Daha 5 müxalifətçi barədə həbs qətimkan tədbiri
09 aprel 2011 23:11 (UTC +04:00)

Daha 5 müxalifətçi barədə həbs qətimkan tədbiri

İctimai Palatanın (İP) bu il aprelin 2-də keçirdiyi aksiya ilə bağlı ittiham olunan 5 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.


APA-nın məlumatına görə, ittiham olunanlar barəsində Səbayel rayon məhkəməsində proses keçirilib.

AXCP üzvləri Sahib Kərimov və Babək Həsənov, Müsavat Partiyasının üzvləri Əhəd Məmmədli, Elşən Həsənov və Ülvi Quliyev barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bu il aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış etiraz aksiyası ilə bağlı bu gün daha 5 nəfərə ittiham irəli sürülüb. Bunlar Babək Həsənov, Ülvi Quliyev, Elşən Həsənov, Sahib Kərimov və Əhəd Məmmədlidir.

Bu şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı bundan əvvəl də 4 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Bunlar Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məmməd Məcidlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 528

Oxşar yazılar