İşğaldan azad edilmiş Ağdam şəhərindən görüntü
15 mart 2021 16:37 (UTC +04:00)

İşğaldan azad edilmiş Ağdam şəhərindən görüntü

Ağdam dərsi – Qabil Abbasoğlu Ağdamdan yazır

Biz tərəfin camaatı ticarət nədi, bilməz. Tərəkəmə həyatı adamlara var-dövləti alıb-satmaqla yox, yetişdirib-çoxaltmaqla qazanmağı öyrədib. Yadımdadı, hələ sovet dövründə, Qarabağda müharibə başlamamış camaatımız yaz üzü yaylağa yön alardı, bir də payızda qayıdardılar kəndə, o da qısa müddətə, qışlağa getməzdən öncə. Əsasən heyvandarlıqla məşğul olurdular. O qədər bolluğun içində südün-qatığın, pendirin-yağın satıldığını görməmişdik. Ağartı satan adama pis baxmazdı camaat, amma yoxluq çəkdiyini anlayardıq. Bizim elə sürü ilə heyvanımız yox idi. Atam məktəbdə işləyirdi, evdə yaşı çatanlar da kolxoz işində. O vaxtkı sözlə desək, oturaq həyat sürərdik. Payızda yaylaqdan qayıdan qonşularımıza həyətimizdə əkib-becərdiyimiz bostan məhsullarından pay tutardıq, onlar da yaylaqdan bizə pay gətirərdilər - yağı bidonlarla, pendiri motalla... Biz bostandan çıxanı satmazdıq – zay olsa da - onlar da heyvandan aldıqlarını.

90-cı illərin əvvəlləri idi. Sovet dövləti artıq, öz dövlətimiz isə hələ yox idi. Kəndə getmişdim. Səhər erkən rayon mərkəzinə işləyən avtobusa minəndə gördüyüm mənzərəni hələ də unuda bilmirəm. Mal-qarasının südünü-qatığını olmayana pay verən, artıq qalanını da toyuq-cücəyə atan, evindən motalla pendiri, bidonla yağı çıxan kənd qadınları... qazanla qatığı, balonla südü, pendiri, yağı...bazara aparırdılar. Satmağa. Pula çevirməyə. Pul yox idi camaatda. Yoxluq çəkən camaat da ötən il toyuq-cücəyə dağıtdığı məhsulu indi dolanışıq üçün satmağa başlamışdı. O səsli-küylü, deyən-gülən xanımların hamısı məşum bir kədər içindəydi. Utanırdılar. Və söhbət heç də zəhmətlə becərdiyin məhsulu satmağın halal qazanc olduğundan getmirdi. Sadəcə olaraq, o camaat o işi görməmişdi o vaxtacan...

Birinci dərs - Tarix

O da yadımdadı ki, həmin illərdə biz bayram bazarlığına, məktəb alış-verişinə Ağdama gedərdik. Və qəribədi ki, ticarətə münasibətimiz bizi Ağdam bazarında daim xofda saxlayardı – diqqətli olmalı, aldanmamalı! Mən özümü tanıyıb ağdamlı dostlar tapanda, oranın insanlarını tanıyanda ticarətə olan çəkingən münasibətim onlara sirayət etməkdənsə, əksinə oldu. O insanlar dostluq, təəssübkeşlik, istiqanlılıq kimi keyfiyyətlərilə yanaşı, ticarəti də bizim gözümüzdə “təmizə çıxartdılar”. Sonra neçə dəyərli, ehtirama layiq insanlarımızı tanıdıq. Hamısı da elm, mədəniyyət, səhiyyə, siyasət, hərb sənətinin tanınmış isimləri.

İkinci dərs – Coğrafiya

1993-ün yayı. Külli Qarabağ qan içində. Xeyli kəndlərimiz, Şuşa, Laçın, Kəlbəcər işğal olunub. Gozlər Qarabağın qalası Ağdamda idi.  Bizim üçün Qarabağ adına bircə Ağdam qalmışdı – düşmən üçün hədəf, bizim üçün ümid yeri idi. Qarşısında düşmənin yuva qurduğu Xankəndi, Əsgəran, göz dağı Şuşa... Sağında qan çanağı, bir dəfə azad edib sonra yenidən itirdiyimiz  Ağdərə... Solunda bir neçə ay əvvəl süqut etmiş Xocavənd... Kürəyinin arxası Haramı düzü, Bərdə, Ağcabədi... Tam bir kilid nöqtəsi. Həm hərbi, həm də coğrafi baxımdan Ağdam müharibənin “paytaxtı” idi. Xocalıdakı dəyanətinə, Ağdərə istiqamətindəki müqavimətinə, işğal planına daxil olan növbəti ərazilər üçün əhəmiyyətinə görə düşmən Ağdama xüsusi “diqqət” ayırmışdı. Bu, işğaldan daha artığı idi. Bu, qisas idi.

Üçüncü dərs – Ədəbiyyat

Aqil Abbas “Dolu” romanında Ağdamı “dünyanın ən varlı şəhəri” adlandırır. Və mən inanıram ki, söhbət heç də təkcə maddi var-dövlətdən getmir. İşğaldan sonra Ağdamın hərbi-coğrafi əhəmiyyəti ilə yanaşı, mənəvi dəyəri, mənəvi əhəmiyyəti də unudulmadı, daim yaddaşlarda saxlanıldı. Unudulmaz Famil Mehdinin yaradıcılığındakı nisgildə, böyük alimimiz Rafiq Əliyevin müsahibələrindəki nostalgiyada, Qulu Ağsəsin şeirlərindəki kədərdə, Rəfael Tağızadənin kövrək səmimiyyətində, Rəşad Məcidin, İlqar Əlfinin, Vahid Qazinin, İlqar Rəsulun, Vüsalə Məmmədovanın, Rey Kərimoğlunun, Yusif Rzayevin, Seyfəddin Hüseynlinin... yazılarındakı xatirələrdə diri qaldı Ağdam. “Dünyanın ən varlı şəhəri”nin maddi-coğrafi dəyəri ədəbi-bədii və ideya-mənəvi ölçülər aldı, o cür yaşadı, o şəkildə mövcud oldu.

Böyük tənəffüs

Biz ağdamlıları dünyanın ən zirək adamları sayırdıq, elə bilirdik onlara heç nə olmaz. Amma oldu. O yerin altını-üstünü bilən, gözündən tük yayınmayan, bizim gülləbatmaz saydığımız insanların köçkünlük həyatı başladı. Ehtiyac, səfalət, bəzən hətta minnət altında 28 il... Bu müddət ərzində bircə ağdamlı belə Ağdamı unutmadı. Yurd, torpaq da şəhid kimidir - tərk ediləndə deyil, unudulanda ölür.

Dördüncü dərs – Hərbi hazırlıq

44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli, əlamətdar mərhələsidir. İtirilmiş torpaqların böyük qismi işğaldan azad edildi, Qarabağda erməni separatçılığına ölümcül zərbə vuruldu, Azərbaycan ordusu öz qüdrətini tək düşmənə deyil, bütün dünyaya göstərdi. Ordumuzun apardığı antiterror - sülhə məcburetmə əməliyyatının mühüm nəticələrindən biri də Laçın, Kəlbəcər və Ağdam rayonlarının döyüşsüz geri qaytarılması oldu. İndi Ağdamda oranı uşaq yaşlarında tərk etməyə məcbur qalmış oğullarımız hərbi xidmət keçir. Ağdama səfərimiz zamanı – Şahbulaq qalasını ziyarət edərkən bunu mənə əsgərlərdən biri dedi: “Mən, bax, o kənddən 3 yaşımda çıxmışam... Dünən isə bura xidmətə göndərildim...” Bu hadisə daha bir dərs oldu – ordumuz, dövlətimiz güclü, qüdrətli olmalıdır. Bu gücü, qüdrəti isə təkcə qolumuzla deyil, həm də ağlımızla qazanmalıyıq. Dövlətin güclü olması vətəndaşın güclü olmasından keçir. Onun hüquqlarının, azadlığının təminatı ilə ölçülür.

Beşinci dərs – Rus dili  

Qarabağda başından bəri Rusiya amilinin olduğu sirr deyil. İndi Rusiya əsgərləri də var. Biz Bərdədən keçib Ağdama yol alanda Rusiya sülhməramlı kontingentinə məxsus hərbi avtomobillərin karvanı ilə üzləşdik. Simvolik idi – öz varlıqlarını anlatmağa, göstərməyə çalışırlar və bunu bacarırlar. Ancaq yenə simvolik səslənsə də, belə deyək: yolayrıcında nə sağa, nə sola döndük, Rusiya ordusunun yanından ötüb, məqsədimizə - Ağdama gedib çıxa bildik. Əsas da budu. İnanıram ki, beləcə inadla o biri yurdlarımıza da yetişə biləcəyik.

Altıncı dərs – Əmək təlimi

Ağdam azaddır, amma onu tamamilə yenidən qurmalı olacağıq. Çünki yoxdur şəhər. Əvvəla, minaların əsarətindən qurtarmalıyıq şəhəri. Sonra tikib-qurmalıyıq. Təkcə daş-kərpiclə deyil, həm də xatirələrlə, orda yaşamış insanların gözünü oxşayan, yaddaşını oyadan, həmin Ağdamı xatırladan planla. Çox işləməli olacağıq.

Və...

Sinifdənxaric oxu

Vahid Qazi dəqiq ifadə edib. Ağdam həqiqətən ruhlar şəhərinə çevrilib. Hətta bir ara mənə elə gəldi ki, yeganə salamat qalan məscidin minarələri bu torpağın göyə ucalmış qollarıdır - yerdəki vəhşəti ora çatdırır, ordakından yerə rəhm diləyir.

Həmin gün axşama qədər böyük bir qəbiristanlıqda gəzdik sanki. İnsanlar, talelər qətl edilib burda, amma düşmənin ürəyi soyumayıb, daşı-divarı da qətlə yetirib. Uçuq evlərin divarları ordan didərgin düşmüş insanların bu 28 illik ömrünə qoyulmuş başdaşıdı. O 28 illik parçanı onlara kimsə qaytarmayacaq. Bu 28 ildə ömrü, dözümü, ürəyi çatmayan minlərlə ağdamlı köçdü dünyadan. Yaxşı ki, çoxu sağ qaldı, ömrü çatdı Ağdamı azad görməyə. Mən kənd avtobusunda gördüyüm mənzərə kimi, o gün Ağdamda gördüklərimi də unuda bilməyəcəm heç vaxt. Unutmalı deyiləm. Unutmalı deyilik. Çünki unudanda o, geri qayıdır...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 18876
avatar

QABİL ABBASOĞLU

Oxşar yazılar