Avtomobilə texniki baxışla bağlı təzə təkliflər - ARAŞDIRMA
18 oktyabr 2012 08:00 (UTC +04:00)

Avtomobilə texniki baxışla bağlı təzə təkliflər - ARAŞDIRMA

“Azərbaycanda çox az sahə qalıb ki, Sovet dövründəki sistemlə işləyir. Avtomobillərin texniki baxışının polis tərəfindən aparılması da bu sahələrdəndir. Bu konsepsiya hətta keçmiş SSRİ ölkələrinin əksəriyyətində işləmir. Sözügedən sferada dəyişən yalnız müasir avadanlıqlar vasitəsilə avtomobillərin texniki baxışdan keçməsidir. Hesab edirik ki, avtomobillərin texniki baxışdan keçirilməsi məsələsi dövlətsizləşdirilməlidir”. Bu sözləri bizimlə söhbətində ölkə prezidentinə texniki baxış prosedurlarında dəyişiklik edilməsi üçün müraciət edən QHT-lərdən biri, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu bildirdi.

“Texniki baxış köhnə sovet sistemini xatırladır”

Qeyd edək ki, oktyabrın 15-də 20-dən çox QHT rəhbəri ölkə prezidenti İlham Əliyevə müraciət edib. Müraciətdə nəqliyyat vasitələrinin dövlət texniki baxışdan keçmə sistemində islahatlar, ilk növbədə təzə avtomobillərin 3 il ərzində texniki baxışdan azad edilməsi təklif olunur. QHT rəhbərləri qeyd edir ki, texniki baxış sisteminin təşkili və idarə olunmasını dövlət inhisarından çıxarmaq və bu sahəni avtomobil istehsal edən şirkətlərin xüsusi sertifikatlarına malik özəl şirkətlərə, avtomobillərə xidmət üzrə ixtisaslaşmış dilerlərə etibar etmək mümkündür: “Bir çox ölkələrdə texniki baxışı özəl şirkətlər həyata keçirir. Bu, sağlam rəqabət mühitinin formalaşması və istehlakçıya daha keyfiyyətli xidmət göstərilməsini təmin edir. Ümid edirik ki, bu vacib sahədə yaxın zamanlarda islahatlara start veriləcək. Bu sahədə islahatlar yüz minlərlə avtomobil sahibinin arzusudur”.

Hazırda dövlət texniki baxışı zamanı avtomobillərin yeni müasir avadanlıqla yoxlanıldığını deyən QHT rəhbərləri sözügedən sahədə son illər texniki yeniləşmə və təminat istiqamətində müsbət dəyişikliklər olduğunu bildiriblər: “Lakin, xüsusilə də Bakı şəhərində bu sistemin mərkəzləşdirilmiş qaydada təşkili, texniki baxış müddətinin azlığı və avtomobillərin sayının ildən-ilə artması son nəticədə uzun növbələrin yaranmasına, idarəetmə sahəsindəki şəffaflığın azlığı, hesabatlılığın olmaması, mövcud prosedurların mürəkkəbliyi bütövlükdə bu işin təşkilində korrupsiya halların müşahidə olunması avtomobil sahiblərində xeyli narazılıq yaratmaqdadır. Ümumiyyətlə, demək olar ki, texniki baxış sistemi hələ ki, köhnə sovet sistemini xatırladır. Bu səbəblərdən burada ciddi islahatlara böyük ehtiyac duyulur”.

Müraciəti bir sıra QHT rəhbərləri - Sabit Bağırov, Qubad İbadoğlu, Azər Mehtiyev, Sevil Allahverdiyeva, Məlahət Mürşüdlü, Rauf Zeyni, Razi Nurullayev, Eyyub Huseynov, Rəsul Cəfərov, İlqar İbrahimoğlu, Anar Məmmədli, İntiqam Əliyev və başqaları imzalayıb.

“Hazırladığımız konsepsiya gerçəkləşsə...”

Qubad İbadoğlu deyir ki, xarici ölkələrin təcrübəsi və bu sahədəki mövcud vəziyyətdən çıxış edərək ictimai təşəbbüs irəli sürməyi qərara alıblar: “Gördük ki, bu sahədə islahatların aparılmasına ehtiyac var. Bunun üçün nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi dövlətsizləşdirilməlidir. Daha dəqiq desək, bu fəaliyyəti həyata keçirmək üçün dövlət özəl şirkətlərə lisenziya verməlidir. Hesab edirik ki, bu, Azərbaycanda da mümkündür. Xarici təcrübəyə əsaslanaraq hazırladığımız konsepsiya beynəlxalq standartlara uyğundur. Bu konsepsiya gerçəkləşsə, həm texniki təhlükəsizlik, həm də vətəndaşların rahatlığı baxımından yaxşı olar”.

Q.İbadoğlunun sözlərinə görə, texniki təhlükəsizliyin polis tərəfindən həyata keçirilməsi Özbəkistan, Tacikistan kimi çox az sayda ölkədə qalıb. Müsahibimiz avtomobil sahiblərinin təmir üçün onsuz da müxtəlif məntəqələrə müraciət etdiyini və həmin texniki xidmət məntəqələrinin lisenziya almaq yolu ilə bu işləri gerçəkləşdirə biləcəyini dedi:

“Digər variant isə müxtəlif şirkətlərin qurularaq bu istiqamətdə fəaliyyət göstərmələridir. Üçüncü istiqamət də budur ki, ümumiyyətlə, texniki baxış ləğv olunur. Əksər ölkələrdə təzə maşınlar ilk 3 ildə, ümumiyyətlə, texniki baxışdan keçmirlər. Şəxsi maşınların məcburi texniki baxışı hətta bəzi ölkələrdə tamamilə ləğv edilib. Bu, yalnız ictimai maşınlar üçün qalıb”.

“Bəhanə ilə avtomobil sahiblərindən pul qoparmağa çalışırlar”

Prezidentə müraciət edənlərin arasında olan Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, ölkəmizdə texniki baxış ya ləğv edilməli, ya da özəl şirkətlərə verilməlidir: “Maştağadakı maşınların yeni müayinə mərkəzində texniki baxış zamanı heç bir problem tapa bilməyəndə avtomobildə faraların düzgün vurmadığını, çarxların aralanmasını yalandan əsas gətirərək avtomobil sahiblərindən pul qoparmağa çalışırlar. Adını da qoyurlar ki, kompyuter belə deyir. Çox istərdik ki, bu baxış pul yığmaq üçün deyil, texniki təhlükəsizliyi həqiqətən də qorumaq üçün tətbiq edilsin. Bunun üçün də avtomobillərin müayinə olunması özəl şirkətlərə həvalə olunmalıdır. İndiyə kimi eşitmişsinizmi ki, hansısa avtomobil qəzasında texniki baxış keçirib sənəd verənlər cəzalandırılsın. Buna görə də hesab edirik ki, bu sahədə islahatların aparılmasına ehtiyac var”.


Digər ölkələrdə necədir?

Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov sözügedən sahədə beynəlxalq təcrübəni bizimlə bölüşdü. O dedi ki, təzə avtomobillər Fransa, İspaniya, Cənubi Koreya, Rusiya, Qazaxıstanda 3 il, Almaniya, Böyük Britaniya, Yaponiya, Polşada isə 2 il müddətinə texniki baxışdan azad edilirlər. Fransa və İspaniyada 3 ili tamam olandan sonra istismar müddətinin 10 ilinə qədər maşınlar 2 ildən bir texniki baxışdan keçirilir. Almaniya və Yaponiyada yalnız 11-ci ilinə keçdikdə hər il texniki baxış tələb olunur. Rusiya və Qazaxıstanda 7, Polşada 4 ildən sonra hər il avtomobillərin texniki baxışdan keçirilməsi məcburi xarakter daşıyır. ABŞ-ın 13 ştatında isə avtomobillərin texniki baxışdan keçməsi vacib deyil. Yəni bu, maşın sahiblərinin istəyindən asılıdır. Digər ştatlarda isə ya hər il, ya da 2 ildən bir bütün avtomobillər texniki baxışdan keçmək məcburiyyətindədirlər. Çində isə vahid texniki baxış sistemi mövcud deyil, hər vilayət öz qaydasını tətbiq edir”.

