Qənirə Paşayeva Böyük Britaniyanın Lordlar palatasının üzvü ilə görüşüb
13 dekabr 2010 09:28 (UTC +04:00)

Qənirə Paşayeva Böyük Britaniyanın Lordlar palatasının üzvü ilə görüşüb

Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən “İnsan alverinə qarşı Beynəlxalq Forum”da iştirak edən millət vəkili Qənirə Paşayeva forum çərçivəsində Böyük Britaniyanın Lordlar palatasının üzvü, Baronessa Mary Goudue ilə görüşüb.

Qənirə Paşayevanın Lent.az-a verdiyi məlumata görə, görüş zamanı o, Baronessa Mary Goudueyə Azərbaycan torpaqlarının 20 faizinin bu gün də işğal altında saxlanılması, 1 milyon azərbaycanlının öz yurd-yuvasına qayıda bilməməsi, Xocalı soyqırımı, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi istiqamətində heç bir addım atmaması və bölgədə gərgin olan vəziyyəti daha da gərginləşdirməsi ilə bağlı ətraflı məlumat verib.

Millət vəkili vurğulayıb ki, Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Dağlıq Qarabağ və ona bitişik Azərbaycanın daha yeddi rayonu ərazisində “boz” zona yaradılıb. Bu ərazi, o cümlədən Azərbaycan-İran sərhədinin faktiki olaraq Ermənistan tərəfindən nəzarət edilən hissəsi aktiv şəkildə narkotik maddələrin istehsalı, tranziti və ticarəti, silah və insan alveri, terrorçular üçün sığınacaq və transmilli cinayətkarlığın digər təhlükəli növləri üçün istifadə olunur. Azərbaycan prezidenti İlham Əliyevin və ölkə rəsmilərinin müxtəlif beynəlxalq tədbirlər çərçivəsində bu məsələləri mütəmadi qaldırmasını, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlərə milli və regional təhlükəsizliyin təminatı kimi baxdığını deyən Qənirə Paşayeva beynəlxalq ictimaiyyətin bu məsələlərə daha həssas yanaşmasını vacib sayıb.

Bölgədəki münaqişələrin həll olunmamasının narahatlıq doğurduğunu dilə gətirən Baronessa Mary Goudue münaqişənin tezliklə həll edilməsinin vacib olduğunu vurğulayıb. Görüş zamanı Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələrinin getdikcə daha da inkişafı ətrafında da fikir mübadiləsi aparılıb. Millət vəkili həmçinin Azərbaycanın iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyində oynadığı rol, mədəniyyətlər və sivilizasiyalar arası dialoq sahəsində görülən işlər barədə də Baronessa Mary Goudueyə məlumat verib. Baronessa Mary Goudue Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.

Görüşün sonunda Lordlar palatasının üzvü, Baronessa Mary Goudueyə Azərbaycanla bağlı xatirə hədiyyəsi və Azərbaycan həqiqətlərini və Mədəniyyətini özündə əks etdirən kitablar hədiyyə edilib. Millət vəkili Qənirə Paşayeva Baronessa Mary Goudueyeni Azərbaycana dəvət edib və o, dəvəti qəbul edib.

Görüşdə iştirak edən Rabitə və İnformasiya Texnologiyaları nazirliyi nəzdində yüksək texnologiyaların tədqiqi mərkəzinin direktoru, professor Sevda Abdullayeva isə Baronessa Mary Goudueyə yüksək texnologiyalar sahəsində Azərbaycanda görülən işlər, bu sahədə aparılan uğurlu beynəlxalq əməkdaşlıq məsələləri barədə ətraflı məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 926

Oxşar yazılar