Dünya ölkələri Azərbaycana başsağlığı verib
25 dekabr 2024 13:20 (UTC +04:00)

Dünya ölkələri Azərbaycana başsağlığı verib

Dünya ölkələri bu gün baş verən təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

Lent.az-ın məlumatına görə, Prezident İlham Əliyev ilə telefon danışığı əsnasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təyyarə qəzası ilə əlaqədar həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığını ifadə edib və xəsarət alanların tezliklə şəfa tapmasını diləyib.

Gürcüstan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat verib.

Qurumun bəyanatında Azərbaycanla həmrəylik ifadə olunub.

Pakistanın Baş naziri Şahbaz Şərif sosial media hesabında paylaşım edib.

"Qazaxıstanın Aktau yaxınlığında Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri dərindən sarsıtdı. Bu hadisə nəticəsində həyatını itirənlərlə bağlı əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Fikirlərimiz mərhumların ailələri ilədir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Pakistan Azərbaycanın yanındadır", - Şahbaz Şərif bildirib.

ABŞ və Böyük Britaniya səfirlikləri də bu barədə paylaşım ediblər. 

“ABŞ səfirliyi bu gün Qazaxıstanda baş verən hava qəzasının qurbanlarına, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Biz bu faciə ilə bağlı Azərbaycana kömək etməyə hazırıq”-deyə paylaşımda qeyd edilib.

“Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğraması ilə bağlı xəbərlər dərin hüznlə qarşılandı. Mənim fikirlərim bu faciəli hadisədən əziyyət çəkənlərin hamısı ilədir. Böyük Britaniya hökuməti hakimiyyət orqanları ilə əlaqə saxlayır” – Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld bildirib.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç "X" sosial media hesabında "Qazaxıstanda təyyarənin qəzaya uğraması barədə dərin kədər hissi ilə xəbər tutdum. Azərbaycan Respublikasının Prezidentinə, həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu çətin anlarda düşüncələrimiz sizinlədir”, - deyə paylaşım edib.

Rumıniya Xarici İşlər Nazirliyi sosial media hesabında Azərbaycana başsağlığı diləyib.

“Azərbaycan Hava Yolları təyyarəsinin qəzası ilə bağlı faciəvi xəbəri dərin kədər və təəssüflə qarşıladıq. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir”- deyə paylaşımda bildirilib.

 

Belarus Prezidenti Aleksandr Lukaşenko və İran Prezidenti Məsud Pezeşkian da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı veriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Ləman Sərraf

Oxşar yazılar