Amerikanlar xüsusi təyinatlılarımıza nə öyrədəcəklər?
05 avqust 2009 12:15 (UTC +04:00)

Amerikanlar xüsusi təyinatlılarımıza nə öyrədəcəklər?

Bu gün Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yaranma günüdür

Avqustun 15-dən sentyabrın 5-dək ABŞ dəniz qüvvələri xüsusi təyinatlıları tərəfindən Bakıda Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları üçün təlimlər keçiriləcək. Bununla da ABŞ Azərbaycanla imzalanmış hərbi əməkdaşlıq üzrə İş Planı çərçivəsində Azərbaycanın dəniz xüsusi təyinatlıları üçün Bakıda üçüncü təlimini reallaşdıracaq. Lent.az-ın hərbi mənbələrdən əldə etdiyi məlumatlara görə, təlimi ABŞ-ın Avropadakı Xüsusi Əməliyyatlar Komandanlığının mütəxəssisləri həyata keçirəcəklər. Təlimlərdə gəminin zəbti, yoxlanılması, həmçinin sualtı əməliyyatlar icra olunacaq.

İndiyədək cəmi bir neçə dəfə efirdə görünmüş Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının Xəzərdə bənzərsiz imkanlara malik olduğu bildirilir. Ən müasir avadanlıqlarla, həmçinin silah və texniki vasitələrlə təchiz olunmuş bu qüvvələr istənilən şəraitdə dəniz əməliyyatları aparmaq üçün hazırlanıb. Bu xüsusi təyinatlı qüvvələr eləcə də dəniz infrastrukturlarının, habelə dənizdəki neft platformaları, kəmərlərin və s. mühafizəsini təmin edirlər.

Azərbaycanın yüksək hazırlığa malik dəniz xüsusi təyinatlıları müxtəlif ölkələrdə dünyanın ən peşəkar mütəxəssisləri tərəfindən keçirilən təlimlərdə iştirak ediblər. Bu sırada Türkiyənin SAT (Sualtı taaruz) və SAS (Sualtı savunma) birliklərinin, ABŞ-da “Dəniz Pişikləri”nin, eləcə də ABŞ-ın Avropa Komandanlığının keçirdiyi müxtəlif təlimlər var. Ötən ilin iyul ayında Bakıda olan Türkiyənin SAT/SAS komando birliyinin mütəxəssisləri tərəfindən Azərbaycan xüsusi təyinatlılarına sualtı müdafiə və sualtı hücumla bağlı treninqlər keçirilib. Azərbaycan xüsusi təyinatlıları isə cari ilin aprel ayında SAT/SAS təliminin planlaşdırılmasında, may ayında təlim kursunda yaxından iştirak ediblər.

Azərbaycan dəniz xüsusi təyinatlılarının hazırlanmasında ABŞ xüsusi yer tutur. Belə ki, Azərbaycan və ABŞ Silahlı Qüvvələri arasında imzalanmış hərbi əməkdaşlıq üzrə İş Planıın 2007-2008-ci illəri əhatə edən birinci mərhələsi çərçivəsində əsas yeri Azərbaycanın dəniz təhlükəsizliyinin gücləndirilməsi tutub. İş Planı çərçivəsində Azərbaycan HDQ-nin xüsusi təyinatlılarına ABŞ-ın müvafiq qurumları tərəfindən xüsusi hərbi dəniz əməliyyatları, dəniz enerji infrastrukturlarının təhlükəsizliyini təmin etmək, minadan təmizləmə əməliyyatları, HDQ xüsusi təyinatlılarının Xəzər dənizində istənilən şəraitdə gəminin yoxlanılması, gəmiyə daxil olma, axtarış və zəbt etmə əməliyyatlarına hazırlamaq, sualtı əməliyyatlar və sahilyanı kəşfiyyat həyata keçirmək imkanı və s. sahədə təlimlər keçirilib. Dəniz Qüvvələrinin mərkəzi komanda məntəqəsi, habelə 5 hərbi gəmi modernləşdirilib. 2008-ci ildə xüsusi təyinatlıların təchizatı üçün dalğıc geyim forması və uzaqdan idarəedilən cihazların alınmasına Birləşmiş Ştatlar1,5 milyon dollar vəsait ayırıb.

Yeri gəlmişkən qeyd edək ki, avqustun 5-i Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) yaranma günüdür. Hazırda Azərbaycanın HDQ-nin şəxsi heyətinin sayı 3000 nəfər göstərilir. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. Azərbaycan HDQ-nin flaqmanı 1040 tonluq 159A layihəli “Bakılı” keşikçi gəmisidir.

Rəşad Süleymanov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 748

Oxşar yazılar