Azərbaycan dövlətinin növbəti humanizmi: 10 saat qarşılığına 10 gün - “Deadline”a  isə vur-tut 15 gün qaldı
15 noyabr 2020 17:50 (UTC +04:00)

Azərbaycan dövlətinin növbəti humanizmi: 10 saat qarşılığına 10 gün - “Deadline”a  isə vur-tut 15 gün qaldı

Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı Bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək boşaltmalı idi. Amma Ermənistan tərəfi ordunun və qanunsuz olaraq yerləşdirilmiş insanların rayondan çıxarılması üçün əlavə 10 gün vaxt istəyib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün keçirdiyi brifinqdə bildirib ki, dünən Azərbaycan və Rusiya prezidentlərinin müzakirəsi olub. “Ermənistan tərəfinin Rusiya vasitəsi ilə Azərbaycana müraciəti olub. Ermənistan tərəfi bu müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti ağırlaşır, o istiqamətdən yalnız bir yol - Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti azdır. Azərbaycan Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmayıb”. Hikmət Hacıyev onu da qeyd edib ki, 20 noyabradək Ağdamdan, 1 dekabradək isə Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur.

 

Əslində bu, Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirməsinin bariz nümunəsidir.  Amma unutmayaq ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi.  Buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşıb. Prezident köməkçisinin də dediyi kimi bu  qərarı qəbul edərkən, Azərbaycan tərəfi Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb. Həmçinin nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən, tıxaclar, ləngimələr müşahidə olunur. Bu qərarın qəbulu bir daha sübut edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf  seçməyən Ordumuz, hazırda rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasını təmin edir.

 

Bu arada Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov açıqlamayla çıxış edib. General bildirib ki, Kəlbəcərdə qeyri-qanuni məskunlaşıdırılan insanların çıxarılmasından sonra oraya yerləşdiriləcək Azərbaycan Ordusunun hissələri tam hazır vəziyyətdədir. Artıq əhalinin tərk etmə prosesi baş tutur. “Azərbaycan Müdafiə Nazirliyi yüksək texnologiyaya malikdir. Heç bir təxribata yol verilmir”.

Amma Azərbaycanın humanist yanaşması fonunda, ermənilər Kəlbəcərdə evlərə və meşələrə od vurmaqda davam edir, ərazidə əsl ekoloji terror törədilir və bu barbarlıq xarici KİV-in və dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Maraqlıdır ki, bu vandalizm aktını erməni KİV-I özləri belə etiraf edir. “Sputnik-Armeniya”nın müxbiri yazır: “Kəlbəcərdən çıxan ermənilər yalnız öz evlərini yandırmaqla qalmırlar, onlar ağacları da kəsib özləri ilə Ermənistana aparırlar. Bəziləriniz üçün bu qəribə gələ bilər, amma onlar əkdikləri ağacı belə Azərbaycan tərəfinə saxlamaq istəmirlər”. Portalın əməkdaşı kəsilən ağacların yük, hətta minik maşınlarında belə daşındığını müşahidə edib, bu mənzərəni videolentə alıb. Bu maşınların sayının isə saysız-hesabsız olduğu vurğulanır.

Bir daha vurğulayaq: Azərbaycan dünyaya növbəti humanizmini nümayiş etdirdi.

Necə deyərlər,  “deadline”a  isə vur-tut 15 gün qaldı…

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1795

Oxşar yazılar