Rabiyə Qədir: “İslam dünyasının mövqeyi bizi məyus edib” – MÜSAHİBƏ
21 iyul 2009 18:00 (UTC +04:00)

Rabiyə Qədir: “İslam dünyasının mövqeyi bizi məyus edib” – MÜSAHİBƏ

Ümumdünya Uyğur Konqresinin prezidenti Rabiyə Qədirin APA-nın ABŞ bürosuna müsahibəsi

- Urumçidə baş vermiş qanlı olaylarla bağlı Azərbaycan ictimaiyyətinə nə deyə bilərsiniz?

- İlk olaraq, azərbaycanlı qardaşlarıma salamlarımı yollayıram. İranda və dünyanın müxtəlif yerlərində çoxlu sayda azərbaycanlının yaşadığını bilirəm. Bilirəm ki, İrandakı azərbaycanlıların da problemləri var. Azərbaycanın ən ciddi probleminin Dağlıq Qarabağ münaqişəsi olduğundan da xəbərdaram. Mən Azərbaycan xalqının bütün problemlərinə şərik çıxıram və sadaladığım məsələlərdə əlimdən gələn yardımı göstərməyə hazıram. Çin hökumətinin uyğurlara qarşı apardığı təqib siyasətinə qarşı sizin də yardım etməyinizi istərdim. Bizim torpaqlarımız - Doğu Türküstan dünyada yaşayan bütün türklərin - azərbaycanlıların, qazaxların, türkmənlərin, qırğızların və digərlərinin də ana yurdudur. Doğu Türküstan türk mədəniyyətinin beşiyidir. Bu mədəniyyət yox olarsa, türklər öz ana yurdunu itirmiş olar. Ona görə də indi gərək hamı uyğur türklərinə sahib çıxsın.

- Vaşinqtonda uyğurların durumunu rəsmi dairələrə anlatmağa müvəffəq oldunuzmu?

- Biz Doğu Türküstanda baş verən hadisələrin mahiyyətini açıqlamaq üçün konqresmenlər və Konqresin Çin üzrə işçi qrupunun üzvləri ilə görüşdük, bəzi millət vəkilləri ilə mətbuat konfransı keçirdik. Lakin Obama hökumətinin yüksək səviyyəli təmsilçiləri ilə görüşmək imkanımız olmadı. İndi onların qanlı olaylarla bağlı daha sərt mövqe tutması üçün çalışırıq.

- Urumçidə baş vermiş qanlı hadisənin kökündə nə dayanır?

- 1949-cu ildə Çin hökuməti Doğu Türküstanı işğal edəndə orada çinlilərin sayı çəmi 300 min nəfər idi. İndi isə bütün vilayətdə onların sayı uyğurların sayı ilə bərabərləşib və 9 milyona yaxındır. Bu, rəsmi Pekinin bizim torpaqlarda apardığı assimilyasiya siyasətinin nəticəsidir. Dini inanclar da basqı altındadır. Dini təhsil almağa qadağa olunub. Universitetdə dinin tədrisi qadağadır. Məscidə getmək, oruc tutmaq da yasaqlanıb. Bu qadağalar müsəlman dövlət məmurlarına da aiddir. Hətta pensiyaya çıxmış insanların da rahat dini ibadətlə məşğul olmasına imkan verilmir. 1949-cu ildən bəri əlifbamız 3 dəfə dəyişib. İlk olaraq ərəb əlifbasını kirillə əvəz etdilər, sonra onu latınla dəyişdirdilər. Ən sonuncu dəfə yenə ərəb əlifbası tətbiq etdilər ki, nəsillər arasında uçurum yaransın. 2003-cü ildən sonra uyğur dilinin universitetlərdə tədrisi dayandırıldı. Bütün bunlar və digər onlarla səbəb insanları öz hüquqlarını tələb etməyə vadar edir.

- Danimarka mətbuatında Məhəmməd peyğəmbər haqqında karikatura dərc olunanda bütün müsəlman dünyası ayağa qalxdı. Bəs, Urumçidəki hadisələrə müsəlman dünyasının reaksiyası sizi qane etdimi?

- Biz də müsəlman dünyasından bunu soruşuruq. Deyirik ki, Urumçidə məscidləri dağıdırlar, səs çıxarmırsınız, amma peyğəmbərin karikaturası dərc olunanda hamı ayağa qalxmışdı. Bu, bir növ ikili standartdır. İslam dünyası bizim problemə sahib çıxmalıdır. İslam dünyası Çinin siyasi və iqtisadi gücünü nəzərə alaraq onunla münasibətlərini qorumaq istəyir və bizə edilən zülmü görmək istəmir. Bu, qəbuledilməz bir yanaşmadır. Yalnız Türkiyənin ortaya çıxması təqdirəlayiq hadisədir. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu son hadisələri hətta BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmağa söz verib və Çinin xarici işlər naziri ilə məsələni müzakirə edib. Digər islam ölkələri də buna bənzər addım ata bilərdilər. Biz islam dünyasının mövqeyindən məyus olmuşuq.

- İki oğlunuz Çində həbsdədir. Onlara görə narahat deyilsinizmi?

- Bəli, iki oğlum həbsdədir. Qalan 3 balam, 9 nəvəm, 3 qardaşım, ümumiyyətlə, ailəmizdə olan 30 nəfərə yaxın insan da Çin hökumətinin nəzarəti altındadır. Son hadisələrdən sonra onlardan xəbər ala bilmirəm. Bütün əlaqələr kəsilib...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar