Qeyri-dövlət pensiya fondlarının yaradılması istiqamətində addımlar atılacaq
18 oktyabr 2012 16:03 (UTC +04:00)

Qeyri-dövlət pensiya fondlarının yaradılması istiqamətində addımlar atılacaq

Bu gün Bakı Biznes Universitetində Azərbaycanın sığorta-pensiya sisteminin son 20 ildəki inkişaf tarixinə həsr olunan konfrans keçirilib. Dövlət Sosial Müdafiə Fondu (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, toplantıda çıxış edən DSMF sədri Səlim Müslümov Azərbaycanın sığorta-pensiya sisteminin 20 illik inkişafının əsas istiqamətlərindən danışıb.


Fondun sədri həyata keçirilən islahatlar nəticəsində ölkəmizin beynəlxalq standartlara tam cavab verən sığorta-pensiya modelinin formalaşdığını və bu modelin müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirdiyini söyləyib. Yeni sığorta-pensiya sisteminin fəaliyyəti dövründə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqlarının həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib. Onun sözlərinə görə, ötən dövr ərzində görülən islahat tədbirləri hər il pensiya məbləğlərinin əhəmiyyətli artımını şərtləndirib. 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı 6 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyası tamamlanıb. Hazırda əmək pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 167,7 manata çatıb. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-i pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxıb. Bu gün ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin 40 faizə, yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbətinin isə 45 faizə çatdığını qeyd edib.

Konfransda müəllim və tələbələrin suallarını cavablandıran Səlim Müslümov perspektivdə sığorta-pensiya sistemində gözlənilən yeniliklərdən bəhs edib. O nəzərə çatdırıb ki, sığorta-pensiya sisteminin inkişafı beynəlxalq standartlar üzrə həyata keçirilən aktuar hesablamalara əsaslanaraq aparılır: “Pensiyaların baza hissəsinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması, orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, pensiya təminatına yönəldilən vəsaitlərin ÜDM-ə nisbəti üzrə beynəlxalq təcrübədə qəbul olunmuş normaların gözlənilməsi qarşıda duran əsas vəzifələrdəndir”. DSMF sədri qeyd edib ki, nəzərdə tutulan islahatların vaxtında həyata keçirilməsi üçün sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin olunması əsas şərtdir. Mövcud bazar iqtisadiyyatı şəraitində sosial ödənişlərə yönəldilən vəsaitlər öz mənbəyini real iqtisadiyyatdan, daha konkret desək, əməkhaqlarının sosial sığortaya cəlb olunmasından götürməlidir. Bu məqsədlə həm iqtisadiyyatdakı əməkhaqqı məbləğlərinin tam uçota alınması, həm də sosial sığortalanmadan yayınmanın aradan qaldırılması öz həllini tapmalıdır. İşləyənlərin iş yerlərində rəsmiləşdirilməsinə və əməkhaqqının tam leqallaşmasına nail olmaq, bu yolla sosial sığorta haqları kimi ödənən və fərdi hesablarda qeydə alının pensiya kapitallarını artırmaq əsas hədəf kimi seçilib və son vaxtlar bu istiqamətdə müvafiq addımlar atılmaqdadır: “Maliyyə dayanıqlığının artırılmasına yönəldilmiş istiqamətlərdən biri də sığorta-pensiya sistemində yığım komponentinin tətbiqidir. Yığım komponentinin tətbiqi daha mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən daha çox asılıdır”.

Səlim Müslümov hazırda yığım komponentinin tətbiqi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təhlillərin aparılması işinin davam etdirildiyini vurğulayıb: “Daha bir istiqamət qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlıdır. Qarşıdakı illər ərzində Azərbaycanda qeyri-dövlət pensiya fondlarının yaradılması üçün qanunvericilik bazasının formalaşdırılması istiqamətində addımlar atılacaq”.
# 793

Oxşar yazılar