“Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy, onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versin”.
Cənab Prezidentin bu sözləri yadınızdadırmı? Fransa prezidenti Makron və rəsmi Parisin ermənipərəst siyasətinə bunca dəqiq və tutarlı cavab olmazdı.
Makron iqtidarda olduğu bu illər ərzində bircə dəfə Dağlıq Qarabağ ətrafındakı 7 rayondan didərgin salınmış, evləri darmadağın edilmiş yüzminlərlə azərbaycanlının hüquqlarını müdafiə etməyib. Bircə dəfə də olsun darmadağın edilmiş abidələrimizdən, yer üzündən silinmiş şəhər və kəndlərimizdən danışmayıb.
Və indi məlum olur ki, noyabrın 10-da Ermənistanın kapitulyasiya sənədini imzalamasından bir neçə gün sonra Fransa prezidenti erməni icmasının nümayəndələri ilə nahar edib və bu zaman ilginc etirafları olub.
Ermənistanın “Qraparak” nəşrinin yazdığına görə, Makron Fransa ermənilərinin Nikol Paşinyan haqqında fikirləri ilə maraqlanıb, onları diqqətlə dinləyib, sonra isə erməni baş nazirinin şəxsiyyəti və davranışı ilə bağlı şübhələrini gizlətməyib. O, müharibə zamanı dəfələrlə Paşinyanla əlaqə saxladığını, öz dəstəyini təklif etdiyini, hətta SMS yazdığını bildirib. Deyib ki, doğrudur, Paşinyan tez cavab verirdi, lakin heç vaxt öz təşəbbüsü ilə Makronla əlaqə saxlamayıb və heç nə xahiş etməyib. Bundan başqa, Makronu xüsusilə təəccübləndirib ki, Paşinyan nə noyabrın 9-da sənəd imzalanana qədər, nə də sonra onunla əlaqə saxlamayıb və ona belə bir sənədi qəbul etdirdiklərini bildirməyib və ya nəticələrini yumşaltmaq üçün imzalanmadan sonra nə etmək mümkün olduğunu soruşmayıb. Makronun sonrakı dedikləri də diqqət çəkir. Sitat: “Axı, mən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin prezidentiyəm. Nə üçün o, imzalanmadan əvvəl və ya ondan sonra məlumat verməyib, yaxud xahiş etməyib?”.
E.Makronun bu açıqlamaları onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasəti yürütdüyünü bir daha sübut edir. Açıq-aydın görünür ki, Makron Fransanın ATƏT in Minsk qrupu həmsədri mandatını yalnız Ermənistanın maraqlarını müdafiə etmək kontekstində anlayıb və buna uyğun hərəkət edib. Makronun açıqlamaları və fəaliyyəti bir daha göstərir ki, Fransa balanslı, ədalətli, həmsədr mandatının tələblərinə uyğun davranmayıb və bundan sonra da qeyri-adekvat mövqe nümayiş etdirməkdə davam edəcək. Əslində əsil reallıq odur ki, Fransa prezidenti ölkəsindəki erməni lobbisinin, ermənipərəst dairələrin tam təsiri altındadır və dövlətin, Fransa xalqının maraqlarının əksinə olaraq, məğlub Ermənistanın vəkili kimi çıxış edir. Amma artıq gecdir. Buz əriyib, cənab Makron...