S.Bağırov xarici təcrübədə texniki baxışın hansı təşkilatlar tərəfindən aparılmasından da danışdı: “Fransada texniki baxışı dövlət lisenziyası olan özəl şirkətlər həyata keçirir. İspaniyada özəl şirkələrlə yanaşı, rəsmi dilerlər də bu işi görürlər. Almaniyada dövlət lisenziyasına ehtiyac yoxdur. İctimai təşkilatdan lisenziya alan şirkətlər texniki baxışı təşkil edə bilirlər. Böyük Britaniyada bu işi Nəqliyyat Nazirliyinin tərkibində olan nəqliyyat və operator xidməti göstərən agentlik və ictimai təşkilat "İngilis avtoklubu", Yaponiyada dövlətə məxsus Müstəqil Texniki Baxış Agentliyi və dövlət lisenziyası olan özəl şirkətlər gerçəkləşdirir. Cənubi Koreya, Polşa və Qazaxıstanda da bu iş özəl şirkətlərə həvalə olunub. Rusiyada isə həm polis, həm də özəl şirkətlər sözügedən sahədə çalışırlar”.

Rusiyada ötən ildən etibarən avtomobillərin texniki baxış müddətinin uzadılması ilə bərabər, həm də texniki baxışdan keçməyən avtomobilin sürücüsünün cərimə edilməməsi barədə qayda tətbiq olunmağa başlayıb. Bunun əvəzində avtomobillər sığortalanmır. Qeyd edək ki, avtomobillərin sığortası Rusiyada məcburidir.

Xatırladaq ki, Ukraynada və Gürcüstanda da avtomobillərə texniki baxış ləğv edilib.

Türkiyədə texniki baxışı texniki imkanları, işçi personalı olan özəl müayinə mərkəzləri həyata keçirir. Ölkə şərti olaraq iki bölgəyə bölünüb. Hər bölgədə qeydiyyatda olan avtomobillər elə həmin bölgədə fəaliyyət göstərən texniki müayinə mərkəzlərində müayinədən keçə bilərlər.

Texniki baxış üçün rüsum və cərimə

Baş Dövlət Yol Polisi İdarəsinin saytından əldə etdiyimiz məlumata görə, nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi üçün mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat, mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur, əlavə olaraq avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir. Texniki baxış üçün avtomobillərin markaları nəzərə alınmaqla aşağıdakı müddətlər müəyyən olunub:

VAZ markalı avtomobillər üçün - yanvarın 1-dən mayın 1-dək;

QAZ, Moskviç, ZAZ, UAZ və digər MDB istehsalı olan avtomobillər üçün - mayın 1-dən iyulun 1-dək;

Yük avtomobilləri və avtobuslar üçün – iyulun 1-dən sentyabrın 1-dək;

Digər xarici dövlətlərdə istehsal olunmuş minik avtomobilləri üçün - sentyabrın 1-dən noyabrın 1-dək.

İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməməyə görə, fiziki şəxslər 30, vəzifəli şəxslər 40 manatdan 70 manatadək miqdarda cərimə edilirlər.

Qeyd edək ki, 2012-ci ilin əvvəli üçün ölkədə 1 mln-dan çox avtonəqliyyat vasitəsi olub.

kaspi.az
# 5085

Oxşar yazılar