Rəşad Məcid: “Cenifer Lopezlə mənimki tutmaz...” - MÜSAHİBƏ
21 avqust 2009 19:00 (UTC +04:00)

Rəşad Məcid: “Cenifer Lopezlə mənimki tutmaz...” - MÜSAHİBƏ

“Qarabağ” - “Rusenborq” oyununda hönkür-hönkür ağladım”

Bu gün Rəşad Məcidin ad günüdür. 525-ci qəzetin baş redaktoru, Yazıçılar Birliyinin katibi, yaxşı insan, yaxşı dost, yaxşı yazar Rəşad Məcidin. Ad günündə onu təbrik edir, ən yaxşı arzularımızı yetiririk. “Yeni Müsavat” qəzeti 45 yaşı tamam olan Rəşad Məciddən müsahibə götürüb. Həmin müsahibəni Lent.az-ın oxucularının diqqətinə çatdırırıq.

- Nə az, nə çox 45 yaşınız tamam olur. Bu yaş sizi qorxutmur ki?

- 40 yaşım tamam olanda çox qorxmuşdum. Elə bilirdim insan bu yaşdan sonra qocalır. Artıq bir müddətdən sonra zamana çox sakit baxmağa başladım. Gördüm yaşın o qədər də fərqi yoxdur. İnsan özünü hansı yaşda hesab edirsə, demək, o yaşdadır. Amma 45 yaşı insanın artıq fiziki dəyişkənlik dövrünün başlanğıcı saymaq olar. Bir az fizionomiyasında, yerişində-duruşunda ağırlıq baş verir. Bu mənada özümü bir balaca dəyişilmiş hesab edirəm. Ancaq düşüncəm, ürəyim gənc yaşımda olduğu kimidir.

- Yəni özünüzü gənc hesab edirsiniz?

- Bəli, özümü gənc hesab edirəm. Baxmayaraq ki, dostlarım, yaxınlarım məni ağsaqqal, müdrik kimi təqdim edirlər. Amma mən gənclərin arasında daha çox oluram. Bugünlərdə Qazaxdan gənc liderlərin Yay Universitetindən qayıtdım. Orada gənclərlə görüşdüm, mühazirələr oxudum. Gənclərin məni nə qədər sevib, hörmət bəslədiklərini gördüm. Gənc ədiblərlə, Mədəniyyət və Turizm Nazirliyindən bir çox gənclərlə işləyirəm. Çoxlu gənc dostlarım var. Gənclərlə olmaq, gənc olmaq deməkdir. Məndən müasir texnologiyaya münasibətimin necə olduğunu soruşdular. “Facebook” haqqında danışdım. “Facebook” sayəsində mən çoxlu dostlar qazanmışam. Müasir texnologiyaya nə qədər bələd olsan, geri qalmasan, o qədər gəncsən.

- Gənclərlə bu qədər sıx münasibətdə olmağa özünüzü gənc hiss etmək istəyinizmi çəkir?

- Mən 1992-ci ildə “525-ci qəzet" ilk dəfə çıxanda ön söz yazmışdım. Demişdim, bu qəzet gənclərin qəzeti olacaq. Hazırda da qəzetdə cavanlar üstünlük təşkil edir. Bizim qəzetə Azərbaycanın, xarici ölkələrin ən müxtəlif təşkilatlarından xeyli jurnalistlər gəlib-gedir və mən də onlarla xeyli gəncləşirəm.

- Doğum gününüzdə özəl təbriki kimdən gözləyirsiniz?

- Ad günü keçirməyin həvəskarı deyiləm. Ancaq bir də görürsən ki, gözləmədiyim yerdən təbrik alıram. Məsələn, keçən il bir neçə şirkət yüksək səviyyədə məni təbrik etdi. Xüsusilə “Azercell” şirkəti məni təəccübləndirir. Hər il gül və hədiyyələrlə məni təbrik edir. Keçən il Türkiyədəki iş adamı Mübariz Mənsimovun adından təbrik gəlmişdi. Ancaq ürəyimin dərinliyində gözlədiyim təbriklər var. Bilmirəm gələcək, gəlməyəcək.

- Gözlədiyiniz təbriklər kimdəndir?

- Müxtəlif adamlar var. Onlardan gözləyirəm.

- Son günlər gənclərin qulaqlarına sırğa taxması, geyimləri, saç düzümləri müəyyən söz - söhbətə səbəb olur. Bəs bu gənclərə sizin münasibətiniz necədir?

