Heydər Əliyevin vəfatından yeddi il ötür
12 dekabr 2010 10:38 (UTC +04:00)

Heydər Əliyevin vəfatından yeddi il ötür

APA-nın məlumatına görə, bu gün Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunacaq.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə qurumun sədri vəzifəsində işləyib, təhlükəsizlik orqanlarında general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə Leninqradda xüsusi ali təhsil alan Heydər Əliyev 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və sabiq SSRİ-nin rəhbərlərindən biri olub.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov. İKP MK Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edən Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan görkəmli ictimai-siyasi xadim ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin il həmçinin Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilər nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti postuna seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1411

Oxşar yazılar