Suriyanın yeni hökumətindən Türkiyəyə gözlənilməz zərbə
17 yanvar 2025 16:45 (UTC +04:00)

Suriyanın yeni hökumətindən Türkiyəyə gözlənilməz zərbə

Yaxın vaxtlara qədər Türkiyəyə sadiq hesab edilən Suriya keçid hökuməti türk mallarının idxalına gömrük rüsumlarını kəskin artırdığını açıqlayıb. Türkiyənin “Ekonomim” qəzetinin xəbərinə görə, tariflər 300-500% artaraq iki ölkə arasında ticarəti faktiki olaraq iflic edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, rüsumların artırılması sərhəddə böyük növbələr yaradıb: minlərlə yük maşını keçidlərdə ilişib və kilometrlərlə tıxac yaranıb. Suriya hökumətinin qərarı Türkiyənin cənub-şərq bölgələrindən ixracata zərbə vurub. Nəzərə almaq lazımdır ki, Suriyaya tədarük Türkiyə iqtisadiyyatında mühüm rol oynayır.

Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinin prezidenti Cəlal Kaduğlunun sözlərinə görə, əvvəllər Suriyaya aylıq ixracat 30 milyon dollara çatırdısa, indi bu rəqəm kəskin şəkildə azalacaq.

Transsərhəd daşımalarda ixtisaslaşmış türk şirkətləri çətin vəziyyətə düşüblər. Ekspertlər xəbərdarlıq edirlər ki, yüksək tariflər daha çox qeyri-qanuni ticarətə gətirib çıxaracaq və Suriyanın öz iqtisadi çətinliklərini daha da pisləşdirəcək.

“İdlib və Hələb kimi bölgələrdə tacirlər qanuni şəkildə iş apara bilməzlər. Tariflərin artırılması ilə Suriyada inflyasiya qaçılmaz olaraq artacaq ki, bu da yerli sakinlər üçün onsuz da çətin olan vəziyyəti daha da pisləşdirəcək”, - deyə Kaduğlu bildirib.

Rüsumların bu qədər kəskin artırılmasının səbəbləri müəmmalı olaraq qalır. Hazırda iki ölkənin nümayəndələri arasında danışıqlar gedir, lakin Türkiyə tərəfi ciddi nəticələr barədə xəbərdarlıq edir: hər iki tərəf üçün iqtisadi itkilərdən tutmuş, sərhədyanı rayonların sabitliyinin pozulmasına qədər.

Ekspertlər hesab edirlər ki, bu qərar Suriyanın siyasi prioritetlərinin dəyişməsi və ya ölkənin daxili iqtisadi problemləri ilə bağlı ola bilər. Bu arada suriyalılar artan qiymətlər və inflyasiya fonunda həyat şəraitinin daha da pisləşməsi perspektivi ilə üzləşirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Oxşar yazılar