Ann Dersi: “Azərbaycan dilində əsərlər oxuyuram” – MÜSAHİBƏ
02 iyul 2009 11:00 (UTC +04:00)

Ann Dersi: “Azərbaycan dilində əsərlər oxuyuram” – MÜSAHİBƏ

ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersinin APA-ya müsahibəsi

- Azərbaycanda çalışdığınız müddətdə iki ölkə münasibətlərində hansı dəyişikliklər baş verib?

- Azərbaycana 3 il öncə gəlmişəm. İki ölkə arasındakı münasibətlərin dərinləşdirilməsi və genişləndirilməsi sahəsində bir mandatla Azərbaycana təşrif buyurmuşdum. Azərbaycanla ABŞ çoxsaylı maraqları bölüşüb-paylaşır və güclü münasibətlərin qurulması hər iki dövlətin maraqlarına cavab verir. Bizim tərəfdaşlığımız enerji sahəsində - Bakı-Tiflis-Ceyhan layihəsindən başlayıb. ABŞ bu layihənin həyata keçirilməsi istiqamətində ciddi səylər göstərib. Azərbaycanın neft və qaz ehtiyatlarının beynəlxalq bazarlara çıxarılması Azərbaycana ciddi fayda gətirir, eyni zamanda bu, qlobal enerji təhlükəsizliyinə də öz töhfəsini verən bir amildir. Bizim enerji sahəsində mükəmməl olan tərəfdaşlığımız sonradan başqa sahələrə də yayıldı. Biz Azərbaycanla qlobal terrorçuluğa qarşı mübarizədə də səylərimizi birləşdirmişik və bu istiqamətdə tərəfdaşlıq edirik. Azərbaycanın İraqda, Kosovoda ümumi işə verdiyi töhfələri və hazırda Əfqanıstanda sülhməramlı əməliyyatda iştirakını çox yüksək qiymətləndiririk. Bundan başqa, biz Azərbaycanın NATO ilə fərdi tərəfdaşlıq proqramı çərçivəsində fəaliyyətinə də təkan vermişik, yardımlar göstərmişik, Azərbaycanın Xəzər hövzəsində dəniz hüdudlarını qoruması sahəsində imkanlarının artırılmasına dəstək vermişik. Hərbi sahədə ikitərəfli əməkdaşlığa dair işçi plan tərtib etmişik və bu planda əks olunan məqamlar Azərbaycanın NATO ilə fərdi tərəfdaşlıq proqramında əks olunan məqamlarla uzlaşır. Fərdi tərəfdaşlıq proqramı çərçivəsində biz ilk dəfə olaraq Azərbaycanla birgə hərbi təlimlər keçirmişik. Bununla yanaşı, iqtisadi tərəfdaşlıq üzrə birgə komissiya yaratmışıq ki, bu komissiyanın fəaliyyəti çərçivəsində ABŞ-ın Azərbaycanın iqtisadi inkişafına nə kimi yardımlar göstərə biləcəyi məsələsini müzakirə edirik. Artıq komissiyanın fəaliyyəti öz bəhrəsini verməyə başlayıb və Azərbaycan ABŞ-da mövcud olan ümumiləşdirilmiş preferensiyalar siyahısına salınıb ki, bu da öz növbəsində ticarət tarifləri sahəsində Azərbaycana fayda verir. Eyni zamanda biz texniki yardımlarımızı da davam etdirməkdəyik, Azərbaycanın özəl sektorunda rəqabət şəraitinin yaradılmasına təkan veririk və ölkənizin Dünya Ticarət Təşkilatına üzvlüyü prosesini dəstəkləyirik. Təhsil sahəsində də çox böyük önəm daşıyan anlaşma Memorandumuna imza atmışıq və daha çox azərbaycanlı tələbəni mötəbər “Fulbrayt” proqramı çərçivəsində ABŞ-a göndərəcəyik. Bununla yanaşı, ABŞ tələbələri də Azərbaycana gəlməkdə və Azərbaycan dilini öyrənməkdədir. Dövlət Departamenti tərəfindən həyata keçirilən zəruri dillər təşəbbüsü proqramı çərçivəsində Azərbaycana 8 tələbə təşrif buyurub. Bu proqram ABŞ-da “Dillərin təhlükəsizliyi” kimi tanınan proqramın ayrılmaz hissəsidir. Proqram çərçivəsində müəyyən dillərin siyahısı tutulub ki, Azərbaycan, ərəb, Koreya, benqal dilləri də bu siyahıdadır. Mədəniyyət sahəsində də mübadilə proqramlarımız bizim üçün çox ciddi önəm kəsb edir. Yadımdadır ki, 2007-ci ildə ilk dəfə məhz Azərbaycanda Artur Millerin “Körpudən görüntü” tamaşası səhnələşdirilmişdi. ABŞ Konqresi tərəfindən irəli sürülən, hazırda həyata keçirdiyimiz “Açıq Dünya” proqramı da var. Proqram çərçivəsində vətəndaşlar və peşəkarlar ABŞ-a səfər etmək və ABŞ-la daha sıx tanışlıq imkanı əldə edirlər.

