Ali Baş Komandan - Ordu-Xalq birliyi: Bu qüvvəni kim dayandıra bilərdi ki? - TƏHLİL
11 noyabr 2020 17:42 (UTC +04:00)

Ali Baş Komandan - Ordu-Xalq birliyi: Bu qüvvəni kim dayandıra bilərdi ki? - TƏHLİL

Heç kimin şübhəsi yox idi: Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələnməliydi. Və belə də oldu. 30 ilin ümidsizliyi, 30 ilin əzabları Azərbaycan xalqını sındırmadı. Əksinə,  daha da bütövləşdik, mətinləşdik, gücləndik. Bu 45 gündə dünyanın diqqtələ izlədiyi mühaibə nəticəsində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bir sözlə, Ermənistan ordusu darmadağın edildi. 

Azərbaycan nəinki Dağlıq Qarabağın, bütün Qafqazın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı tam  diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. 

Azərbaycan həm də böyük geosiyasi oyunları pozdu. Elə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdəki hesabında yazdığı kimi: “Allah şəhidlərimizə rəhmət eləsin. Onlar qanları və canları ilə fait accompli prinsipi ilə işğala əsaslanan status kvonu bizə illər ərzində qəbul etdirməyə yönələn geosiyasi oyunları darmadağın etdilər. Torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi olan Şuşa azad edildi”.

Nahaq yerə deməyiblər ki, Şuşaya nəzarət edən Qarabağa nəzarət edir, Şuşa şəhəri isə indi Azərbaycanın əlindədir. Şuşa şəhərinin, Xocavəndin, o cümlədən Hadrut qəsəbəsinin, Kəlbəcərin, Ağdamın, Laçının geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xəttlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir. 

Amma fikir versək, yəni illərdir Dağlıq Qarabağ ətrafında baş verən prossesləri diqqət yetirsək, görərik ki, 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi.

45 günlük müharibənin sonucunda Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Artıq elə bir vəzyyət yaranıb ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. 

Dünən Azərbaycan, Rusiya və Ermənistan liderləri bəyanat verdilər. Artıq inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən geri qaytarılır. Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişir. Ermənistan bu bəyanatı imzalamaqla Azərbaycanın bütün şərtlərini qəbul etmiş oldu, ərazi bütövlüyümüz tam bərpa olunur. Kəlbəcər, Ağdam və Laçınının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək, Rusiya sülhməramlılarının nəzarəti altında olacaq. Laçın dəhlizində Ermənistan hərbiçiləri olmayacaq və dəhlizin təhlükəsizliyi Azərbaycan tərəfindən təmin olunacaq.

Azərbaycan Prezidenti status-kvonu dəyişdi və bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diqtə edir. Bir sözlə, qəhrəman Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi qələbələr Ermənistanı Azərbaycanın şərtlərini qəbul etməyə və bu bəyanatı imzalamağa məcbur etdi. Yeri gəlmişkən, həmin bəyanatın  ən mühüm əhəmiyyətindən biri də odur ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Çünki bəyanatda Naxçıvan ilə dəhlizin yaradılması da öz əksini tapıb. 

Və nəhayət,  30 il ərzində münaqişənin həll edilməsiylə bağlı qeyri-konstruktivlik nümayiş etdirən, hər dəfə bir bəhanəylə danışıqları pozan Ermənistan hərbi əməliyyatların nəticəsində biabırçı şəkildə məğlub olaraq  Azərbaycan qarşısında diz çökdü.  Bu, o Paşinyan, Tonoyan, Sarkisyan və Arutunyan idi ki, son 2 il ərzində Azərbaycana meydan oxuyaraq başqa torpaqlarımıza da göz dikmişdilər. Ali Baş Komandan və şanlı ordumuz mənfur erməni hərbi-siyasi xuntasını diz çökdürərək ermənilərin əsrlərlə davam edən “Böyük Ermənistan”, “dənizdən dənizə” strategiyalarını həmişəlik tarixin zibilliyinə atdı. 

“Onlar döyüşlərin ilk günündən dərk etdilər ki, Ordumuzun qarşısında dura bilməyəcəklər. Ona görə beynəlxalq ictimaiyyətə daha fəal şəkildə müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi dayandırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandıra bilməz, sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduq”. Bu sözləri 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bildirib. Hə, Prezident haqlıdır: Bizi heç kim dayandıra bilməzdi. Ali Baş Komandan-Ordu-Xalq birliyini kim dayandıra bilərdi ki?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027

Oxşar yazılar