“İlahiyyət camesi” fəaliyyətini davam etdirəcək
21 may 2009 16:30 (UTC +04:00)

“İlahiyyət camesi” fəaliyyətini davam etdirəcək

Danışıqlardan sonra bu qərara gəlinib

Bakıdakı “İlahiyyət camesi” ilə bağlı Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşavirliyi Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq “İlahiyyət camesi”nin fəaliyyətinin davam etdirilməsi barədə razılıq əldə olunub. Bu barədə Lent.az-a adının çəkilməsini istəməyən mənbə məlumat verib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Dini işlər üzrə müşaviri Müzəffər Şahin Lent.az-a açıqlamasında Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıq aparıldığını təsdiqləyib. “Biz məscidin müvəqqəti qapadılması ilə bağlı xəbəri alandan sonra Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsilə danışdıq. Oradan bildirildi ki, belə bir şey danışıq mövzusu deyil. Bu, bizə verilən rəsmi açıqlama idi. Biz də eyni şeyi söyləyirik ki, “İlahiyyət camesi”nin fəaliyyəti, orada ibadət davam edir”.

Məscidin sənədlərinin qaydasında olmamasına gəlincə, M.Şahin bunu da təsdiqləyib: “Hələ 1993-cü ildə “İlahiyyət camesi”nin inşaatına başlanarkən Yasamal rayonu İcra Hakimiyyətinin rəsmiləri tikinti işlərinin başlanmasına icazə verib. Bununla da məscid tikilib, tikinti bitdikdən sonra – 1996-cı ildən sonra da fəaliyyət göstərir. Sənədlərdə çatışmazlıq olması doğrudur. Məsələn, “Şəhidlər məscidi”nin sərəncamı var, ancaq “İlahiyyət camesi”nin sərəncamı yoxdur. Bundan başqa, bir sıra sənədlər də qaydasında deyil. Ümid edirəm ki, bütün sənədlər qaydaya salındıqdan sonra “İlahiyyət camesi” dövlət qeydiyyatından da keçəcək”.

“İlahiyyət camesi”nin imamı İbrahim Memiş də Lent.az-a açıqlamasında mayın 22-də məscidin fəaliyyətinin dayandırılmayacağını bildirib: “Məscid ibadətə açıq olacaq”.

Xatırladaq ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanalarının yerləşdiyi ərazidəki (“Tələbə şəhərciyi”) Türkiyə Diyanet İşləri Vəqfi tərəfindən tikilmiş “İlahiyyət camesi”nin fəaliyyətinin dayandırılacağını həmin məscidin imamı İbrahim Memiş mayın 19-da namaz zamanı elan edib. Bu barədə məlumatı ilk olaraq Lent.az yayıb.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1193

Oxşar yazılar