XİN-dən vətəndaşlara növbəti xəbərdarlıq
31 iyul 2009 19:00 (UTC +04:00)

XİN-dən vətəndaşlara növbəti xəbərdarlıq

“Donuz qripi”nin qeydə alındığı ölkələrə getməyin!

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına A/H1N1 (“donuz qripi”) təhlükəsindən qorunmaq üçün növbəti dəfə xəbərdarlıq edib. XİN vətəndaşları son zərurət olmadan bu xəstəliyin qeydə alındığı ölkələrə səfərləri təxirə salmağa çağırır.

Bu barədə APA-ya açıqlamasında XİN mətbuat katibi Elxan Poluxov Azərbaycanda “donuz qripi”nin qeydə alınması ilə bağlı nazirliyin hansı tədbirlər görəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib. “Lazımi tədbirlər Səhiyyə Nazirliyi tərəfindən görülməlidir” deyən E. Poluxov xatırladıb ki, XİN pandemiyanın başlandığı ilk günlərdə rəsmi saytında “Səyahət xəbərdarlığı” yerləşdirib və xəstəliyin yayıldığı ölkələrin sayı artdıqca həmin məlumatı təzələyir.

E. Poluxovun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik missiyalarının əməkdaşlarına da xəbərdarlıq olunub ki, gündəlik fəaliyyətində bu infeksiyadan qorunmaq üçün lazımi tədbirlər görsünlər: “Xaricdə çalışan diplomatların hamısı fəaliyyət göstərdikləri ölkələrdə sığortalanıb və zərurət olduqda, tibbi sığortadan istifadə edərək tibb müəssisələrinə müraciət edə bilərlər”.

Qeyd edək ki, XİN-in saytında yerləşdirilən “Səyahət xəbərdarlığı”nda xarici ölkələrdə daimi, müvəqqəti yaşayan və olan Azərbaycan vətəndaşlarına fövqəladə hallar və digər təhlükələr zamanı lazımi kömək göstərilməsi üçün səfirlik və konsulluqlarla əlaqə saxlamaları, konsulluq qeydiyyatına durmaları tövsiyə olunur. Azərbaycan vətəndaşlarının diqqətinə o da çatdırılır ki, vətəndaşların səyahəti zamanı baş verə biləcək hadisələrə görə XİN heç bir məsuliyyət daşımır: “Diqqətinizə çatdırırıq ki, dünyanın heç bir regionu və ya ölkəsi terror və fövqəladə hadisə riskindən kənar deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 559

Oxşar yazılar