Baş nazirlər Telman İsmayılovu müzakirə edəcəklər
04 avqust 2009 12:00 (UTC +04:00)

Baş nazirlər Telman İsmayılovu müzakirə edəcəklər

Erdoğan-Putin görüşünün əsas müzakirə mövzusu enerji layihələri olacaq
Baş nazir Rəcəb Tayyib Ərdoğanın dəvətiylə avqustun 6-da Türkiyəyə səfər edəcək Rusiyanın baş naziri Vladimir Putinlə görüşlərdə əsas müzakirə mövzusu enerji layihələri olacaq.
Lent.az-ın hakimiyyətə yaxın “Star” qəzetinə istinadən yaydığı məlumata görə, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi artıq enerji layihələri ilə bağlı imzalanacaq sazişlərin layihələrini hazırlayıb.
Qəzet yazır ki, Putinin bu səfəri böyük mənada Rusiyanın Avropanın qaz bazarındakı inhisarını aradan qaldırmaq üçün həyata keçirilməyə səy göstərilən “Nabucco” layihəsinə qarşı hücum məqsədi daşıyır. Başqa sözlə, Orta Asiyanın enerji resurslarını Avropa bazarlarına çıxaracaq layihələrin taleyini müəyyənləşdirəcək.
Rusiya Ankaranı öz planında iştiraka razı salmaq üçün bu səfər zamanı Türkiyəyə satılan qazın qiymətinin endirilməsini, Qara dənizin təki ilə “Mavi Axın-2” boru xəttinin tikilməsini, sonradan məhz Türkiyə ilə birgə qazın “Qərb” boru kəməriylə Avropaya satılmasını təklif edəcək.
Əgər bu təkliflərə Türkiyə razılıq versə, Orta Asiyanın təbii qaz resurslarını Rusiyadan yan keçməklə daşıması nəzərdə tutulan “Nabucco” kəmərinin taleyi sual altına düşəcək. Rusiya isə Orta Asiya ölkələrinə “Mavi Axın-2” timsalında yeni alternativ təklif edəcək və Avropa bazarlarında inhisarçı mövqeyini gələcəkdə də qoruya biləcək.
Vladimir Putin Türkiyənin atom elektrik stansiyanın tikintisi ilə bağlı layihənin müddətinin gecikdirilməməsini, tez bir zamanda bu layihənin Rusiyaya həvalə edilməsini, 2011-ci ildə müddəti başa çatacaq “Qərb” boru kəməri ilə bağlı razılaşmanın müddətinin uzadılmasını da istəyir. Rusiya “Tuzgölü” Təbii Qaz Anbarının tikintisi işinin də rus şirkətlərinə verilməsini, təbii qazın paylanması ilə bağlı layihələrdə rus və türk şirkətlərinin ortaq çalışmalarını da zəruri sayır.
Vladimir Putin həm də məhz bu səfər zamanı Avropaya ortaq qaz satışı ilə bağlı Türkiyəylə anlaşma imzalanmasının tərəfdarıdır.
Qəzet AKP hökumətinin Rusiyanın təkliflərinə isti yanaşdığını bildirir.
Rəcəb Tayyib Ərdoğan görüşdə Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus “Çerkizov” bazarının bağlanmasından sonra 5 min türk firmasının bu bazarda üzərinə həbs qoyulmuş 2 milyard dollarlıq malının taleyinə də toxunacaq. Türkiyənin baş naziri həmin mallar üzərində həbsin qaldırılmasını istəyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar