Əflatun Amaşov beynəlxalq konfransda şikayətlərdən danışıb
16 noyabr 2012 15:10 (UTC +04:00)

Əflatun Amaşov beynəlxalq konfransda şikayətlərdən danışıb

Mətbuat Şurasının sədri Əflatun Amaşov Kiyevdə Avropa Şurasının layihəsi əsasında medianın özünütənzimləməsinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib.

Mətbuat Şurasından Lent.az-a verilən məlumata görə, Mətbuat Şurasının sədri çıxışında rəhbərlik etdiyi qurumun ötən on ay müddətindəki fəaliyyət istiqamətlərindən, şikayətlərin araşdırılması prosesində maraqlı tərəflərin mənafelərinin ödənilməsi məsələlərindən danışıb.


Ölkəmizdəki özünütənzimləmə metodlarından ətraflı bəhs edən Əflatun Amaşov Mətbuat Şurasının bir model kimi effektivliyini təsdiqləyən məsələləri qeyd edib. Onun sözlərinə görə, MDB məkanında ilk dəfə olaraq Azərbaycanda tətbiq edilə bu modelin ümumən media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin nizamlanmasında daha mütəhərrik struktura çevrilməsi zəruridir. Çünki hazırda informasiya daşıyıcıları olan qurumların – internet xəbər portallarının, sosial media vasitələrinin saylarının artım dinamikası müşahidə edilir.

Qeyd edək ki, noyabrın 16-dan 18-dək davam edəcək konfransda MDB-nin və Avropanın bir sıra ölkələrindən olan media qurumlarının rəhbərləri iştirak edirlər. Başlıca müzakirə mövzuları içərisində postsovet və postsosialist məkanında söz və ifadə azadlıqlarının vəziyyəti, KİV-lərin özünütənzimləməsi ilə bağlı meydana çıxan yeni tendensiyalar müzakirə edilir. Toplantının növbəti günlər üçün nəzərdə tutulmuş iş planına medianın Ukraynada keçirilmiş parlament seçkisini işıqlandırmasına dair vəziyyət ətrafında fikir mübadiləsinin aparılması da daxildir.
# 823

Oxşar yazılar