“Azərbaycan Xəzər regionu enerjidaşıyıcılarının Avropaya çatdırılmasında aparıcı oyunçulardandır” – MÜSAHİBƏ
04 avqust 2009 19:00 (UTC +04:00)

“Azərbaycan Xəzər regionu enerjidaşıyıcılarının Avropaya çatdırılmasında aparıcı oyunçulardandır” – MÜSAHİBƏ

Latviya prezidenti Valdis Zatlersin APA-ya müsahibəsi

- Cənab prezident, Latviya və Azərbaycan arasındakı ikitərəfli münasibətlərin səviyyəsini necə qiymətləndirirsiniz?

- Məncə, Latviya ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədədir. Bundan başqa, mən prezident Əliyevi özümün dostum sayıram. Latviya və Azərbaycan ümumi dəyərləri bölüşürlər. Azərbaycanın da siyasətində Avropa Birliyi və NATO ilə sıx əməkdaşlıq meylləri özünü göstərir. Son onillik ərzində hadisələrin inkişafı Cənubi Qafqaz regionunda Azərbaycanın aparıcı ölkələrdən biri olduğunu təsdiq edir. Hətta qlobal maliyyə böhranı şəraitində də Azərbaycanla Latviya arasında iqtisadi münasibətlər inkişaf edir. Latviyadan Azərbaycana ixrac iki dəfə artıb, Azərbaycandan idxal isə 2008-ci ildə bir il öncə ilə müqayisədə 30% artıb.

Dünya iqtisadiyyatındakı mürəkkəb şərait sahibkarları yeni biznes-ideyalar, tərəfdaş və bazarlar axtarmağa sövq edir. Ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın istifadə olunmamış potensialının həcmi latviyalı sahibkarlar üçün Azərbaycanda yeni imkanlar açır. Əminəm ki, mənim Azərbaycana səfərim ölkələrimizin rəsmi şəxslərinin, müəssisə və sahibkarlarının, eləcə də sadə insanlarının daha sıx əməkdaşlıq etməsi üçün katalizator rolu oynayacaq.

- Latviya və Azərbaycanın ikitərəfli münasibətlərində prioritet sahələr hansılardır?

- Hazırda ikitərəfli münasibətlərimiz, səlahiyyətli şəxslər arasında aktiv təmaslar və normativ-hüquqi baza kifayət qədər işlənilib. Bu səbəbdən bizim prioritetlərimiz mövcud təmasların möhkəmləndirilməsi və əməkdaşlığın yeni sferalarının inkişafıdır.
Qeyd etmək vacibdir ki, Latviya Azərbaycanla iqtisadi münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır. Ona görə də ölkənizə dövlət səfərim zamanı məni geniş tərkibli biznes nümayəndə heyəti müşayiət edəcək.

Biz həmçinin Avropa Birliyi kontekstində Azərbaycanla əməkdaşlığı fəallaşdırmaqda maraqlıyıq. Artıq bizim Avropa Birliyi ilə münasibətlərdə təcrübəmizlə bağlı informasiya mübadiləsini əks etdirən uğurlu ikitərəfli layihə və proqramlar mövcuddur. Çünki Avropa Birliyinin normaları ilə uyğunlaşma bu qurumla iqtisadi münasibətlərdə əhəmiyyətli rola malikdir. Bundan başqa, Latviya regional təhlükəsizlik məsələlərində Azərbaycanla dialoqu yüksək qiymətləndirir.

- Azərbaycana səfəriniz çərçivəsində hansı məsələlər müzakirə olunacaq?

- Qeyd etdiyim əməkdaşlıq və iqtisadi məsələlərlə bağlı ikitərəfli layihələrdən başqa, Avropa Birliyi ilə əməkdaşlıq, NATO-nun əməliyyatlarında birgə səylər, enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində regional siyasət və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin əməkdaşlığı kimi məsələləri prezident İlham Əliyevlə mənim üçün maraqlı olardı. Həmçinin dövlət səfərim zamanı Latviya və Azərbaycan hökumətləri arasında əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması planlaşdırılır. Mən burada gənclər və idman, həmçinin turizm sahəsində əməkdaşlıqla bağlı sazişləri vurğulamaq istərdim.