- Azərbaycan dövləti və xalqı barəsində yeni nələr öyrəndiniz?

- Azərbaycanı tanımaq mənim üçün böyük sürpriz oldu. Azərbaycanın zəngin və qədim mədəniyyəti mənə çox böyük təsir bağışladı. Azərbaycan mənim üçün hələ tam aydın olmayan, tam açılmamış bir xəzinədir ki, dünya bu xəzinə haqqında daha çox bilməlidir. Azərbaycana gəlməzdən öncə onun strateji nöqteyi-nəzərdən çox vacib ölkə olduğunu, geostrateji mövqeyinin önəmini bilirdim. Azərbaycanla ABŞ-ın enerji sahəsində tərəfdaş ölkələr olduğunu və bu tərəfdaşlığın bizim üçün vacibliyindən xəbərdar idim. Bundan əlavə, Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə tanış idim. Lakin Azərbaycana gəldikdən sonra yeni məlumatlar da almağa başladım. Bu yenilik Azərbaycan musiqisi ilə bağlı idi. Həqiqətən də Azərbaycan muğamını, caz və muğam arasındakı sintezi və aşıq musiqisini özüm üçün kəşf etdim. Bu, mənim üçün çox xoş oldu. Azərbaycan dilini öyrənməyə də çalışdım və məhz dil bacarığı mənə Azərbaycanın poeziyası, ədəbiyyatı ilə tanış olmaq imkanı verdi.

- Azərbaycan əsərlərini orijinalda oxuyursunuz?

- Düzdür, Azərbaycan dilində oxumaq bir balaca çətinlik törədir mənim üçün. Müəllimlərimlə birgə oxuyuram əsərləri. Müəllimlərim mənə şeirlər, poemalar verirlər oxumaq üçün. Bu yaxınlarda Cəfər Cabbarlının “Sevil” pyesi ilə tanış oldum və onu Azərbaycan dilində oxudum. Bu əsər məndə böyük maraq oyatdı, ona görə ki, bu əsərdə Azərbaycan qadınlarının tarix boyu oynadığı rol göstərilir.

- Bəs Azərbaycanda olduğunuz müddətdə ölkədə demokratikləşmə prosesi necə inkişaf edib?

- Azərbaycan müstəqilliyinin ilk illərindən öz seçimini edib. Bu seçim demokratiya və bazar iqtisadiyyatına keçid, həmçinin avroatlantik təsisatlara inteqrasiyanı ehtiva edən inkişaf yoludur. Biz hesab edirik ki, məhz bu istiqamətdə inkişaf edən Azərbaycan uzunmüddətli perspektivdə öz müstəqilliyini, sabitliyini, təhlükəsizliyini, tərəqqisini qoruya biləcək. Bu yolla inkişaf Azərbaycanın məqsədidir, lakin digər bir amil də var ki, bir dövlət digər dövlətə öz idarəçilik sistemini ixrac edə bilməz. Biz başa düşürük ki, Azərbaycanın gələcəyini azərbaycanlılar özləri müəyyənləşdirir. Eyni zamanda, hər zaman qeyd etmişik ki, ABŞ-ın ən yaxşı tərəfdaşları bizimlə eyni dəyərləri bölüşən ölkələrdir. Uzunmüddətli inkişaf baxımından ən sabit dövlətlər məhz konsensus yolu ilə idarəçilik həyata keçirən, hökumətləri insanların iradəsi əsasında fəaliyyət göstərən və ümumbəşəri insan hüquqlarına hörmət edən dövlətlərdir. Biz anlayırıq ki, güclü demokratik təsisatların yaradılması və inkişafı vaxt istəyən, həm cəmiyyət, həm də hökumətdən çox güclü əzmkarlıq tələb edən bir prosesdir və demokratiya öz-özlüyündə daim təkmilləşən bir prosesdir. Hətta biz ABŞ-da bu gün də öz demokratiyamızı daimi olaraq yeniləşdirir və təkmilləşdiririk. Amerikalılar 4 iyulda Müstəqillik Gününü çox böyük qürur hissi ilə bir daha qeyd edəcək. Onlar ABŞ üçün fundamental prinsip olan bərabərlik və azadlıq prinsiplərinə riayət edərək ilk dəfə Afrika mənşəli amerikalını prezident seçiblər. Demokratik təsisatların yaradılması və inkişafı məsələsinə qayıdaraq demək istəyirəm ki, bu yola qədəm qoyduqdan sonra bu istiqamətdə irəliləmək lazımdır, yoldan çıxmaq olmaz. Biz bilirik ki, Azərbaycan çox mühüm potensiala malik olan dövlətdir və tam əminik ki, Azərbaycan hərəkət etdiyi yolda daha tez irəliləyə bilər. Bu barədə danışarkən media azadlığı məsələsinə toxunmaya bilmərəm. Bu sahədə müəyyən çətinliklər yaranır, lakin biz tərəfdaş olduğumuza görə bu kimi fikir ayrılıqlarını konstruktiv tərzdə çözməyə çalışacağıq. Bizim demokratiya anlayışımız ondan ibarətdir ki, azad media vətəndaşı zəruri məlumatlarla təmin edir və hökuməti vətəndaşlar qarşısında məsuliyyətli saxlayır. Jurnalistlər qorxu abı-havasında fəaliyyət göstərməməli, zorakılıqla qarşılaşmamalı, hədələnməməli, döyülməməli, siyasi motivlər əsasında həbs olunmamalıdır. Biz düşünmürük ki, böhtan halları cinayət hüququ çərçivəsində həll edilməlidir. Bu istiqamətdə çox müsbət addımlar atılıb. Bir neçə həftə öncə prezident Əliyev çıxışlarından birində demişdi ki, şər və böhtan hallarına görə jurnalistlər həbs olunmamalıdır. Bu bəyanatdan sonra biz jurnalistlərin həbsdən azad edilməsi hallarını müşahidə etdik.

