Almaniyadakı milli azlıqlar bayramına azərbaycanlılar da qatılıb
16 sentyabr 2009 15:15 (UTC +04:00)

Almaniyadakı milli azlıqlar bayramına azərbaycanlılar da qatılıb

Almaniyanın Maynts şəhərində milli azlıqlar bayramı keçirilib. Bu barədə Lent.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Maynts bələdiyyəsinin dəstəyi ilə hər il təşkil olunan bayramın məqsədi bu şəhərdə yaşayan və Almaniyanı özünə ikinci Vətən seçən 165 xalqın nümayəndələrinin bu ölkənin cəmiyyətinə inteqrasiyası prosesini gücləndirmək, millətlərarası anlaşmanı daha da asanlaşdırmaq olub.

Tədbirə qatılan Maynts Azərbaycan Cəmiyyətinin ölkəmizin təbliği məqsədilə yüksək səviyyədə hazırladığı tanıtım lövhəsi digər xalqların təmsilçilərinin böyük marağına səbəb olub. Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin yardımı ilə təşkil olunan sərgidə Azərbaycanın tarixini, coğrafiyasını, iqtisadi imkanlarını, mədəniyyətini, incəsənətini, turizm resurslarını əks etdirən, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə, işğal altında olan torpaqlarımıza, bu torpaqlardan məcburən köçkün salınmış insanlara aid kitablar nümayiş etdirilib və bu nəşrlər maraq göstərənlərə hədiyyə verilib. Tədbirdə Maynts Milli Azlıqlar Məclisinin üzvü Ruslana Süleymanova, Frankfurt Azərbaycanlılar Cəmiyyətinin sədri Kəmalə İsgəndərova, Maynts Azərbaycan Cəmiyyətinin idarə heyəti üzvlərindən Ruhan Gök, Annelise Kömür və digər soydaşlarımız ölkəmizlə bağlı daha geniş bilgi əldə etmək istəyən Almaniya vətəndaşlarına Azərbaycan Respublikasının tarixi, ədəbiyyatı, mədəniyyəti və milli mətbəxi barədə ətraflı məlumat təqdim ediblər. Bundan başqa “Qarabağ” adlı Azərbaycan milli rəqs qrupunun ifa etdiyi rəqslərimiz də bayram iştirakçılarının alqışları ilə qarşılanıb.

Tədbir zamanı Maynts bələdiyyəsinin sədri Yens Boytel, Bundestaq üzvlüyünə namizədlərdən Mixael Hartman və Migel Vicente Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Maynts Azərbaycan Cəmiyyətinin sədri Başar Kömürlə görüsüb, Azərbaycanla Almaniya arasında inkişaf edən əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsinə maraq göstərdiklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 552

Oxşar yazılar