"Dünyanın ən kasıb prezidenti"  öldü: simvola çevrilən inqilabçının hekayəsi - ONU TANI
14 may 2025 21:52 (UTC +04:00)

"Dünyanın ən kasıb prezidenti" öldü: simvola çevrilən inqilabçının hekayəsi - ONU TANI

Maşını üçün milyon dollardan imtina edən "filosof-prezident" vəfat edib.

Lent.az xəbər verir ki, mayın 13-də Uruqvayın keçmiş prezidenti, əfsanəvi siyasətçi, partizan, filosof və təvazökarlıq simvolu olan, təkcə Latın Amerikasında deyil, həm də onun hüdudlarından çox-çox uzaqlarda rəmzlərə çevrilən Xose Muhika 90 yaşında dünyasını dəyişib. Onun ölümünü indiki dövlət başçısı Yamandu Orsi açıqlayıb və bunu əlavə edib:

"Sizin üçün çox darıxacağıq, qoca. Hər şeyə və xalqınıza göstərdiyiniz sevgiyə görə təşəkkür edirəm".

Pepe Muhika kimi tanınan Xose Alberto Muhika Kordano 1935-ci il mayın 20-də paytaxt Montevideoda anadan olub. O, 2009-cu ildə prezident olub, 2015-ci ilə qədər Uruqvaya rəhbərlik edib. Hakimiyyətdə olduğu illərdə o, dəbdəbə və ya siyasi ambisiyaları ilə deyil, şəxsi təvazökarlığı ilə hörmət qazanıb: o, ailə fermasında yaşayır, köhnə “Volkswagen Beetle” sürür və demək olar ki, bütün maaşını xeyriyyəçiliyə verirdi.

Muhika həm də islahatçı kimi Uruqvaydan çox-çox uzaqlarda məşhurlaşıb: o, marixuananı leqallaşdıran qanunu imzalayan ilk dünya lideri olub və buna görə 2014-cü ildə Nobel sülh mükafatına namizəd göstərilib. Elə həmin il ona avtomobilini satmaq üçün bir milyon dollar təklif olunub, lakin o, bundan imtina edib.

Siyasi karyerasından əvvəl Muhika radikal inqilabçı olub. 1960-1970-ci illərdə Kuba inqilabından ilhamlanaraq “Tupamaros” partizan təşkilatının sıralarında döyüşüb. Nəticədə o, altı dəfə yaralanıb, həbs edilib və 14 ilini həbsdə keçirib, bunun çoxunu təkadamlıq kamerada oturub. 1985-ci ildə ölkədə demokratiyanın bərpası ilə azadlığa buraxılıb.

2025-ci ilin yanvarında Muhika qaraciyərinə və digər orqanlarına metastaz vermiş, əməliyyat oluna bilməyən özofagus xərçəngi diaqnozu qoyulduğunu elan edib. O, qərarının səbəbi kimi yaşını və xroniki xəstəliklərini göstərərək müalicədən imtina edib.

"Biokimya və cərrahiyyə mənim üçün uyğun deyil. Mənim bədənim sadəcə buna tab gətirə bilməz", - o imtinanın səbəbini belə izah edib. 

Pepe Muhika yubileyinə cəmi bir həftə qalmış vəfat edib. Onun həyat yoldaşı, Uruqvayın keçmiş vitse-prezidenti 80 yaşlı Lusiya Topolanski sona qədər onun yanında olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar