Türkiyədə 17 gün həbs, pornoulduzla parlamentdə, "əlim qana batardı" - ONU TANI
07 aprel 2022 16:10 (UTC +04:00)

Türkiyədə 17 gün həbs, pornoulduzla parlamentdə, "əlim qana batardı" - ONU TANI

ƏVVƏLKİ YAZI

Lent.az-ın "Onu tanı" layihəsində bu dəfə Vladimir Jirinovskidən bəhs edəcəyik

Bir dəfə Vladimir Poznerin “Pozner” proqramında aparıcı ona belə bir sual vermişdi: “Əgər Tanrıyla üz-üzə gəlsəydiniz, ona nə deyərdiniz?”.  

Dərhal da cavab vermişdi: “Məni geri göndərin, sənin cənnətini istəmirəm. Burdansa, Tayqada yarı ac, yarı tox yaşayardım”. 


Tanrının işinə qarışmaq günahdır təbii. İndi biz bilmirik o cənnətdə hurilərin yanındadır, ya cəhənnəmdə qır qazanında qaynayır. Amma bütün hallarda o bir də Tayqanı görməyəcək. 

Müasir Rusiyanın gəlib-getmiş ən ziddiyyətli, ziddiyyətli olduğu qədər də çılğın, avantürist siyasətçilərindən biri idi Vladimir Volfoviç Jirinovski. 

“Mənim anam rusdur, atam hüquqşünas”. Belə deyirdi o. 

1946-cı il aprelin 4-də Qazaxıstanın Alma Ata şəhərində anadan olmuşdu. Atası Volf İsakoviç Edelşteyn milliyətcə yəhudi, anası Aleksandra Pavlovna Makarova isə rus olub.

1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürmüşdü. Orta təhsilini Alma Ata şəhərinin 25 nömrəli orta məktəbində almışdı. 1964–1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Şərq Dilləri İnstitutunda Türk dili və ədəbiyyatı fakültəsində oxumuşdu. Bundan sonra təhsilini Markizm-Leninizm Universitetində Xarici Əlaqələr fakültəsində davam etdirmişdi. 

Bundan sonra tale onu Türkiyəyə aparıb çıxarmışdı. Jirinovski Türkiyəyə Sovet İttifaqı tərəfindən inşa olunan sulfat turşusu zavoduna tərcüməçi işləməyə yollanmışdı. O zaman xaricə rubl aparmağa icazə olmadığından Volodya Moskvanın “Şeremetyevo” hava limanında cibindəki pullara döş nişanları almağa məcbur olub. 
“Türkiyədə kiminləsə tanış olanda ona döş nişanı hədiyyə edirdim. Bizi izləyən yerli təhlükəsizlik əməkdaşları isə kommunist təbliğatı apardığımı düşünərək məni həbs etmişdilər. Məni 20 il həbs cəzası gözləyirdi. Amma hakim bu nişanların sadəcə suvenir olduğunu bildirdi və nəticədə mən 17 sutka ilə canımı qurtardım”, - deyə Jirinovski xatırlayırdı. 

Türkiyədən qayıtdıqdan sonra Moskvada Sülhü Müdafiə Komitəsində işləmişdi. İkinci ali təhsilini alaraq hüquqşunas ixtisasına yiyələnmişdi. 80-ci illərdə “Mir” adlı nəşriyyatın rəhbəri olmuşdu. 

1990-cı ildə o, Sovet İttifaqı Liberal Demokrat Partiyasının üzvlüyünə qəbul olunmuş, bir il sonra isə Rusiya Liberal Demokrat Partiyasının əsasını qoymuşdu. Ömrünün sonunacan bu partiyaya rəhbərlik etmişdi. Rusiya müstəqillik qazanandan sonra Jirinovski Dumaya keçirilən bütün seçkilərdə parlamentə seçilə bilmişdi. Bir neçə dəfə isə o, Duma sədrinin müavini vəzifəsini də tutmuşdu. 

Vladimir Jirinovski 6 dəfə (1991, 1996, 2000, 2008, 2012 2018) Rusiya Federasiyası prezidenti postuna namizədliyini irəli sürmüşdü. Bu, Rusiya siyasətində rekord idi.
 Amma o, heç vaxt ikinci belə ola bilmədi. İlk dəfə 1991-ci ildə prezidenti postuna namizədliyini irəli sürdü və 7,81 faiz (6.211.007 səs) toplamaqla 6 namizəd arasında 3-cü yeri tutdu. 2004-cü ildə Vladimir Jirinovski prezident seçkilərində çıxış etməkdən imtina etdi. 2008-ci ildə isə Vladimir Jirinovski sayca 4-cü dəfə prezident postuna namizədliyini irəli sürdü və 4 namizəd arasında 9,35 faiz (6.988.510 səs) topladı və Dmitri Medvedyev və Genadiy Züqanovun ardınca 3-cü yeri tutdu. Bu Vladimir Jirinovskinin  göstərdiyi ən uğurlu nəticə idi. 

1971-ci ildə virusuloq Qalina Aleksandrovna Lebedeva ilə ailə qurdu.

 

Ömrünün sonunacan onunla yaşadı. Amma Rusiya cəmiyyətində onun pleyboy kimi tanındığı da heç kimə sirr deyil. Məsələn, "Çiççolino" ləqəbli pornoulduz İlona Şattlerlə , necə deyələr, səmimi münasibətləri olub. Onu Dumaya belə dəvət edib.

Onun 3 uşağı olub. Böyük oğlu İqor hüquqşünasdır, eyni zamanda Dumanın üzvüdür. Bundan başqa, onun Oleq adlı daha bir oğlu, Anastasiya adlı qızı da var. 
Dünya siyasi liderləri arasında onun Kastro, Çaves kimi dostları olub. Amma ən yaxşı münasibəti keçmiş İraq lideri Səddam Hüsenylə idi. O, hər il Səddamın ad günündə Bağdadda onun qonağı olurdu. 

Onun adı həm də bir ticarət markasıydı. Jirinovski brendi altında araq, mayonez, çay və ətir, “Jirik” adlı dondurma istehsal olunurdu. Spirti içkilərdən ən çox likörə üstünlük verirdi. “Bgolis” və “Malibu” onun sevimli içkiləri idi. Amma adına prezertvativ və tualet kağızı istehsal olunmasına etiraz edib..

Anası danışırmış ki, balaca Volodaynın uşaq vaxtı ən böyük arzusu doyunca şokolad yemək olub.

Onun xristianlıqdan daha çox, buddizm cəlb edirdi. İngilis, alman, fransız və türk dillərini mükəmməl bilirdi. 
Jirinovski 8 filmə çəkilmişdi. Valeri Komissarovun “Oxşarların gəmisi” filmində kapitan Jarov rolunu oynamışdı. LDPR  lideri iki mahnı albomu da buraxmışdı. Onlardan biri “Həqiqi polkovnik” digəri isə “Tıxacda qalanlar” adlanırdı. 

O, maraqlı aforizmlərin müəllifi idi. Məsələn, deyirdi ki, qadının əsas vəzifəsi evdə oturmaq, yemək hazırlamaq və lazım olanda ağlamaqdır. Rusiya himni haqda bir dəfə belə demişdi: “Heç yerdə yazılmayıb ki, himn səslənəndə ayaqda durmaq, uzanmaq və ya sürünmək olmaz. Əsas odur ki, vətəni sevəsən”. 


Puşkini isə bədbəxtin biri adlandırırdı. “Rusiya böyük işlər görməyə qadir ölkədir. Amma o bu işi yüz ildən bir görməlidir, tez-tez yox” demişdi. 

Jirinovski bir maraqlı etirafda da bulunmuşdu: “Mənim əllərim təmizdi, amma prezident olsam, qana batacaq”.

O, prezident ola bilmədi... 
Və nə yaxşı ki ola bilmədi...
Və daha ola bilməyəcək də...
O öldü...

# 11802
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar