir.
Qeydiyyat probleminin həlli istiqamətində fəaliyyətini davam etdirən VCDK üzvləri Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevə müraciət edərək onunla görüşmək niyyətini ifadə ediblər. A.Quliyevə müraciət Əlaqələndirmə Şəbəkəsinin üzvü, Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DİUC) həmsədri Oqtay Gülalıyev tərəfindən ünvanlanıb.
Müraciətdə deyilir: “Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının təşəbbüsü ilə yaradılmış Qeydiyyatından İmtina Olunan QHT- lərin Əlaqələndirmə Şəbəkəsinin üzvləri olaraq QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri kimi sizinlə görüşmək və üzləşdiyimiz problemin həllində yardımçı olmanızı istəyirik. Ümid edirik ki, dövlətin QHT- lərlə bağlı siyasətini həyata keçirən qurumun rəhbəri olaraq, siz həmişə olduğu kimi, QHT- lərin bu probleminə də həssaslıqla yanaşacaq və problemin həlli ilə bağlı əməli addımlar atacaqsınız”.
Prezident yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının sədri ilə keçiriləcək görüşə VCDK üzvləri ilə yanaşı Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının nümayəndələrinin də qatılacağı və görüşdə qeydiyyat məsələsindən başqa vətəndaş cəmiyyəti institutlarının digər problemlərinin də müzakirə olunacağı nəzərdə tutulur.
# 368

Oxşar yazılar