“Şuşada Polad Bülbüloğlunun atasının evinə baş çəkdik”
04 iyul 2009 18:00 (UTC +04:00)

“Şuşada Polad Bülbüloğlunun atasının evinə baş çəkdik”

Azərbaycan nümayəndə heyətinin tərkibində Dağlıq Qarabağ və Ermənistana səfər etmiş Rövşən Rzayev: “Növbəti səfər daha geniş tərkibdə olacaq”

“Şuşanı inkişafsız bir şəhər kimi gördüm. Gözümə haradasa onadək ailə dəydi. Ola bilər, Şuşada uzaq başı min-min beş yüz adam yaşasın. Orada ancaq balaca bir evin damının tikildiyini görə bildim. Biz Şuşa məscidinə və Cıdır düzünə getdik. Sonra da Polad Bülbüloğlunun atasının evinə baş çəkib şəkillər çəkdirdik. Şuşadan nə daş, nə torpaq gətirdim, çünki Şuşaya qayıdıb orada yaşayacağıma inanıram”.

Bu sözləri APA-ya açıqlamasında Milli Məclisin üzvü, Azərbaycan nümayəndə heyətinin tərkibində Dağlıq Qarabağ və Ermənistana səfər etmiş Rövşən Rzayev deyib. Bu səfəri çox yüksək qiymətləndirən millət vəkilinin sözlərinə görə, bu səfər prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində həyata keçirilib: “Biz səfərə gedəndə müəyyən qədər təlimatlandırılmışdıq. Səfər zamanı proqramda nəzərdə tutulan bütün məsələlər baş tutdu. Danışıqlar normal keçdi. Biz öz səviyyəmizdə müzakirələr apardıq. Bu daşıqlar bizim icmanın gələcəkdə Qarabağa qayıtmasını təmin etməkdən ötrü atılan addımlardır”.

R. Rzayev aparılan danışıqlarla bağlı fikirlərini da açıqlayıb: “Ermənilər geri çəkilənə oxşayırlar, başa düşürlər ki, bunun geci-tezi var. Bizim səfərimizin məqsədi də o idi ki, bu onlara daha tez aydın olsun. Nümayəndə heyəti ilə Şuşada, Xankəndində, İrəvanda və Bakıda olduq. Ermənilər Bakını görəndə bir daha əmin oldular ki, Qarabağ probleminin həllinin uzadılması ilk növbədə onların özlərinin əleyhinə işləyir. Sülh müqaviləsi nə qədər tez bağlansa, onların inkişafı da bir o qədər tez başlaya bilər. Bakı ilə İrəvan arasında yerlə göy qədər fərq var”.

Millət vəkili nümayəndə heyətinin tərkibində Bakıya gəlmiş erməniləri şəhərdə gəzdirdiklərini, buradakı inkişafı onlara göstərdiklərini deyib: “Bakının əsas yerlərini onlara göstərdik, görməli yerləri gəzdirdik. Axşam isə “Yaxt-klub”da şam yeməyi verdik, sonra yola saldıq getdilər”.

R. Rzayev Dağlıq Qarabağa növbəti səfərlə bağlı danışıqların da aparıldığını bildirib: “Növbəti səfərlərlə bağlı danışıqlar aparıldı, razılıqlar verildi. Növbəti səfərlər daha geniş tərkibli olacaq. Lakin bunun nə vaxt baş tutacağı hələlik dəqiq deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2129

Oxşar yazılar