- Latviya cəmiyyətində Azərbaycan diasporunun rolu hansı səviyyədədir? Azərbaycan diasporu Latviyada assimilyasiyaya uğramayıb ki?

- Azərbaycan diasporu Latviya cəmiyyətinin vacib hissəsidir. Diaspor istənilən ölkəni öz mədəniyyət və dili ilə zənginləşdirir. Bizim məqsədimiz odur ki, istənilən Latviya vətəndaşı – latış və ya azərbaycanlı olmasından asılı olmayaraq – öz köklərini saxlasın. Biz heç kimi assimilyasiya etməyə çalışmırıq.

- Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Latviyanın mövqeyi nədən ibarətdir? Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi?

- Latviya münaqişənin beynəlxalq hüququn qəbul edilmiş prinsipləri və BMT Nizamnaməsi əsasında tezliklə həllinin tərəfdarıdır. Bu, Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Ümid edirəm ki, ATƏT-in Minsk Qrupunun davam edən səyləri Dağlıq Qarabağ münaqişəsinin 2007-ci ilin noyabrında Madriddə təklif olunmuş baza prinsipləri əsasında həllinə təkan verəcək.

- Sizin Azərbaycan prezidenti İlham Əliyevlə yanvarın 30-da Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşünüzdə Avropa ölkələrinə enerjidaşıyıcılarının çatdırılması üçün alternativ marşrutlar müzakirə olunmuşdu. Latviya “Nabucco” layihəsində maraqlıdırmı?

- “Nabucco” hazırda qazın Avropa Birliyi ölkələrinə çatdırılmasında əsas alternativ layihələrdən biridir. İyulun 13-də “Nabucco” qaz kəmərinin tikintisi haqqında Türkiyə, Rumıniya, Bolqarıstan, Macarıstan və Avstriya tərəfindən imzalanmış saziş həm “Nabucco” layihəsinin inkişafı, həm də bütövlükdə qazın Avropaya çatdırılmasının diversifikasiyasında ciddi siqnaldır.

Latviya Avropa Birliyinin üzv ölkəsi kimi enerji marşrutlarının mənbə və çatdırılmasının diversifikasiyasında maraqlıdır. Ona görə də biz Azərbaycana Xəzər regionunun enerjidaşıyıcılarının Avropaya çatdırılmasında aparıcı oyunçulardan biri kimi baxırıq. Latviya “Nabucco” layihəsində birbaşa iştirak etməsə də, onun uğur qazanmasında maraqlıdır və ümid edirik ki, gələcəkdə Azərbaycanın təbii qazı “Nabucco” qaz kəməri vasitəsilə Avropaya çatdırılacaq.

- Ölkələrimiz arasındakı hərbi əməkdaşlığı necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, Latviya və Azərbaycan arasında hərbi əməkdaşlığa NATO çərçivəsində paradiqmalar kimi baxmaq lazımdır. Kollektiv Raket Əleyhinə Müdafiə Sisteminin üzvü kimi Latviya Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır. Əməkdaşlığın genişləndirilməsi təkcə Latviya və Azərbaycanın yox, həm də birliyin maraqlarına cavab verir. Latviya Əfqanıstandakı sülhyaratma missiyasına verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirir. Biz həmçinin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi işində Azərbaycanın səylərini yüksək qiymətləndiririk. Biz Azərbaycan Silahlı Qüvvələri ilə ikitərəfli təlimlərdə iştirak etməkdən də qürur duyuruq.

- Azərbaycanın Avropa institutlarına inteqrasiyası məsələsində Latviya hansısa yardım edə bilərmi?

- Latviya ənənəvi olaraq Avropa Birliyi və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsinə çalışır. Biz hesab edirik ki, Azərbaycan Avropa Birliyinin etibarlı tərəfdaşlarından biridir. “Şərq tərəfdaşlığı” proqramı Avropa Birliyinin şərq qonşuları ilə siyasi və praktik əməkdaşlığı sahəsində yeni əsaslar yaradıb, islahatların dəstəklənməsi və regionda sabitliyin təmin olunması üçün əlavə vasitələr meydana çıxarır. Biz Avropa Birliyi ilə münasibətlərin inkişafında Azərbaycanın bu vasitələrdən istifadə etməsini dəstəkləmək istərdik.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981

Oxşar yazılar