Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükə necə müəyyənləşdiriləcək? – QAYDA
13 dekabr 2012 10:32 (UTC +04:00)

Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükə necə müəyyənləşdiriləcək? – QAYDA

Nazirlər Kabineti ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi qaydasını təsdiqləyib.

Lent.az-ın verdiyi məlumata görə, bu qayda “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 nömrəli fərmanının 2.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb və ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən (GMOB) yarana biləcək təhlükənin təyin edilməsi üsullarını müəyyən edir.
Azərbaycan Respublikasının ərazisində aşkarlanan GMOB ilə bağlı aparılan tədqiqat işlərinin istiqamətlərinin müəyyən edilməsi, GMOB-dən yarana biləcək təhlükənin təyin olunması və müvafiq rəylərin verilməsi məqsədi ilə Elmi-Texniki Şuranın nəzdində GMOB üzrə ixtisaslaşdırılmış ekspert şurası (yaradılır. Ekspert şurasında Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nümayəndələri təmsil olunurlar. Azərbaycan Respublikasının ərazisində GMOB aşkarlandıqda, ekspert şurasının üzvlərindən və cəlb edilmiş yüksəkixtisaslı alim və mütəxəssislərdən ibarət tədqiqat qrupu yaradılır.
Azərbaycan Respublikasının ərazisində GMOB aşkarlandıqda, ekspert şurası tərəfindən GMOB-dən yarana biləcək təhlükənin təyin edilməsi məqsədi ilə tədqiqatın başa çatdırılmasına ayrılmış vaxt da göstərilməklə, hərtərəfli iş planı hazırlanır və Elmi-Texniki Şuranın təqdimatına əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti bu iş planını təsdiq edir. Tədqiqat qrupu aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- GMOB-nin əkildiyi ərazilərin yaxınlığında becərilən mədəni bitkilərə onun təsirinin öyrənilməsi;
- GMOB-nin əkildiyi ərazilərin yaxınlığında bitən təbii flora elementlərinə onun təsirinin öyrənilməsi;
- GMOB-nin əkildiyi ərazilərin yaxınlığında saxlanılan, GMOB və onun məhsulları ilə yemlənən kənd təsərrüfatı heyvanlarına və bal arılarına GMOB-nin təsirinin öyrənilməsi;
- GMOB-nin əkildiyi ərazilərdə
məskunlaşan vəhşi heyvanlara və həşəratlara onun təsirinin öyrənilməsi;
- GMOB-nin və onların məhsullarının istifadəsinin insanlara təsirinin öyrənilməsi.
Tədqiqat qrupu Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq laboratoriyalarında tədqiqatlar aparır. Ekspert şurası tədqiqatın nəticələri əsasında müəyyən edilmiş təhlükənin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə rəy verir. Həmin rəy əsasında Elmi-Texniki Şura tərəfindən GMOB-dən yarana biləcək təhlükənin aradan qaldırılması barədə hazırlanmış tədbirlər planı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində təsdiq edilir və tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbərliyinə təqdim edilir. Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr ölkə daxilində aşkar edilmiş GMOB-dən yarana biləcək təhlükənin təyin edilməsi məqsədi ilə analiz üçün materialların maneəsiz götürülməsində tədqiqat qrupuna hərtərəfli kömək göstərirlər.
# 836

Oxşar yazılar