“Azəriqaz”-a müraciətlər azalır
03 sentyabr 2012 19:58 (UTC +04:00)

“Azəriqaz”-a müraciətlər azalır

ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyində vətəndaşların qəbulu, onların müraciətlərinin baxılaraq operativ şəkildə həlli məsələlərinə xüsusi diqqət yetirilir.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, vətəndaşlar müvafiq qrafikə uyğun olaraq, “Azəriqaz”-ın məsul işçiləri tərəfindən gündəlik qəbul edilir.
Təkcə cari ilin birinci yarısında “Azəriqaz” İB-nin məsul şəxsləri tərəfindən 438 vətəndaş qəbul edilib. Onların 285 nəfəri ilə müraciətlərinə uyğun olaraq izahat işi aparılıb. 102 nəfər mənzillərinin qazlaşdırılması ilə, 34 vətəndaş isə borcların ödənilməsi ilə bağlı problemlərinin olduğunu bildirib. Həmin müraciətlərlə əlaqədar yerli qaz istismar sahələrinə müvafiq tapşırıqlar verilib. Qazlaşdırma üçün sənədlərinin rayon qaz istismar sahələri tərəfindən qəbul edilməməsindən şikayətlənən 15 nəfərin sənədlərinin tam olmadığı müəyyənləşdirilib və onlara mənzillərinin qazlaşdırılması üçün sənədlərini tam tərkibdə toplayaraq təqdim etmələrinin zəruriliyi nəzərə çatdırılıb. Mənzillərinə sayğacların quraşdırılmamasından şikayətlənən digər vətəndaşlara isə mövcud qaydalarla bağlı ətraflı izahat verilib.

Müvafiq məsələlərlə bağlı mütəmadi olaraq “Azəriqaz”-ın yerli struktur bölmələrində tədbirlər keçirilir, müraciət edən hər bir vətəndaşa diqqət və həssaslıqla yanaşılması, onların problemlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqlar verilir, mövcud vəziyyət araşdırılır. Aparılan təhlillərə əsasən, son aylarda müraciətlərin sayında azalma tendensiyası müşahidə olunur ki, bu da yerlərdə aparılan maarifləndirmə və izahat işinin nəticəsidir.
# 1224

Oxşar yazılar