Məmur davranışı necə olmalıdı?
03 sentyabr 2020 19:13 (UTC +04:00)

Məmur davranışı necə olmalıdı?

Artıq 20 günə yaxındır ki, sosial medianın mövzusu elə əhalinin gündəlik həyat tərzinə təsir eləyən sosial məsələlərdir.

Əvvəlcə Dövlət Gömrük Komitəsinin təklifi ilə fiziki şəxslərin gömrük rüsumu ödəmədən son 30 gündə ölkəyə gətirə biləcəkləri məhsulun dəyər limiti ilə bağlı məsələ gündəm oldu.

Nazirlər Kabinetinin qərarı ilə son 30 günlük 1000 dollarlıq limit aylıq 300 dollarlıq limitlə əvəz olundu. Hələ əvvəl bizə dedilər ki, bu limitdən cəmi ayda bir dəfə, özü də bir bağlama üçün istifadə edə bilərsiniz. Sonra gördülər ki, nəsə düz olmadı, bu lap absurddu. Gömrük Komitəsi bildirdi iki, xeyr, səhv başa düşmüsünüz, bir ay müddətində 300 dollarlıq limiti keçməməklə istədiyiniz qədər məhsul gətirə bilərsiniz. Amma vallah da, billah da qərar elə biz başa düşdüyümüz kimi idi...

Sonra yəqin ki bu məsələdən ruhlanaraq BNA yeni konsepsiya ilə çıxış elədi. BNA-yəni Bakı Nəqliyyat Agentliyi bildirdi ki, bəs taksilərdə vahid tarif sistemi tətbiq edilməlidir. Hələ bu da yetmədi. BNA-nın hüquq şöbəsinin müdiri Hikmət Babayev yerli telekanala açıqlamasında bildirir ki, taksilərdə kilometrə görə qiyməti aidiyyəti dövlət qurumu həyata keçirməlidir. Həmin qurumlar kilometrə görə qiymət müəyyən edəcək və bütün taksilər eyni qiymətlə fəaliyyət göstərəcək. “Taksi qiymətləri bu günləri o həddə enib ki, hətta avtobus qiymətlərinə, az qala bərabərləşib. Yəni bu belə olmalı deyil. Siz də bilirsiniz ki, taksidən istifadə etmək əvvəlki dönəmdə olduğu kimi, müəyyən imkanlara bağlı olan bir şeydir. Yəni, taksidən yararlanmaq olar, amma bunu gündəlik və daimi nəqliyyat vasitəsinə çevirmək bir az düzgün deyil. Bunun üçün müntəzəm sərnişin daşıma mövcuddur”.

Azad bazar şərtlərində qiyməti də, istifadə şərtlərini də, tələb və təklifi də bazar özü təklif edir.

Azərbaycanda taksi sahəsində islahata və tənzimləməyə, əlbəttə, ehtiyac var. Nəqliyyat infrastrukturu ilə bağlı xeyli çatışmazlıqlar var. Elə Bakı Metropoliteninin hələ də karantin dövründə işləyə bilməməsinin səbəbi olan havasızlıq məsələsinin həlli hələ 2018-ci ildə yaşanmış “elektrik böhranı” zamanı qaldırılmışdı.

Amma nəqliyyat infrastukturu, lap elə taksi fəaliyyətinin tənzimlənməsi ilə məşğul olacaq mərkəzi icra hakimiyyəti orqanı Nəqliyyat, Rabitə və Yüksək Texnolagiyalar Nazirliyi ola bilər. Çünki taksi xidmətindən təkcə Bakıda istifadə edilmir və bu məsələ ilə bağlı hazırlanmış konsepsiya bütün ölkəni əhatə etməlidir.

Bakı Nəqliyyat Agentliyi haqlı olaraq əməkdaşını cəzalandırdı. Bildirdi ki, taksi fəaliyyətinin tənzimlənməsinə dair layihə sadəcə təklif xarakterli olub: “Bakı Nəqliyyət Agentliyi şöbə müdiri Hikmət Babayev tərəfindən verilən açıqlamanın onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini bildirir və onunla bağlı müvafiq inzibati tədbirlərinin həyata keçirildiyini bəyan edirik".

Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev xüsusilə pandemiya dövründə imzaladığı sərəncam,  verdiyi tapşırıqlarla iş yerlərinin saxlanılması üzrə tədbirlər, koronavirus pandemiyasından zərər çəkmiş fərdi sahibkarlara maliyyə dəstəyi, sahibkarlara vergi güzəştləri, imtiyazlar və vergi tətilləri verilməsi yolu ilə onların vergi yükünün azaldılması, kreditvermənin stimullaşdırılması və ən əhəmiyyətlisi, əhaliyə birbaşa sosial dəstək göstərilməsi böyük sosial-iqtisadi önəm kəsb edir. Prezident daim vurğulayır ki, onun siyasətinin mərkəzində vətəndaşın rifahı və mənafeyi dayanır.

Belə bir vaxtda məmurların tələskən davranışı, uyğunsuz açıqlamları və qərarları əlavə narazılıq, qıcıq, mənfi reaksiya yaradır.

Taksi xidməti hazırda on minlərlə Azərbaycan insanının həm qazanc mənbəyi, həm də istifadə etdiyi xidmətdir. Bu xidmət əhalinin məşğulluq imkanlarının genişləndirilməsinə kömək edir.

***

Bütün bunlar isə o vaxtlarda baş verir ki, dövlət qurumları özəl şirkətlərə piarlarının aparılması üçün yüz minlərlə manat vəsait ayırırlar. Bəs o piar şirkətləri bu qurumlara hansı məsləhəti verirlər?!

Tender elanları saytına bir dəfə göz atmaq yetər ki, hər bir dövlət qurumunun onlarla sayt və piar agentliyini tender qalibi elan etdiyini  görək. Bu saytlar, agentliklər, qəzetlər nə işə yarayır? Dövlət qurumunun press-relizini yaymağa? Axı hər bir dövlət qurumunun öz saytı var, orda da məlumatlarını yerləşdirir.

Piar və konsultasiya agentliklərinin xidmətindən istifadə edilməsi çox normaldır, hətta vacibdir. Amma bir şərtlə. Həqiqi piar və xidmət ola...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3682

Oxşar yazılar