Əşrəf Mehdiyev: “Məqsədimə çata bilmədim” - MÜSAHİBƏ
17 dekabr 2008 18:17 (UTC +04:00)

Əşrəf Mehdiyev: “Məqsədimə çata bilmədim” - MÜSAHİBƏ

Qeyrət Partiyasının və Repressiya Qurbanları Assosiasiyasının rəhbəri Əşrəf Mehdiyev Lent.az-a danışdı

Kəfən - ölümə tədarükdür. Amma dirinin də kəfənə büründüyü olur. Ölkəmizdə bu cür qeyri-adi hərəkəti ilk dəfə o aksiyaya çevirib - Qeyrət Partiyasının və Repressiya Qurbanları Assosiasiyasının rəhbəri Əşrəf Mehdiyev. Bir vaxtlar odlu-alovlu çıxışları ilə diqqət cəlb edən, orijinal tədbirləri ilə daim gündəmdə olan Əşrəf Mehdiyevdən çoxdandır ki, səsi eşidilmir. Bu səbəbdən də Lent.az-ın “Sən haradasan” rubrikasında onunla söhbət etməyə qərar verdik.

Səsi zəif gəlir. Xəstədir, üstəlik də yıxılıb, travma alıb. Amma özü demişkən, hər gün “bir arpa boyu” irəliyə gedir, sağalır, naşükür deyil...

- Necəsiniz?

- Hamı kimi, ölkənin əksər vətəndaşları necədirsə, mən də eləyəm.

- Haradasız Əşrəf müəllim, niyə səsiniz gəlmir?

- Bu il yanvarda dişimi düzəltdirmək üçün poliklinikaya getmişdim. Orada yıxıldım, çiynim çat verib. Yarımcan kimiyəm, ictimai fəallıq da azalıb.

- Heç Sizi evdə sakit oturmuş təsəvvür edə bilmirik. Darıxmırsız?

- Darıxıram, əsasən də məni Qarabağ probleminin düyünə düşməsi darıxdırır. O cümlədən də siyasi proseslər.

- Siyasətə nə vaxtdan meyl göstərmisiniz?

- 1955-ci ildə Cəbrayılda rayon qəzetinə məsul katib təyin edilmişəm, elə o vaxtdan da siyasətin içindəyəm. Siyasətin məktəbini qurtarmışam.

- Siyasətə atılarkən yəqin ki, niyyətləriniz, məqsədləriniz olub. Çata bildinizmi onlara?

- Heç bir məqsədimə çata bilmədim. Çatmaq də mümkün deyil. Həyatım çox keşməkeşli olub. 3 yaşımdan həbsdə olmuşam. Stalin babamı, atamı, əmilərimi – bir ailədən 5 nəfər güllələdib. Elə buna görə də Repressiya Qurbanları Assosiasiyasını yaratmağa qərar verdim. Siyasətdən başqa, əsas işim bu təşkilatla bağlı olub. Azərbaycanda bir çox repressiya qurbanlarının qəbri məlum deyil, onları axtarıb tapırıq. Xarici ölkələrdən nə qədər soydaşımızın qəbrini aşkarlayıb, ölkəmizə qaytarmışıq. Xaricdə də şöbələrimiz var. Bu sahədə həddən çox işimiz var. Bir çox ölkələrdə repressiya qurbanlarına diqqət bizdən qat-qat çoxdur. Qurbanların mülkləri varislərinə qaytarılıb, kompensasiya verilib. Bizdə isə bunlar yoxdur. Bu işlə bağlı bir qanun layihəsi yazıb, Milli Məclisə təqdim etdik. Komissiyalarda müzakirə edilib. Hətta Milli Məclisdə də iki müzakirədən keçdi. Vaxtilə iqtisadi səbəblərdən bu qanunun qəbul edilməsini ləngitdilər. İndi nə vaxt müraciət edirik, deyirlər ki, sabah, gələn ay, iki aydan sonra baxacağıq. Amma ortada heç nə yoxdur.

- Daha prezidentliyə namizədliyinizi də vermirsiz. Heç müxalifət də seçkiyə getmədi. Bu proseslərə necə yanaşırsız?

