Azərbaycan prezidenti: “2010-cu il Azərbaycan üçün uğurlu keçib”
01 yanvar 2011 00:02 (UTC +04:00)

Azərbaycan prezidenti: “2010-cu il Azərbaycan üçün uğurlu keçib”

APA-nın xəbərinə görə, prezident Azərbaycan xalqını Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib. Ölkə başçısı 2010-cu ilin Azərbaycan üçün uğurlu keçdiyini bildirib.

Prezident deyib ki, ötən il dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında inkişaf olub. Bütün sosial proqramlar öz həllini tapıb, vəzifələr şərəflə yerinə yetirilib. İqtisadiyyat 5 fazi, əhalinin pul gəlirləri 12 faiz artıb, Azərbaycana 15 milyard dollar sərmayə qoyulub. Ölkənin valyuta ehtiyatları 20 milyadr dollardan 29 milyard dollara qalxıb.

Prezident bildirib ki, sosial sahədə də uğurlu inkişaf olub. Ötən il
45 səhiyyə müəssisəsi və 70 məktəb tikilib və təmir edilib, 5 olimpiya idman kompleksi tikilib, minimum əmək haqqı, təqaüdlərin artımı olub: “ Bu onu göstərir ki, bizim siyasətimiz sosial yönümlüdür”.

Prezident deyib ki, 2010-cu ildə siyasi proseslər müsbət istiqamətdə inkişaf edib, ölkədə demoktarik, şəffaf şəraitdə parlament seçkiləri keçirilib: “Bu isə onu göstərir ki, siyasi islahatların aparılması işində Azərbaycan uğurla inkişaf edir”.

Xarici siyasət sahəsində böyük uğurlara nail olunduğunu deyən prezident Azərbaycanın dostlarının, ölkəylə əməkdaşlıq etmək istəyənlərin sayının artdığını bildirib.

Ölkənin beynəlxalq təşkilatlarla əlaqələrinin qarşılıqlı hörmət, inam maraqlar üzərində qurulduğunu deyən prezident bu münasibətlərin möhkəmləndiyini vurğulayıb: “ 2010-cu ildə Avropa Parlamenti Dağlıq Qarabağ münaqisinə dair əhəmiyyətli və ədalətli qətnamə qəbul edib”.

Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan üçün ən böyük problem olduğunu deyən dövlət başçısı məsələnin sülh yolu ilə həllinə, ərazi bütövlüyünün bərpasına çalışdığını bildirib: “ Biz bu vəziyyətlə barışmayacağıq, heç vaxt Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Bu günükü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılıb. Heç vaxt Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik. Bu məsələ
yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır”.

Prezident bildirib ki, 2010-cu ildə çoxlu infrastruktur layihələri gerçəkləşib.

Nəqliyyat, inşaaat, elektrik enerjisi təminatı işlərinin gücləndirilməsi istiqamətində addımlar atılıb.

Gəmiqayırma zavodunun, Beynəlxalq Dəniz Limanının tikintisi başlayıb. Oguz-Qəbələ-Bakı su kəmərinin tikintisi gerçəkləşib.

Ölkə başçısı 2010-cu ilin ekologiya ili elan edildiyini, bu çərçivədə ölkə ərazisində 6 milyondan çox agac əkildiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, əhalinin içməli su ilə təmin edilməsi üçün sutəmizləyici qurğular tikilib ki, bunun da nəticəsində çay kənarında yaşayan 300 minə qədər əhali təmiz içməli su ilə təmin olunub.

2010-cu ildə neft-qaz sektorunda uğurlu nəticələr əldə olunduğunu vurğulayan dövlət başçısı ötən il 51 milyon ton neft,
27 milyard kub metr qaz hasil edildiyini qeyd edib. Ölkə başçısı dünyanın enerji təhlükəsizliyinə töhvə verən ölkəmizin etibarlı tərəfdaş olduğunu da söyləyib.

Yola saldığımız ildə Azərbaycanda böyük qaz yatağının kəşf edildiyini deyən ölkə başçısı bunun dünyada ciddi reaksiya doğurduğunu bildirib.

Azərbaycan diasporunun fəaliyyətinə toxunan ölkə başçısı “dünyadakı hər bir azərbaycanlı bilir ki, onun arxasında güclü, azad, müasir, qüdrətli Azərbaycan dövləti dayanıb. Onlar da yaşadıqları ölkələrdə Azərbaycanı təmsil edirlər” deyə, bildirib.

2010-cu ildə Azərbaycanda Dövlət Bayrağı Meydanının yaradıldığını deyən ölkə başçısı dünyanın ən böyük və ən hündür bayrağının ucadıldığını söyləyib: “Bizim bayrağımız bizim qürur mənbəyimizdir. Bu bayraq işğal edilmiş torpaqlarımızda qaldırılmalıdır və qaldırılacaq. Şuşada, Xankəndində bizim milli bayrağımız dalğalanacaq. Bu günə biz hamımız birlikdə nail olacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan bundan sonra da inkişaf və tərəqqi yolu ilə gedəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 659

Oxşar yazılar