- Münasibətim çox normaldır. O dərəcədə də aqressiv baxmıram. Gəncliyin təbiətində yeniliyə canatma var. Bir “HOST” qrupu var. Oradakı gənclər çox fəaldır. Qrupun rəhbəri Elxan indi hərbi xidmətdədir. Elxanın “A” adlı ilk romanına mən ön söz yazmışam - oxuyandan sonra. Həmin romanda gənclərin etirazından, cəmiyyətdəki bir sıra problemlərdən danışılır. Ümumiyyətlə, mən indiki gənclərdən narazı deyiləm. Rəhbəri olduğum gənc ədiblər məktəbində də istedadlılar var. Xarici ölkələrdə təhsil alan tələbələrin sayı artıb və bu, sevindirici haldır. Bu cür gənclərdən narazı olmaq olmaz. Gənclərin gələcəyini işıqlı görürəm. Nə qədər standart söz olsa da.

- Yuxarıda “HOST”un adını çəkdiniz. Bununla həmin qrupu dəstəklədiyinizi bildirirsiniz?

- Onların replərinə elə də çox qulaq asmamışam. Bir-ikisinə qulaq asmışam və orada bir narahatlıq, enerji olduğunu görmüşəm. Əlbəttə, onları dəstəkləyirəm.

- Gənclərin sevgisinə münasibətiniz necədir?

- Sevgi məsələsində mənə elə gəlir ki, gənclər bir az soyuqdurlar. Sevgi elədir ki, bəlkə də sürətli zaman ona da təsir edir. Mənə elə gəlir, sevgi klassik dövrdəki kimi deyil. Gənclər sevgiyə bir az ironik baxırlar. Sevgi bəşəriyyət var olduqca, yaşayacaq bir hissdir. Alman filosofu Nitsşenin sözünü deməyi xoşlayıram: “Sevgi yaşamağın yeganə və son şansıdır”.

- Sizin üçün necə, yeganə və son şansdırmı?

- Şübhəsiz ki, mənim üçün də elədir. Sevgi insanı ən yüksək nöqtəyə qaldıran bir hissdir. İnsan, hər halda, o hissə sahib olmaqdan qürur duymalıdır.

- Sizdə bu an o sevgi varmı?

- Bu an, bu saniyə yoxdur. Əlbəttə ki, vaxtilə olub.

- Demək, yaşınız sevgidə artıq öz sözünü deyib?

- Yox. Niyə ki? Sevgi yaşa baxmır. Hər yaşda ola bilər. Altmışda da, yetmişdə də.

- Bəs 45-də necə?

- Sevgi güclü bir hissdir. Həyatımda olub da, olacaq da.

- Son vaxtlar narkomaniyanın geniş yayılmasını nə ilə əlaqələndirirsiniz?

- Mənim narkomaniya haqqında çoxsaylı hekayələrim var. Yaşadığım rayonda 1 nəfərin monoloqunu yazmışdım. İndi faktiki olaraq mənim tanışlarım arasında narkoman olmadığına görə nə dərəcədə artdığını bilmirəm. Ancaq bu cür həyatın sonunun olmadığı aydın məsələdir. Gənclərə demək istəyirəm ki, həyatda narkotikin verdiyi zövqdən də yüksək zövqlər var.

- Narkotikin verdiyi zövqdən danışdınız. Narkotikin hansısa növündən istifadə etmisiniz?

- Yox. Heç vaxt istifadə etməmişəm.

- Bəs narkotikin bu qədər zövq verdiyini haradan bilirsiniz?

- Mənim narkotiklə məşğul olan dostlarım olub. Onlar mənə danışıblar. Jurnalist və yazıçı təbiətindən istifadə edərək maraqlanıb öyrənmişəm. Narkotikdən istifadə edərək süni zövq almaqdansa, təbii zövq daha yaxşıdır. Narkotikdən istifadə etməmişəm. Ancaq şərablar, digər içkilərlə çox yaxşı münasibətim olub. Ancaq indi həm yaş, həm də səhhətimlə bağlı elə də çox içmirəm. Həyatdan zövq almalı çox şey var. Elə olub axşam oxuduğum kitaba, izlədiyim filmə görə hönkür-hönkür ağlamışam.

- Ən son nə vaxt ağlamısınız?

- Ağlamaqla bağlı bir şeirdə yazmışam:"Ağla, qaqaşım, ağla". Bu şeirimi lap gənclik vaxtımda yazmışam... Müxtəlif səbəblərdən ağlamışam. Sevincdən ağladığım da olub. Ən son “Qarabağ”-"Rusenborq" oyununda sevincdən hönkür-hönkür ağlamışdım. Həmin gün Ağdamın işğalı günü olduğuna görə qələbə mütləq çalınmalı idi. Qalib olacağımıza inanırdım.

- Elə vaxt olubmu ki, içib sonradan heç nə xatırlamayasınız?

- İlk dəfə şərabı Hüseyn Ariflə içmişdim. Mənə demişdi ki, içki pis şey olsa bəşəriyyət yüz illərlə onu yaşatmaz. Elə məqamlar olub ki, şərabdan, pivədən, araqdan kefləndiyim vaxtlar olub. Mən içəndə də özümə nəzarət edən adamam. İçib keflənsəm belə ətrafımdakılarla xoş davranıram. Heç kəsi incitmirəm. İçdikdən sonra daha gözəl insan olduğumu deyiblər.

- Gözəl xanım görəndə ilk ağlınıza gələn nə olur?

- Gözəl qadın bəşəriyyətin sərvətidir. Gözəl qadınlara əlbəttə ki, münasibətim yaxşıdır. Elə vaxt olub ki, gözəl bir xanımla oturub söhbət etmişəm. 10 dəqiqə keçməyib ki, onun gözəlliyi mənim gözümdə sıfıra enib. Mənim üçün gözəl qadını həm də onun ağlı, səviyyəsi və intellekti tamamlayır. O qədər gözəl xanım var ki, ağzını açanda bütün o gözəlliyi bir qəpiklik olur. Elə də olur ki, heç o dərəcədə də gözəl olmayan qadın ağlı, intellekti ilə adamı özünə cəlb edir, öz sehrinə salır. Uzaqdan gördüyüm, pərəstiş etdiyim qadınlar var. Qadın dostlarım çoxdur. Azərbaycanda istedadlı və ağıllı qadınlar görəndə mənə ləzzət edir.

- Bəs Cenifer Lopezə necə, pərəstiş edərsiniz?

- Mən bayaq istəyirdim Cenifer Lopezin adını çəkim. O, çox cazibədar xanımdır. Həm də onun haqqında təsəvvürüm filmlərindən formalaşır. Əslində onun üzünə baxaraq gözəl adlandırmaq olmaz. Onun sifətində cazibə və sehrli nöqtələr var. Elə qadınlar var ki, o gözəl deyil, ancaq çox cazibədardır.

- Bəs Cenifer Lopezə görə hər şeyi atıb gedərsiniz?

- Yox. Onunla mənimki tutmaz. Ümumiyyətlə, heç bu dəqiqə elə bir qadın olmaz ki, mən ona görə hər şeyi atıb gedəm. Belə ola bilər ki, o qadına vurulub, pərəstiş edəm. Qeyd etdiyim kimi, elə bir qadın hazırda yoxdur.

- Bəs Rəşad Məcid yenidən vurula bilərmi?

- Əlbəttə, vurula bilər. Çox arzulayıram ki, bu hiss məni tərk etməsin. Ümidvaram ki, tərk etməyəcək.

- Bu etirafı etməyə çəkinmirsiniz?

- Əlbəttə, yox. Mənim normal ailə həyatım var. Klassik bir ailədir. Həyat yoldaşım məni başa düşür. Bu sözlər isə nəsə problem yaratmaz. Çünki sadəcə arzulardı.

- Həqiqi istəyinizi nələrəsə qurban verərsiniz?

- Çalışmaq lazımdır ortaq yol tapılsın. Bu yaxınlarda dostum Nizami Cəfərova bir sual vermişdilər. O, cavabında Vaqifdən bir misra gətirir: “Bir gün məhəbbətin 100 gün cəngi var”. Yəni ki, bir gün məhəbbət yaşayırsan, uzun müddət ictimaiyyətdən qınaq eşidirsən. Mənə çox təsir etdi həmin misra. Doğrudan da elədir. O hissə tutulmayan adamlar həmin adamlara yuxarıdan aşağı baxırlar.

- Bəs siz necə, 1 gün məhəbbətin 100 gün cəngini çəkmisiniz?

- Yox, çəkməmişəm. Amma cəngini çəkən adamlar tanıyıram. İllərdir düşünürlər düzmü etmişəm, səhvmi etmişəm deyə.

- Bəlkə o adam elə siz özünüzsünüz.

- Yox, mən sakit yaşamışam (Gülür).

- “525-ci qəzet"lə bağlı nəsə yeni planınız varmı?

- Qəzeti daha da genişləndirmək istəyirəm. İstəyirəm səhifələr o qədər çox olsun ki, ölkədəki bütün proseslər cikinə-bikinə qədər, həmin səhifələrə yerləşsin. Ancaq hələ ona imkan yoxdur.

- Virtual tanışlıqla aranız necədir?

- Yaxşı. Mən dediyim kimi, "Facebook"un üzvüyəm. Öz adımdan istifadə edirəm. Gizli adla yazmağı sevmirəm. Son vaxtlar daha çox mesaj yazmağa üstünlük verirəm. Bu mənada darıxmağa vaxt yoxdur.

- Telefon vasitəsilə sizinlə tanış olan var?

- Mənimlə tanış olmaq istəyənlər üçün bəhanəyə gərək yoxdur. Olur kimlərsə yazır, zəng edir. Əsasən işlə bağlı tanış olmaq istəyirlər. Son vaxtlar dediyiniz mənada tanışlıqlar olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1063

Oxşar yazılar