Müdafiə Nazirliyi “Yeni Müsavat”ı məhkəməyə verir
12 avqust 2009 20:00 (UTC +04:00)

Müdafiə Nazirliyi “Yeni Müsavat”ı məhkəməyə verir

“Bir neçə mətbuat orqanı, o cümlədən “Yeni Müsavat” qəzeti Azərbaycan Ordusunun nüfuzunu aşağılamaq, ictimaiyyətdə orduya qarşı inamsızlıq yaratmaq cəhdində bulunan yazılar dərc edib”.

Bu barədə APA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib. T. Abdullayev deyib ki, bəzi mətbuat orqanlarında Müdafiə Nazirliyinə münasibətdə qərəzə yol verilir, açıq-aşkar böhtan kampaniyası aparılır: “”Yeni Müsavat” qəzetinin 10 avqust tarixli sayında belə yazılardan biri – “Azərbaycan əsgəri nə yeyir” başlıqlı məqalə dərc olunub. Məqalədə Azərbaycan ordusunda əsgərlərə heyvanlar üçün nəzərdə tutulan qidaların verilməsi ilə bağlı məlumat əks olunub. Qəzet Telman Əbilov və Üzeyir Cəfərovun ekspert kimi mövqelərini dərc edərək ordunun nüfuzuna zərbə vurmağa çalışıb. Məhz buna görə də Müdafiə Nazirliyi «Yeni Müsavat» qəzetini, qəzetin baş redaktor müavinini, məqalə müəllifini, həmçinin Telman Əbilov və Üzeyir Cəfərovu məhkəməyə verməyə hazırlaşır. Biz bundan başqa yol görmürük”.
T. Abdullayev deyib ki, məhkəmə baş tutduğu halda bu şəxslər yazılanları sübuta yetirməlidirlər: “Əks təqdirdə nazirlik məhkəmədən onların qanuna müvafiq cəzalandırılmasını xahiş edəcək”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu APA-ya açıqlamasında məsələyə münasibət bildirib: “Ordu Azərbaycan xalqına məxsusdur, onun problemi bizim hər birimizin problemidir. Həm vətəndaş, həm də qəzet redaktoru kimi mən və rəhbərlik etdiyim kollektiv orduda baş verən neqativ hallara, özbaşınalıqlara biganə qala bilmərik. Bu səbəbdən də bizim və digər qəzetlərin gündəmində ordu mövzusu geniş yer tutur və bu istiqamətdə ciddi bir dəyişiklik olmayınca, böyük ehtimalla ölkə mediasında hərbi nazirliyə dair yazılar davam edəcək. Konkret fakta gəlincə, mən də çox istərdim ki, bu mövzuda bir məhkəmə olsun və həmin məhkəmə prosesi vasitəsilə bütün ictimaiyyət görsün ki, Azərbaycan Ordusunun təchizatı məsələsi necə biabırçı vəziyyətdədir”.
İddia ərizəsini gözlədiklərini bildirən R. Arifoğlu “onunla tanış olandan sonra daha detallı danışmaq imkanımız da olacaq” deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar