İran səfiri Hidayət Orucovla görüşüb
27 may 2009 12:00 (UTC +04:00)

İran səfiri Hidayət Orucovla görüşüb

İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Baqir Bəhrami bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun qəbulunda olub. Görüşdə İranla Azərbaycan arasında qədim tarixə malik əlaqələrin hazırkı durumu barədə fikir mübadiləsi aparılıb.

Komitədən Lent.az-a bildiriblər ki, Hidayət Orucov Azərbaycanda dövlət-din münasibətləri haqqında səfirə ətraflı məlumat verib. Komitə sədri deyib ki, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət ölkədəki dini sabitlik üçün hərtərəfli qayğı göstərir. Onun sözlərinə görə, Azərbaycan dövləti təriqətlərüstü siyasət yürüdür və ölkəmizdə heç bir dinə münasibətdə müstəsna hallara, ayrı-seçkiliyə yol verlimir: “Azərbaycanın hər bir vətəndaşı dini etiqadda azaddır və onun hüquqları dövlət tərəfindən qorunur”.

Səfir Məhəmməd Baqir Bəhrami isə İran və Azərbaycan arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini bildirib. Azərbaycanı dost və qardaş ölkə kimi səciyyələndirən səfir “Azərbaycanın mənafeyini öz mənafeyimiz bilirik və inkişafına da öz uğurumuz kimi sevinirik” - deyib.

Görüşün sonunda Hidayət Orucov qonağı səfirlik fəaliyyətinə başlaması münasibətilə bir daha təbrik edib. Komitə sədri səfirin ölkəmizdə fəaliyyəti müddətində Azərbaycanla İran arasında münasibətlər daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826

Oxşar yazılar