20 yanvar qırğını: Azərbaycan xalqı qarşısında BÖYÜK CİNAYƏT
19 yanvar 2023 16:04 (UTC +04:00)

20 yanvar qırğını: Azərbaycan xalqı qarşısında BÖYÜK CİNAYƏT

Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 33-cü il ötür. Həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. O gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.

Əslində, faciəni törədənlər  Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi.

Yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb; 1988-1989-cu illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından - Ermənistandan növbəti deportasiyası baş verib, nəticədə 250 min azərbaycanlı qaçqın düşüb;

Bu hadisəyə, o cümlədən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla səbəb olub.

Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi surətdə vəhşicəsinə gülləbaran edilməsi xalqın iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək məqsədi daşıyırdı;

Halbuki, əsl məqsəd gizlədilir, rəsmi səviyyədə elə təqdim edilirdi ki, guya Bakıda ermənilərə qarşı zorakılıq halları baş verir və qoşunlar da sabitliyi təmin etmək məqsədilə yeridilib. Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə “Nürnberq prosesi” kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlərin müşahidə edilməsi əsas niyyətin məhz Azərbaycan xalqına divan tutmaq olduğunu bir daha nümayiş etdirir;

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “...Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Bunu da edib Sovet ordusu. Və bunun nə qədər böyük miqyasda olmağını onunla da ölçmək olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi üçün SSRİ müdafiə naziri Yazov, SSRİ daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib Bakıda oturub, bu əməliyyatlara rəhbərlik ediblər. Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə gedirdi, ancaq görün bu hərbi əməliyyata bunlar nə qədər böyük fikir veriblər, bunun miqyası nə qədər böyük olub ki, marşal Yazov gəlib Bakıda oturub və bu əməliyyata rəhbərlik edib. Demək, bu, Azərbaycan xalqına qarşı göstərilən hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”;

20 Yanvar hadisələrində Azərbaycan xalqı sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edirdi;

Biz bu günü yeni nəsilə "qara yanvar" kimi yox, Azərbaycan xalqının müstəqilliyi uğrunda şanlı mübarizəsi kimi çatdırmalıyıq. Bütün dünya bunu qəhrəmanlıq günü kimi qeyd etdiyimizi bilməlidir.

# 2550
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar