Davudoğlu erməni protokollarıyla bağlı Baykalla görüşdü
15 sentyabr 2009 11:45 (UTC +04:00)

Davudoğlu erməni protokollarıyla bağlı Baykalla görüşdü

“Qars anlaşmasını Ermənistan tanımır, belə durumda Türkiyənin Naxçıvan üzərində zaminliyi məsələsi şübhə altına düşür”


Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sənədlərin açılmasını nəzərdə tutan protokollarla bağlı bu gün Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu CHP sədri Dəniz Baykalla görüşüb.

Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdən sonra ana müxalifət partiyasının lideri Dəniz Baykal açıqlama verib. Dəniz Baykal deyib ki, görüşdə Qafqazdakı vəziyyət, Türkiyə-Ermənistan əlaqələri və Kipr məsələsi müzakirə olunub.

CHP-nin bu məsələlərlə bağlı mövqeyini ortaya qoyduğunu deyən Dəniz Baykal bildirib ki, Qars anlaşmasını Ermənistan tanımır, Qafqazda sülh və sabitliklə bağlı problem var: “Bu, probleminin əsasında duran məsələdir. Qafqazda sülh və sabitlik istəyiriksə, bunu görmək lazımdır. Soyqırımı məsələsi də münasibətlərimiz önündə keçilə bilməyən başqa bir əngəldir”.

Dəniz Baykal vurğulayıb ki, belə durumda Türkiyənin Naxçıvan üzərində zaminliyi məsələsi şübhə altına düşür: “İnamlı bir mənzərənin olmadığını dəqiqləşdirdik. Bir tarix komissiyasının qurulması və fəaliyyət göstərməsi gündəmə gəlib. Ancaq bu komissiyanın necə qərarlar verəcəyi yönündə etibarlı mexanizm yoxdur”.

Qeyd edək ki, bundan öncə CHP sədri partiyasının millət vəkillərinin parlamentdə müzakirəyə çıxarılacaq protokollara səs verməyəcəyini bəyanlayıb.

Əhməd Davudoğlu isə çox faydalı bir görüş olduğunu söyləməklə kifayətlənib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar