Palatka toylarında “ölüm” yeyənlər - ARAŞDIRMA
18 oktyabr 2012 14:04 (UTC +04:00)

Palatka toylarında “ölüm” yeyənlər - ARAŞDIRMA

Yay fəslinin geridə qalmasına baxmayaraq, toylarda qidadan zəhərlənmələr hələ də davam edir. Bunlar barədə mətbuatda dəfələrlə yazılsa da, əsasən şəhər restoranlarına toxunulub. Aidiyyəti qurumlar da adətən restoran və digər iaşə obyektlərində yoxlamalar aparırlar. Amma, ucqar kəndlərdəki “palatka” toyları bir növ diqqətdən kənarda qalıb. O da məlumdur ki, kənd yerlərində bişirilən yeməklər kustar üsulu ilə hazırlanır. Bundan başqa, toy tədarükü üçün alınan ərzaqlar gigiyenik baxımdan münasib olmayan yerlərdə saxlanılır. Yeməkləri bişirənlər isə peşəkar aşpaz deyil, sıradan biri olur.

Bəlkə də buna görədir ki, ötən həftə iki ucqar rayonda bir-birinin ardınca toy məclislərində kütləvi zəhərlənmələr oldu. Birinci hadisə oktyabrın 10-da Tərtərin Ələsgərli kəndində baş verdi. Həmin gün günorta saatlarında başlayan mərasimdə iştirak edənlərdən bir hissəsi qusma, yüksək hərarət şikayətləri ilə rayonun mərkəzi xəstəxanasına müraciət edib. Ümumilikdə toydakı qonaqlardan bəy də daxil olmaqla 48 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı, hətta, Tərtər rayon polis şöbəsində cinayət işi də açılıb.

Digər kütləvi zəhərlənmə faktı isə o birindən dörd gün sonra Qazaxda qeydə alındı. Rayonun Daş Salahlı kəndində keçirilən toy zamanı 35 nəfər zəhərləndi. Zəhərlənənlər arasında hətta körpə uşaqlar da oldu.

İlkin versiyaya görə, zəhərlənməyə məclisdə qonaqlara təklif olunan balıq qidası səbəb olub.

Qeyd olunan faktlar bu sahəyə nəzarətin qənaətbəxş olmadığını göstərir. Belə demək mümkünsə, özəl sektora, yəni restoranlara nəzarət olunur, amma “palatka” toylarının məsuliyyəti vətəndaşların üzərinə buraxılıb. Ekspertlər də bu sahədəki boşluqdan narahatlıqlarını ifadə edirlər. bildirirlər ki, istənilən halda toy sahibi diqqətli olmalıdır.

Günah öləndədir?

Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov bizimlə söhbətində dedi ki, ümumiyyətlə, şəhər-kənd fərqi yoxdur, toylarda yemək bişirən şəxslər peşəkar olmalı və sanitar-gigiyena qaydalarına riayət etməlidirlər:

“Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsinin saytını açıb baxsanız, görəcəksiniz ki, son günlər şəhərdə bir neçə restoran yoxlanılıb. Görün, o restoranlar nə gündədir... Şəhərdə belə olanda, kənddə vəziyyət necə olacaq?!”

Baş kulinarın sözlərinə görə, dünyada aşpazla həkimin qiyabi təhsili yoxdur. Onları 5-6 il öyrədirlər ki, artıq peşəkar olsunlar: “Ona görə, aşpaz da həkim kimidir. Əgər qeyri-peşəkarın bişirdiyi yeməklərdən zəhərlənmələr olubsa, həmin şəxs dərhal həbs olunub cərimələnməlidir. Aşpaz o demək deyil ki, əlinə qaşıq alan toyda yemək bişirsin, onun da təhsili olmalıdır”.

T. Əmiraslanov həmçinin vurğuladı ki, bu kimi hallara qarşı nəzarət olunmalıdır: “Ticarət Nazirliyi ləğv olunanda ictimai iaşə sahəsi dağıdıldı. İndi bu sahədə Səhiyyə və İqtisadi İnkişaf nazirliklərinə, həmçinin digər qurumlara səlahiyyətlər verilməlidir ki, bu sahəyə nəzarət olunsun. Düzdür, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi müəyyən yoxlamalar aparır, cərimələr tətbiq edir. Amma bunlar azdır.

Toy edən şəxsin də üzərinə böyük məsuliyyət düşür. O, toydan əvvəl fikirləşməlidir ki, bu adam aşpazdır, ya yox, onun sənədi lisenziyası varmı?! Bizim vətəndaşlarda bir az “başısoyuqluq” da var. Məsələn, toyda zəhərlənən gedib mədəsini yuduzdurur, sonrasını düşünmür. Yəni, deyir nəyimə lazımdır ki, gedim buna görə kimlərəsə şikayət edim. Buna görə də, el arasında bir deyim var – günah öləndədir!”

Məsuliyyət yenə də vətəndaşların üzərində!

Mövzu ətrafında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımovla da əlaqə saxladıq. Bildirdi ki, bu sahədə özəl və dövlət sektoruna nəzarət olsa da, kənd yerlərində məsuliyyət vətəndaşların üzərinə düşür: “Ayrı-ayrı şəxslər toy mərasimi keçirmək üçün ilk növbədə ərzaq alırlar. Həmin ərzaq isə düzgün şəraitdə saxlanılmır. Səhəri gün ərzaq emal olunur və camaata verilir. Ona görə də ucqar ərazilərdə toy edən şəxslər birinci növbədə ərazidə yerləşən gigiyena – epidemiologiya mərkəzinin mütəxəssisləri ilə məsləhətləşməlidirlər. Məhsulu necə saxlamaq və emal etmək barədə bilgilər əldə etməlidirlər. Toy sahibləri bu barədə həmçinin peşəkar aşpazlarla məsləhətləşməlidirlər. Amma əfsus ki, bunu heç kim nəzərə almır. Buna başqa cür necə nəzarət etmək olar, əsas məsuliyyət yenə də vətəndaşların üzərinə düşür. Heç kim istəməz ki, toyuna gələnlər qidadan zəhərlənsin. Buna görə də, əvvəlcədən məsuliyyətli olmaq lazımdır. Mən neçə ildir ki, mətbuat və televiziya vasitəsilə bu məsələləri vətəndaşların diqqətinə çatdırmışam. Vətəndaşlar da bunları nəzərə almalıdırlar. O ki qaldı, özəl sektor və dövlət obyektlərinə, bu sahədə həm maarifləndirmə işləri, həm də monitorinqlər aparılır. Həmçinin, qeydə alınan qanunsuzluqlar barədə tövsiyələr verilməklə yanaşı, cərimələr və sanksiyalar da tətbiq olunur”.

Nazirlik hər şeyə “okey” deyir

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da vəziyyətdən xeyli narahatdır: “Nə qədər ki, ekspertiza aparan, əhalinin sağlamlığının keşiyində duran orqanla sertifikat verən orqan eynidir, bu məsələ qaranlıq qalacaqdır. Səhiyyə Nazirliyi həm insanların ərzaqdan zəhərlənməsini qeydiyyata alır, həm də bütün mallara gigiyenik sertifikat verir. Bir sözlə, hər şeyə “okey” deyir, hər şeyi yoxlayır. Birmənalı şəkildə deyirəm ki, Azərbaycanda ciddi ərzaq zəhərlənməsi var, lakin bunlar gizli saxlanılır. Biz səhər-səhər bazarlara girsək, görəcəyik ki, qapağı açılmamış şorbalara sağlamlıq kağızı verilib, guya ki, yoxlanılıb. Bazarda olan laboratoriyaların heç biri akkreditasiya olunmayıb. Bu barədə bizim əlimizdə rəsmi sənədlər var. Hesab edirəm ki, bu sahədə olan problem hələ həll olunmayıb. Təəssüflər olsun ki, hələ də istehlakçı hüquqlarını mükəmməl qorumağa hazır olmayanlar da var. Bir məsələ də var ki, əhali bilə-bilə məhsullun istifadə vaxtı bitib, amma, yenə də şikayət etmək istəmir. Salatlar var ki, onların saxlanma müddəti cəmi bir neçə saatdır. Lakin, bu gün belə salatların sutkalarla saxlandığını görürük. Ümumiyyətlə deyə bilərəm ki, zəhərlənmə ilə bağlı məsələlər çox qeyri-şəffaf saxlanılır”.

Kənd toylarında və ev şəraitində zəhərlənmələrə gəldikdə isə günahın ölənin özündə olduğunu deyir Eyyub müəllim. Ona görə ki, məhsul ev şəraitində, ağzıaçıq və antisanitar şəkildə saxlanılır, bu da xoşagəlməz hallara gətirib çıxarır.

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətindən də bildirirlər ki, qida zəhərlənmələrinin əhali arasında yayılmasının qarşısının alınmasında təkcə sanitar orqanları deyil, vətəndaşların da nəzarəti və iştirakı mühüm rol oynayır. Vətəndaşlar marketlərdən, mağazalardan, bazarlardan aldıqları ərzağa diqqət yetirməli, keyfiyyət sertifikatını tələb etməlidirlər. Ən başlıcası isə, hər bir şəxs ərzaq məhsullarının daşınması, saxlanılması, realizasiyası, bişirilməsi, paylanılması və yeyilməsi zamanı sanitar-gigiyenik və texnoloji qaydalara ciddi əməl etməlidir.

(kaspi.az)
# 3878

Oxşar yazılar