“Mətbuat Günü münasibətilə əfv fərmanının imzalanacağından xəbərsizəm”
20 iyul 2009 15:00 (UTC +04:00)

“Mətbuat Günü münasibətilə əfv fərmanının imzalanacağından xəbərsizəm”

“Dövlət tədbirləri həmişə yubiley illərində olur. Bu il Milli Mətbuatın yaranmasının yubiley ili olmadığına görə hər hansı dövlət tədbiri planlaşdırılmır. Ancaq Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuat Günü qeyd olunacaq”.


Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.


Şöbə müdiri indiyə kimi mətbuata dövlət dəstəyini nəzərdə tutan bu və ya digər aksiyaların keçirildiyini, o cümlədən prezidentin sərəncamı ilə mətbuata birdəfəlik yardımların göstərildiyini qeyd edib: “Yubiley illərində xüsusi xidməti olan jurnalistlər fəxri adlar, orden və medallarla mükafatlandırılırdı. Bu il isə bu olmayacaq. Ancaq bu il Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondunun vəsaitləri hesabına və fondun Müşahidə Şurasının təklifləri ilə nələrsə ola bilər”.


Dövlət rəsmisi Milli Mətbuat Günü ilə bağlı redaksiyalara edilən yardımların məqsədli olmasının zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu yardımlar, sadəcə redaksiyalara pul vermək mahiyyəti daşımamalıdır: “Bu vəsait məqsədli şəkildə ayrılmalıdır. Ötən il prezidentin redaksiyalara göstərdiyi birdəfəlik yardımda da iki məqsəd nəzərdə tutulurdu. Bu məqsəd bundan sonrakı yardımların da fəlsəfəsini təşkil etməlidir. Bunlardan biri redaksiyaların maddi-texniki bazasını, digəri isə jurnalistlərin sosial müdafiəsini gücləndirməkdir”.


Ə. Həsənov ötən bir ildə mətbuatın inkişafını uğurlu hesab etdiyini deyib: “Ötən il mətbuatın inkişafı ilə bağlı xüsusi konsepsiya qəbul olunub. Bu konsepsiyanı reallaşdırmaq və mətbuatın inkişafına dövlət dəstəyi vermək məqsədi ilə Mətbuatın İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu quruma vəsait ayrılıb. Düşünürəm ki, qarşıdan gələn müddətdə bu fond və onun müşahidə şurası Azərbaycanda milli mətbuatın inkişafı, azad fikrin, siyasi plüralizmin dərinləşməsi üçün əlindən gələni edəcək. Dövlət konsepsiyanı qəbul edərkən, fond yaradarkən, ilk növbədə, o məsələ nəzərdə tutulub ki, Azərbaycanda müstəqil media inkişaf etsin, siyasi plüralizm, fikir azadlığı dərinləşsin, jurnalistlərin peşəkarlığı artsın, azad medianın dairəsi getdikcə genişlənsin. Mövcud konsepsiyanın həyata keçirilməsi bu siyasətin reallaşdırmasına gətirib çıxaracaq”.


Şöbə müdiri Milli Mətbuatın yaranmasının ildönümü ilə bağlı əfv fərmanının imzalanacağından da xəbərsiz olduğunu bildirib: “Məndə Əfv Komissiyasının iclaslarını keçirdiyi və hansısa təkliflər hazırladığı barədə məlumatlar yoxdur. Ancaq hər şey ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3412

Oxşar yazılar