“Azərbaycanın Rusiyaya qaz satması “Nabucco”nun imzalanmasında həlledici rol oynadı”
15 iyul 2009 19:00 (UTC +04:00)

“Azərbaycanın Rusiyaya qaz satması “Nabucco”nun imzalanmasında həlledici rol oynadı”

ABŞ Atlantik Şurasının Avrasiya Enerji Mərkəzinin eksperti Alexsandros Petersenin APA-nın ABŞ bürosuna müsahibəsi

- “Nabucco” layihəsinin reallaşması baxımından ayın 13-də Türkiyə ilə bir sıra Avropa Birliyi ölkələrinin imzaladığı hökumətlərarası müqavilə nə dərəcədə vacib idi?

- Ankarada keçirilən tədbirin fundamental məqsədi Türkiyə ilə tranzit dilemmasını həll etmək idi. İlk olaraq qaz hasil edən ölkələr ilə deyil, Türkiyə ilə anlaşma tapılmalı idi. Türkiyənin “Nabucco” layihəsində rolu nədən ibarətdir - tranzit ölkə olaraq enerji vasitəçisi və yaxud qaz alıb-satan ölkə? Əldə olunan nəticə isə ondan ibarətdir ki, ayın 13-də imzalanan müqavilə ilə Türkiyə Qərb Enerji Təhlükəsizliyi sistemində “Nabucco” layihəsinə tranzit ölkə qismində qatılır. Yəni boru ilə gələcək qazın 15 faizinin Türkiyədə qalması, hansısa xüsusi imtiyazların verilməsi kimi tələblər aradan götürülüb. Türkiyə Bakı-Tiflis-Ceyhan layihəsində olduğu kimi tranzit ölkə qismində çıxış edəcək. “Nabucco”nun reallaşması üçün ikinci vacib addım qaz istehsal edən ölkələrlə - Azərbaycan, Türkmənistan və ya İraqla müqavilənin imzalanması olacaq.

- Azərbaycanla Rusiyanın bir müddət əvvəl imzaladığı qaz müqaviləsi Ankarada baş verən imzalanma mərasiminə hər hansı bir təsir göstərdimi?

- Məncə bunu qeyd etməyə dəyər ki, rəsmi Bakının qeyd olunan addımı Türkiyə ilə bir sıra Avropa Birliyi ölkələrinin son razılaşmanı əldə etməsində həlledici rol oynadı. Azərbaycan müqavilə imzalamaqla Brüssel və Vaşinqtona ciddi siqnal yolladı ki, layihə ilə bağlı ciddi qərarın qəbul olunmasının vaxtıdır. Yoxsa siz Azərbaycanı itirəcəksiniz. Azərbaycanı itirsəniz, Türkmənistanı da itirəcəksiniz. İstənilən halda hesab etmirəm ki, Azərbaycanın layihədə iştirakı problem olacaq. Əlbəttə, Rusiya müdaxilə etməyə çalışacaq. Onlar Azərbaycanı inandırmağa çalışacaqlar ki, “Nabucco”ya imza atmasın. Doğurdan da “Nabucco”nun reallaşmasının ən çətin məqamı ikinci hissə olacaq. Bu hissə Türkmənistan və İraqın layihəyə qoşulmasıdır. Türkmənistanda layihəyə prezident Berdıməhəmmədövun dəstəyi lazımdır ki, ona da nail olmaq çətindir. Türkmənistan artıq Rusiyadan, Çindən maraqlı təkliflər alıb. Misal üçün Çin Cənub Yolotan yatağına 3 milyard dollar vəsait qoyub. Qərbin sərmayəsi isə sıfıra bərabərdir. Həmçinin rəsmi Aşqabad İrandan yaxşı təklif alıb. Gözlənilir ki, Hindistanla Pakistan da yaxın zamanlarda ortaya təkliflər qoyacaqlar. Amma Türkmənistan Qərblə də çalışmaq istəyir. Onlar Brüsselə xüsusi elçilərini yollayıblar. Ölkənin xarici işlər naziri bir müddət əvvəl Vaşinqtonda idi. Aydındır ki, onlar Qərblə dil tapmağa çalışırlar.

- “Nabucco”nun tikintisinə nə vaxt başlanacaq?

- Nəzərdə tutulub ki, boru 2014-ci ilə kimi inşa olunsun. Məncə, bu, bir az optimistik baxışdır və qeyd olunan tarixdən bir il sonraya və ya hətta bir az artıq müddətə baxmaq lazımdır. Əslində indi vəziyyət Azərbaycandan, yəni Azərbaycanla danışıqların necə gedəcəyindən asılıdır. Azərbaycanla, qaz istehsalçısı kimi tez bir zamanda müqavilə imzalansa, onda son illər ərzində buraxılmış fürsətlər bir kənara qoyulacaq və yeni gözəl məqam yaranacaq. Azərbaycanın tez müddətdə müqavilə imzalaması bütün layihəni irəliyə apara bilər. Əgər ləngimə olsa, onda dediyim tarixlər optimist görünəcək.

- Siz Azərbaycanda diplomatik xidmətin 90 illik yubileyinə həsr olunan “Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması” kitabını redaktə etmisiniz. Kitabın praktiki faydası nə olacaq?

- Kitabın yazılma ideyası Azərbaycan Diplomatik Akademiyasından gəldi. Məqsəd Azərbaycanın Xarici İşlər Nazirliyinin ən yüksən rəsmilərini bir araya gətirərək Dağlıq Qarabağ, enerji məsələləri, Avropa Birliyi, ABŞ-la münasibətlər və sair məsələlər ilə bağlı münasibətini açıqlamaq idi. Xarici işlər naziri Elmar Məmmədyarovla yanaşı, onun bütün müavinləri, Frederik Starr, Terri Adams kimi mütəxəssislər də Azərbaycanın xarici siyasəti ilə bağlı öz fikirlərini bölüşürlər. Bu bir növ rəsmi və qeyri-rəsmi mövqelərin təzahür tapdığı əsər idi. Kitab Azərbaycanın Sovet dövründən əvvəlki vaxtını, ADR-in fəaliyyətini əhatə edir. Lakin bu, tarixi kitab deyil. Əsər Azərbaycanın xarici siyasəti ilə bağlı konkret təklifləri əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039

Oxşar yazılar