Azərbaycan Mətbuat Şurasında Əməkdar jurnalist, yazıçı-publisist, "bizimyol.info" saytının təsisçisi və baş direktoru Bahəddin Həzininin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Lent.az xəbər verir ki, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, "APA-Holding" MMC-nin prezidenti, Əməkdar jurnalist Vüsalə Mahirqızı, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Natiq Məmmədli və bir sıra tanınmış qələm adamları, ziyalılar iştirak ediblər.
Rəşad Məcid bildirib ki, ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik əldə etdiyi illərdə jurnalistikamıza yeni, fərqli nəsil gəldi:
"Onlar Azərbaycanın müstəqillik uğrunda ilk addımlarını gördülər. Jurnalistikaya sevgi ilə yanaşırdılar. O adamlardan biri Azərbaycan mətbuatında uzun illərdir çalışan Bahəddin Həzidir. Onun bu gün 60 yaşı tamam olur. Bizim nəsil 30 ildən artıq mətbuatda çalışdı. Bahəddin Həzi öz peşəkarlığı ilə seçilən media nümayəndələrindən biridir. O, Azərbaycan mətbuatının keçdiyi yolları özündə yaşadan insanlardandır. Bu gün onun həmkarları Mətbuat Şurasına toplaşıb. Bu tədbir Bahəddinin jurnalistikadakı peşəkar fəaliyyətinə dostları tərəfindən hörmət və ehtiramın nümunəsidir. O, gənc nəsildə stimul yaradır ki, öz işinin peşəkarı olaraq həm dövlət, həm ictimaiyyət tərəfindən nüfuz qazanmaq mümkündür. Mən Bahəddin bəyi 60 yaşı münasibətilə ürəkdən təbrik edirəm".
Tədbirdə iştirak edən digər çıxışçılar da ürək sözlərini dilə gətiriblər, Bahəddin Həziyə xoş arzularını çatdırıblar.
Sonda Rəşad Məcid Bahəddin Həziyə Mətbuat Şurasının diplomunu təqdim edib.
Bahəddin Həzi çıxışında onun üçün toplaşan şəxslərə minnətdarlığını bildirib:
"Ziyalılarımız, dostlarımız, yaradıcı insanlar burada iştirak etdilər. Bu hələ dostlarımızın çox az qismidir. Ürəyimizə hər kəsi sığışdıra bilərik, amma zala sığışdıra bilmirik. Burada iştirak edən, etməyən hər kəsə minnətdaram. Bu mənim üçün çox böyük yaradıcılıq motivasiyası oldu. Düşünürəm ki, bundan sonra da yazıb yaratmaq lazımdır".
Qeyd edək ki, Bahəddin Həzi 1965-cil aprelin 28-də Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində anadan olub. O 1983-1990 Bakı Dövlət Universitetində təhsil alıb. Əmək fəaliyyətinə 1989-cu ildə "Xazar” jurnalında ədəbi işçi olaraq başlayıb. 1990-1991 "Turan” agentliyində müxbir, 1991-1994 "Azadlıq” qəzetində müxbir, şöbə müdiri, redaktor müavini vəzifələrində çalışıb. 1999-cu ilin fevral ayında "Ekspress” qəzetində baş redaktorun birinci müavini təyin olunub. Bahəddin Həzi, daha sonra 1998-1999 fevral "Avrasiya” qəzetində şərhçi, 1994-1998 "Çağ” qəzetinin baş redaktoru, 1996-2003 "Azadlıq” radiosunda şərhçi, 2005-ci ildən isə "Bizim Yol” qəzetinin baş redaktorudur.
Baş redaktor 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.