Azərbaycanda vaxtaşırı olaraq müğənnilərin, biznesi ölkəmizin sərhədlərini aşan iş adamlarının, hətta vəzifəli şəxslərin adı insan alverində hallanır. Amma hələ ki, belələrinin cinayət məsuliyyətinə cəlb olunması halları ilə rastlaşmırıq. Bu məsələdə onların köməyinə özlərinin, havadarlarının gücü ilə yanaşı, qurbanların cəsarətsizliyi də gəlir. Bu barədə “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova ilə söhbətləşdik.
Yeri gəlmişkən, ABŞ Dövlət Departamentinin son hesabatında qeyd edilir ki, hər il 800 mindən artıq insan qurbana çevrilir. Onların 80 faizi qadınlar və gənc qızlardır. Ümumiyyətlə isə dünya ölkələri üzrə insan alverinin qurbanlarının sayı 27 milyon nəfərə yaxındır. Bu sahədə Azərbaycanda Milli Fəaliyyət proqramı qəbul edilsə, Daxili İşlər Nazirliyində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi yaradılsa və insan alveri qurbanlarının reabilitasiyası üçün sığınacaq açılsa belə, hələ bu bəşəri cinayətin kökü ölkəmizdən təmizlənməyib. Lakin bu o demək deyil ki, insan alverinə qarşı mübarizə getmir. Bunu da müsahibimiz Mehriban xanım söylədi:
- İnsan alveri problemi bütün dünyada mövcuddur. Azərbaycanda isə bir sıra qeyri-hökumət təşkilatları DİN-lə birlikdə bu problemə qarşı fasiləsiz mübarizə aparır. DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi “Təmiz Dünya” ilə birgə bir sıra tədbirlər keçirir. İndi əsasən rayonlarda işə başlamışıq. Bu yaxınlarda Şamaxı, Göyçay, Gəncə, Mingəçevir və Şəmkirdə maarifləndirmə tədbirləri keçirdik. Amma Azərbaycanın özünəməxsusluqları var ki, bu sahədə mübarizəyə əngəllər törədir. Məsələn, insan alverinin qurbanları arasında ailədaxili zorakılıqdan əziyyət çəkənlər kifayət qədərdir. Amma bunu həmişə etiraf etmirlər. Bizə müraciət edənlərə isə köməyimiz dəyir. Məsələn, bu il bizə üz tutan 7 qadına dəyən maddi ziyanın məhkəmə yolu ilə ödənilməsinə, cinayətkarın məsuliyyətə cəlb edilməsinə nail olmuşuq. İnsan alveri qurbanı olan bir neçə qadını peşə məktəbinə göndərdik ki, hansısa bir ixtisasa yiyələnsinlər. Bu yolla onlar cəmiyyətə daha asan adaptasiya olunurlar.
Beynəlxalq hesabatlarda Azərbaycan insan alverində “mənbə ölkə” olmaqla yanaşı, eyni zamanda məcburi əmək və cinsi istismara məruz qalmış insanların daşınmasında tranzit ölkə kimi də tanınmaqdadır. Onu da deyim ki, hakimiyyət tərəfindən problemin qarşısını almaq üçün bir sıra addımlar atılır. Bir neçə il əvvəl insan alveri ilə mübarizə aparan ölkələr sırasında 3-cü qrupda qərarlaşan ölkəmiz bu addımlar nəticəsində artıq 2-ci qrupa daxil edilib. Əvvəlki illərə nisbətən bu məsələlərlə mübarizə aparmaq indi bir qədər asanlaşıb. Belə ki, bu problemlərin varlığını hökumət orqanları da artıq təsdiq edir və bu sahədə lazımi qanunvericilik bazası hazırlanıb. Hətta Səhiyyə Nazirliyində qurbanlara tibbi xidmət üçün xüsusi iş görülür. Məsələn, bu yaxınlarda bir hamilə qurbanın müalicəsi və doğuşu nazirlik tərəfindən tamamilə pulsuz və keyfiyyətli şəkildə həyata keçirildi. Bir neçə il əvvəl bu problemin varlığı barədə eşitmək belə istəmirdilər və qeyd edirdilər ki, bu məsələlər milli mentalitetimizə yaddır. Biz qadınların psixoloji və hüquqi yardım almaları üçün “qaynar xətt” də təşkil etmişdik. Qeyd edim ki, “qaynar xətt”ə müraciət edənlərin sayı kifayət qədər çoxdur. Onlar təkcə insan alverinin qurbanları deyil, eyni zamanda ailədaxili zorakılıqdan əziyyət çəkən qadınlardır. Onların arasında gənc qadınların sayı çoxluq təşkil edir.
- Demək olarmı ki, insan alveri bütün ölkə boyu yayılıb?
- İnsan alveri ölkə ərazisində geniş yayılıb. Lakin bəzi rayonlarda, məsələn, Şamaxı və Ağsuda trafikinqlə bağlı faktlara rast gəlmirik. İnsan alveri ilə bağlı faktların daha çox rast gəlindiyi bölgələr isə əsasən Gəncə, Şirvan, Mingəçevir, Xaçmaz və cənub rayonlarıdır. Qadınlarla bərabər, kişilər də trafikinqlə rastlaşırlar. Ancaq onların istismarı əmək xarakterli olur. İnsan alverinin qurbanı olan kişilər isə bu barədə susurlar. Bu səbəbdən də indiyə qədər ölkəmizdə çox az fakt qeydə alınıb. Bizdə olan məlumata görə, Zaqatalada kişilər arasında insan alveri kifayət qədər geniş yayılıb.
- İşinizdə əsasən hansı problemlərlə rastlaşırsınız?
- Əsasən qurbana çevrilən qadınların bizim təkliflərə şübhə ilə yanaşması bəzi problemlər yaradır. Məsələn, qurban qadına həkim-ginekoloq xidməti təklifi edirsən, buna şübhə ilə yanaşır. Çox həssas qruplardır. Bu qruplar bizim yardımlardan qaçır, daha çox “mama roza”lara inanırlar.
- Son zamanlar qadın alveri cinayətində məşhur insanların, xüsusilə də bəzi müğənnilərin adı hallanır. Sizcə, bu, nəyin əlamətidir?
- Müğənnilər cəmiyyətin gözü qarşısında olurlar və zaman-zaman populyarlaşırlar. Bu isə bəzilərinin etibarını qazanmağa kömək edir. Onların tez-tez xarici ölkələrə getmələri də təbii qarşılanır. İnsan alveri prosesində bəzi müğənninin adı hallanır. Amma gəlin görək konkret bircə nəfəri tapa bilərikmi ki, onlardan şikayət etsin. Müraciət olmadan da heç kimi cinayətdə ittiham etmək olmaz. İndiyə qədər cəmi bir nəfər müğənninin ailəsi ilə bağlı fakt aşkarlanıb və məsuliyyətə cəlb olunub.
- Bəzən bu məsələlərdə məmurların da adları çəkilir. Sizcə, belə bir şəraitdə bunun qarşısını almaq olar?
- Çox maraqlıdır ki, Azərbaycanda bu cinayətin spesifikası fərqlidir. Dünyanın əksər yerlərində insan alveri qurbanları mətbuatda dərc edilən elanlar, internet saytlarındakı işə dəvətlər vasitəsilə cəlb edilirlər. Azərbaycanda isə qurbanlar tanışları və yaxınları vasitəsilə cəlb olunurlar. Çox vaxt da qurbanlar elə bu səbəblərdən cəlb edənlərin adını açıqlamırlar. Buna görə də bizdə insan alverinin arxasında böyük mafioz qrupların dayanması sübuta yetirilməyib. Düzdür, bəzi QHT-lər bu tip bəyanatlar verirlər. Amma hansısa məmurla bağlı sübutlar təqdim olunurmu? Xeyr. Ola bilsin, haradasa xırda məmurlar, məsələn, sahə müvəkkili cinayəti bilib bu prosesdə iştirak etsin.
- Ölkədə insan alverçilərini birləşdirən mərkəzləşmiş qruplar varmı?
- Kiçik qruplar mövcuddur. Amma bu xarici ölkələrdəki kimi genişlənmiş mafioz qruplara rast gəlməmişik. Bir sıra qrupları isə aşkarlamışıq. Onlar da hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunub.
- DİN-in yaydığı məlumatlarda insan alverçilərinin yaxalanması faktları ilə tez-tez rastlaşırıq. Lakin eyni sayda məhkəmə proseslərinin şahidi olmuruq. Bu faktların məhkəməyə gedib çıxa bilməməsinin səbəbi nədir?
- Qeydə alınan faktlar hamısı araşdırılır. Amma araşdırma zamanı məlum olur ki, bu insan alveri cinayəti yox, məsələn, fahişəliyə cəlb etmə hadisəsiymiş. Bəzən insanlar bunları qarışdırır. Lakin ikinci cinayət ağır cinayət hesab edilmədiyindən buna yerli məhkəmələrdə baxırlar. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəməyə yalnız insan alveri cinayəti gedir. Digər tərəfdən isə insan alveri qurbanlarının məhkəmələri tam məxfi, qapalı şəkildə keçir deyə bura mətbuat buraxılmır və beləliklə də cəmiyyətin bu proseslərdən məlumatı olmur.
- Ölkəmizdən qurbanları əsasən hansı istiqamətə aparırlar?
- Pakistan, İran, Birləşmiş Ərəb Əmirlikləri və başqa şərq ölkələrinə aparılırlar. İnsan alverçilərinin məhz bu marşrutları seçməsi əsasən xərclərlə bağlıdır. Belə ki, onlar qurbanların mənzil başına çatdırılması üçün mümkün qədər ucuz variantları seçməyə çalışırlar.
Səbinə Əvəzqızı
Mehriban Zeynalova: “...Bizdən çox “mama roza”lara inanırlar”
3741