- Vallah, mən heç kimin işinə qarışmıram. Heç bizim də işimizə qarışmağa kiməsə icazə vermərəm. Amma hesab edirəm, müxalifət birləşə bilsə, sözün əsl mənasında bir olsa, müəyyən nailiyyətlər əldə edə bilərlər. Xalqın gözü tərəzidir. Kimi istəsə, onun arxasınca gedəcək. Belə bir istək olmayandan sonra isə bunlar sadəcə artıq əziyyətdir. Hazırda mənasız əmək sərf eləmək lazım deyil. Biz də bu cür işlərə girişmirik.

- Deyəsən, xalqın əksəriyyəti Sizin kimi düşünür. Bunun günahını kimdə görürsünüz?

- Hamının günahı var – xalqın da, müxalifətin də, iqtidarın da.

- Vaxtilə ətrafınızda xeyli adam var idi, axtarıb yoxlayırlarmı Sizi?

- Gələn olur, partiya, büro üzvləri. Elə burada toplaşırıq. Amma problemlərimiz çoxdur. 6 ildir partiyanı qeydiyyatdan keçirə bilmirik.

- Əşrəf Mehdiyev həm də təqaüdçüdür...

- Təqaüd alıram. Qanuna qalsa, bəzi imtiyazlarıma - elmi dərəcəyə, repressiya qurbanı və istefada olan kapitan olmağıma görə daha çox almalıyam. Amma bu sadaladıqlarımın heç birinə görə təqaüdümə əlavə edilmir. Vaxtilə dövlət qulluqçusu olmuşam. Dövlət qulluqçularının təqaüdləri artırılandan sonra təqaüdümdə də fərq yarandı. Mən çox qənaətciləm. Bu qənaətcillik mənə müharibədən qalıb. Yəni, şəxsi tələbatım çox cüzidir. 10 manatla xeyli müddət yaşaya bilərəm. Lap bir banka su olsun, bir parça da çörək, bir neçə günü bununla yaşamağı bacaran insanam. Lakin nəvələr daha artıq şeylər istəyir. Biz də çalışırıq ki, uşaqların qida, geyim və başqa tələbatını ödəyək.

- 75 ili geridə qoymusuz. Boylanıb geri baxanda nə görürsüz? Ən çox yadınızda nə qalıb?

- Həbs görürəm. 3 yaşımda 5 gün həbsxanada böyük qardaşımın dizinin üstündə yatmışam. Qohumlarımın necə güllələndiyini görmüşəm. 4 məktəb oxumuşam. İki ali məktəbi fərqlənmə diplomu ilə bitirdim. Elmlər namizədi oldum, doktorluq işim müzakirədən keçirilib. Mənə kənardan daima böyük paxıllıq olub. Amma dəfələrlə də qandan-xatadan xilas ola bilmişəm. Tale bu yaşa kimi qoruyub. Əslində bu həyata heç yaşamaq demək olmaz. Yaşamaq bu deyil.

- Yaman bədbin danışdınız, bu 75 ildə yadda qalan sevincli günləriniz olmayıb?

- Yox, niyə ki... İki qızım bir oğlum var. Onların dünyaya gəlişləri mənim üçün böyük sevinc olub. İndi 7 nəvəm var. Onların hamısının ad günlərində çox sevinirəm. Amma inanın ki, bu sevincləri də çox sürdürə bilməmişəm. Arzumuz gözümüzdə qaldı. O boyda Qarabağ dərdi var. Necə deyərlər, barmağımızı yalaya bilmədik.

Məni həyatda ən çox yaltaq insanlar kədərləndirib. Onlardan biri demişdi ki, imkan verməyin, birdən Əşrəf kimi aclar hakimiyyətə gələr. Mən də dedim, ay yazıq, Əşrəf bəy oğludur, gözü də toxdur, bir təmiz adı həyatda hər şeydən üstün bilib. Bunu deyən ən uzaq qohumuna kimi vəzifələr alıb, amma yenə gözü doymur. Amma rəhmətlik Ziya Bünyadov kimi kişilər də olub. Mənə yüksək vəzifələr də təklif olunub. Hətta bir çoxlarının təsəvvür edə bilməyəcəyi qədər yüksək vəzifə. Amma razılaşmamışam. Mən ürəyimdə olan bir çox sözləri demişəm, amma deyilməmiş xeyli söz də qalıb. Lakin fikirləşirəm ki, indi olsa tamamilə başqa cür çıxış edərdim.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3219
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar