“Şuşanı yanmış, dağılmış gördüm”
04 iyul 2009 17:00 (UTC +04:00)

“Şuşanı yanmış, dağılmış gördüm”

Dağlıq Qarabağ və Ermənistana səfər etmiş Zahid Abbasov: “Sərkisyan özü də etiraf etdi ki, heç kim Azərbaycanın ərazi bütövlüyünə toxuna bilməz”

“Öz vətənini o cür görəndən sonra nə danışmaq olar? Şuşanı yanmış, dağılmış gördüm, hələ də özümə gəlməmişəm”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan nümayəndə heyətinin tərkibində Dağlıq Qarabağ və Ermənistana səfər etmiş Şuşa rayon İcra Hakimiyyəti mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov deyib. “Orada tanıdığınız erməniləri gördünüzmü” sualını cavablandıran Z. Abbasov “Tanışlar rast gəlsə də, yaxına buraxmırdılar, onlar dediyi yerlərə gedirdik, qrafikdən kənara çıxmaq olmazdı», - söyləyib.

Z. Abbasovun sözlərinə görə, onları ATƏT-in nümayəndələri müşayiət ediblər. O, səfərlərinə münasibətin müxtəlif olduğunu bildirib: “Bizim bu səfərimiz birmənalı qarşılanmır, hələ bir cürə düşünür, hələ bir cür yozur. Biz kiminsə qarşısında əyilməyə, kiminsə qarşısında qorxaqlığımızı bildirməyə getməmişdik. Əksinə, ona görə getmişdik ki, oraya getməyə qorxmadığımızı göstərək. Halbuki biz orada hər dəqiqə ölümlə üzləşə bilərdik. Amma kimlərsə düşünür ki, biz erməninin ayağına getmişik. Yox, mən erməninin ayağına getməmişəm, şuşalıyam, Şuşama getmişəm. Şuşa üçün nə lazımdırsa, mən onu etməyə hazıram – yanırsa, gedib söndürməliyəm, əkmək lazımdırsa, gedib suvarmalıyam, becərmək lazımdırsa, gedib gübrələməliyəm, 5 il döyüşmüşəm, döyüşmək lazımdırsa, yenə də döyüşməliyəm, nəyə gücüm çatırsa, eləməliyəm”.

Lakin Z. Abbasov bu gün dünyanın sivil qaydalarla hərəkət etməyi tələb etdiyini söyləyib: “Ona görə də mənə elə gəlir ki, bütün vasitələrdən istifadə etmək lazımdır, yalnız düşmənə əyilməməkdən başqa... Mən öz torpağımı tələb edirəmsə, gedib öz evimdə yaşamaq istəyirəmsə, bu, əyilmək deyil. Sən getmə, mən getməyim, bəs bunu kim etsin?”

“Görüşlərdə Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması məsələsi müzakirə olundumu” sualının cavabında Z. Abbasov bunun bir günün, bir görüşün işi olmadığını söyləyib: “Bunun üçün çox görüş lazımdır. Çünki uçurum çox böyükdür. Bizim üçün çox çətindir. Həm şəhərlərimiz dağıdılıb, həm ev-eşiyimizdən olmuşuq, həm minlərlə şəhid vermişik. Amma biz o torpaqlara qayıtmalıyıq. Bizim məqsədimiz odur ki, öz yurdumuzda yaşayaq. Nəyə görə mən ünvansız yaşamalıyam? Mənim pasportumda ünvanım Şuşa şəhəri, Təbriz küçəsi, 3 göstərilib. Mən öz ünvanımda yaşamaq istəyirəm, bunu tələb edirəm. Bizim əsas məqsədimiz odur ki, biz şuşalılar, o cümlədən bütün qarabağlılar qayıdıb öz yurdlarında yaşasınlar. İndi söhbət ondan gedir ki, biz bir yerdə, birgə yaşaya bilərik, yoxsa yox?”

Z. Abbasov Ermənistan prezidenti Serj Sərkisyanla görüşün detalları barədə maraqlı məqamlar açıqlayıb: “Şuşa Azərbaycanın olub, Azərbaycanın da olacaq. Ermənistan prezidenti ilə görüşdə o özü də etiraf etdi ki, Azərbaycanın ərazi bütövlüyünə heç kim toxuna bilməz. Ümumiyyətlə, biz görüşlərdə ərazi bütövlüyü məsələsini müzakirə etmirdik. Əsas məqsəd millətin geri qaytarılıb, bir yerdə yaşamasını müzakirə etmək idi. Əlbəttə ki, bunun üçün qoşunlar çıxmalı, digər məsələlər də həllini tapmalıdır”.

Z. Abbasov separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyana nisbətən S. Sərkisyanla görüşün mülayim keçdiyini, Ermənistan prezidentinin obyektiv fikirlər səsləndirdiyini deyib: “Bilmirəm, onun səmimiyyətinə nə qədər inanmaq olar, amma o özü də etiraf elədi ki, vəziyyətin düzəlməsinin tərəfdarıdır. Bako Saakyanın danışıqları və hərəkətləri isə anlaşılmaz idi”.

O bu səfərlərin nizamlanmanın həllinə təsiri barədə də fikirlərini açıqlayıb: “Düşünürəm ki, belə səfərlərin təsiri olacaq. Mən Sərkisyanla görüşdə də dedim ki, prezidentlərin Moskva görüşündən nəticə gözləyirəm. Onu da söylədim ki, mənim 5 nəvəm var, onlar hər səhər yuxudan duranda mənə deyirlər ki, “Baba Şuşaya nə vaxt gedirik, Şuşa haqqında dediklərini bizə nə vaxt göstərəcəksən?” Mən o uşaqlara cavab verə bilmirəm”.

Z. Abbasov S. Sərkisyanla görüşünü əks etdirən fotoda çox səmimi görünməsinə də aydınlıq gətirib: “Biz Sərkisyanla bir-birimizi əvvəldən tanıyırıq, bir yerdə işləmişik. Görüşəndə də tanıdı məni”.

Z. Abbasov bu səfərə dəvəti gecə saat 12-də aldığını və düşünmədən razılaşdığını da sözlərinə əlavə edib: “Qarabağın hər qarışını tanıyan adam kimi, bu işdə köməklik göstərməyə hər an hazıram”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788

Oxşar yazılar