- Gələn həftə prezident Barak Obama Rusiyaya səfər edəcək. O, rusiyalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin həllini və Qəbələ RLS-dən birgə istifadə məsələlərini müzakirə edəcəkmi?

- Bu görüş haqqında ətraflı məlumatım yoxdur. Hazırda görüşə hazırlıq işləri həyata keçirilir. Düşünürəm ki, iki prezidentlər dövlətlərarası münasibətlərə aid çoxsaylı məsələlərə toxunacaqlar. Xatırlatmaq istərdim ki, prezident Obama işə təzə başlayarkən prezident Əliyevlə telefon danışığı aparıb və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli yolunun tapılması istiqamətində ABŞ-ın daha intensiv fəaliyyət göstərmək niyyətini vurğulayıb. Dövlət katibi xanım Klinton da cənab Əliyevlə danışarkən bunu təkrarlayıb. Qəbələ RLS-ə gəldikdə isə, biz hər zaman vurğulamışıq ki, bu obyekt Azərbaycana məxsusdur və istənilən halda ABŞ və Rusiya Qəbələyə dair plan həyata keçirsələr, Azərbaycanla bu barədə məsləhətləşmə aparılmalıdır.

- ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi niyə Ermənistanı Dağlıq Qarabağla bağlı TŞ qərarlarını yerinə yetirməyə məcbur etmir?

- Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunmalıdır. Hərbi əməliyyatlara qayıtmaq faciəyə gətirib çıxara bilər. Mən Azərbaycanda olduğum dövrdə dəfələrlə qaçqınlarla görüşmüşəm, bu yaxınlarda Tovuza səfər edərkən Əlibəyli və Ağdam kəndlərində yaşayan, müharibənin acı nəticələrindən əziyyət çəkən insanlarla söhbət etmişəm. Yenidən vurğulamaq istərdim ki, münaqişə dinc yolla həll olunmalıdır, istənilən hərbi əməliyyat böyük fəlakətlərə gətirib çıxara bilər. İki tərəf son razılığa gəlib çıxmalıdır və ABŞ bu razılığa təkan verən tərəfdaş olaraq qalacaq.

- Azərbaycan xalqı Konqresin Dağlıq Qarabağa birbaşa yardım etməsini separatçılara dəstək kimi qiymətləndirir. Vaşinqton bu məsələyə yenidən baxacaqmı?

- Azərbaycanlılardan çoxsaylı şərhlər eşitmişəm. Bu məsələ ilə bağlı Vaşinqtondan məlumatlar da almışam. Konqresdən gələn məlumata əsasən, ABŞ Dağlıq Qarabağda yaşayan və münaqişədən əziyyət çəkənlərə müəyyən dərəcədə humanitar yardım göstərir. 1998-ci ildən etibarən Dağlıq Qarabağda yaşayan və münaqişədən zərər çəkən insanlara 30 milyon dollara yaxın humanitar yardım göndərilib. Humanitar yardımlardan danışarkən demək istərdim ki, bunlar minaların zərərsizləşdirilməsi, məktəblərin bərpası, ilkin tibbi yardımlar, kənd təsərrüfatı layihələrinə dəstək vermək kimi müxtəlif sahələri əhatə edir. Son samanlar bizim humanitar yardımlarımız minaların zərərsizləşdirilməsi və su təchizatı layihələrinə yönəlib. Hazırda 2010-cu maliyyə ilinə aid hesabatları və təqdimatları gözləyirik ki, yardımın miqdarının nə qədər olacağını görək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1351

Oxşar yazılar