Qəbələdə beş məktəb və bir uşaq bağçası istifadəyə verilib
17 oktyabr 2012 21:12 (UTC +04:00)

Qəbələdə beş məktəb və bir uşaq bağçası istifadəyə verilib

Oktyabrın 17-də Qəbələ rayonunun 6 kəndində 5 yeni məktəb binası və bir uşaq bağçası istifadəyə verilib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Nic qəsəbəsindəki 3 nömrəli məktəb üçün 360 şagird yerlik, 1 nömrəli Vəndam qəsəbə məktəbi üçün 624 yerlik, Tola kənd məktəbi üçün 180, Topbağ və Solquca kənd məktəbləri üçün 80 yerlik məktəb binalarının və Bum qəsəbəsində 25 yerlik uşaq bağçasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatı Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək sakinlərə təbriklərini çatdırıblar.

Natiqlər dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri qayğıdan bəhs etmiş, ölkədə gənclərin mükəmməl təhsilə yiyələnmələri, onların nüfuzlu ali məktəblərdə oxumaları, eləcə də bölgələrdə yeni məktəblərin inşası sahəsində həyata keçirilən tədbirlərdən danışıblar.

Qeyd edilib ki, son 10 ildə Qəbələ rayonunda 28 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, hazırda isə 180 şagird yerlik Kiçik Pirəlli kənd orta məktəbinin inşası davam etdirilir.

Çıxış edənlər müəllim və şagirdləri təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıblar.

Mərasimlərdə binaların açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, birinci sinif şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyəsi olan çantalar və məktəbli ləvazimatları verilmiş, təhsil ocaqlarının maddi-texniki bazası ilə tanışlıq olub.
# 1318

Oxşar yazılar