Aprel döyüşləri Ermənistana xəbərdarlıq idi -  TƏHLİL
02 aprel 2021 11:34 (UTC +04:00)

Aprel döyüşləri Ermənistana xəbərdarlıq idi - TƏHLİL

Şanlı Aprel döyüşlərindən beş il keçir. 2016-cı ilin aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı və Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdı. Bu, Aprel döyüşləri kimi tarixə düşdü.

1994-cü ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə Horadiz əməliyyatı zamanı 22 yaşayış məntəqəsi düşməndən azad ediləndən və atəşkəs imzalanandan sonrakı 22 il ərzində Aprel döyüşləri ordumuzun ilk böyük qələbəsi idi.

Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni cəmi bir neçə saat ərzində ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqeləri işğaldan azad etdi. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz səngərləri haqqında mifi alt-üst edildi. Ermənilər bu maneələri "Ohanyan səddi" adlandırırdı. Ermənilər elə təsəvvür formalaşdırmışdılar ki, guya bu səddi keçmək mümkün deyil. Amma Aprel döyüşləri zamanı gördülər ki, bizim əsgərlərin qarşısında keçilməyən sədd yoxdur. Onlar illərlə sədlər haqqında mif uyduraraq Azərbaycan hərbçisində guya qorxu hissi yaratdıqlarını hesab edirdilər. Lakin dayaz düşüncəli erməni təbliğat maşını anlamırdı ki, Azərbaycan torpaqlarında qurduqları hər hansı müdafiə sistemi ordumuza ciddi problem yarada bilməz, çünki illərlə qəlbi vətən həsrəti ilə döyünən cəsarətli və qəhrəman oğulların qarşısında keçilməz sədd yox idi.

 

Bu döyüşlərdə Ermənistan silahlı qüvvələri böyük itkilərə məruz qaldı. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 33 tankı və zirehli maşını, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 560 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması təmin edildi. Həmin vaxt erməni ordusunun ilk saatlar ərzində qorxudan ağır silahlarını qoyaraq qaçdığı da, bu ölkənin silahlı qüvvələri adına utancverici hadisə idi.

Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Tarixə “Dördgünlük müharibə” adı ilə düşən Aprel döyüşləri hər bir Azərbaycan vətəndaşının hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşlərində qazanılan qələbə xalqımızın orduya olan inamını artırdı. Döyüşlər zamanı Azərbaycanın mərd və cəsarətli 92 zabit və əsgəri qəhrəmanlıq göstərərək şəhid oldu. Həmin ilin aprelin 19-da Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 hərbçisi "Azərbaycanın Milli Qəhrəmanı", 7 hərbçisi "Azərbaycan Bayrağı" ordeni, 1 hərbçi 2-ci dərəcəli, 4 hərbçisi 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri, 19 hərbçisi "Vətən uğrunda" medalı, 43 hərbçisi "İgidliyə görə" medalı, 45 hərbçisi "Hərbi xidmətlərə görə" medalı, 2 hərbçisi isə "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Həmin vaxt Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir”.

Müdafiə naziri Zakir Həsənov isə Aprel döyüşlərinin yekunlarıyla bağlı çıxışında  ordumuzun döyüşlər zamanı cəmi bir tankı itirdiyini və Ohanyan səddinin cəmi 18 dəqiqə ərzində yarıldığını qeyd etmişdi. Aprel döyüşləri Azərbaycan Ordusunun potensialının sadəcə cüzi hissəsinin göstərişi idi.

Hər kəsə məlumdur ki, bu illər ərzində ölkəmiz daim münaqişənin məhz sülh yolu ilə həll edilməsini istəyirdi. Lakin Ermənistanın nə o zamankı rəhbəri Sarkisyan, nə də sonrakı rəhbəri Paşinyan, düşmən dövlətin generalları Aprel döyüşlərindən lazımi dərsi çıxara bilmədilər. Hələ 2016-cı ildə Prezident İlham Əliyev Ermənistanı və onun arxasındakı qüvvələri xəbərdar edərək münaqişənin hərbi yolla asanlıqla həll edə biləcəyimizə işarə edir, lakin sülh danışıqları vasitəsilə həll yolunu qarşımızdakılara təklif edirdi. Ali Baş Komandan xəbərdar edirdi: “Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın".

Bütün bu xəbərdarlıqlara məhəl qoymayan Ermənistanın hərbi-siyasi xuntasının düşdüyü durum bir daha onu göstərir ki, bu dövlət hər zaman olduğu kimi, həmin vaxtdan 2020-ci ilin payızınadək yenə də illüziyalarla yaşamağa davam etmiş, xalqına yalan vədlər verməklə məşğul olmuşdu. Lakin hadisələr göstərdi ki, Aprel döyüşləri sadəcə sınaq idi -  Ermənistan və Azərbaycan silahlı qüvvələrinin nəyə qadir olmasının sınağı. Sınaqdan sonda üzüağ çıxanın kim olduğunu isə bütün dünya gördü.

Beləliklə, 2020-ci ilin payızındakı 44 günlük müharibənin başlanğıcı əslində 2016-cı ilin aprelində qoyulmuşdu. Bütün bu hadisələrin ardıcıllığına baxsaq, Prezident İlham Əliyevin uzaqgörən strateq olduğunu aydın şəkildə görmüş olarıq. Hadisələr göstərdi ki, Ali Baş Komandan işğal faktoru ilə bağlı Ermənistana və beynəlxalq ictimaiyyətə verdiyi bütün xəbərdarlıqları yerinə yetirdi. Nəticədə, Azərbaycan bütün dünyanın gözü qarşısında cəmi 44 gün ərzində tarixi qələbə əldə etdi.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2097
avatar

Oxşar yazılar